Gədəbəy ilbəil ucalır

 

Ötən il dağlar diyarı üçün dövlət başçısı İlham Əliyevin bu yerlərə səfəri ilə əlamətdar oldu. Prezident sərhəd bölgəsində inşa edilmiş çox mühüm obyektlərə baxmışdır. "Çolpan" çayı üzərində tikilmiş strateji əhəmiyyətli körpünün, qızıl zavodunun, tərəvəz saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarının, süd emalı fabrikinin, habelə "Aşıq musiqi" məktəbinin açılışında, Gədəbəy-Novosaratovka-Qaravəllilər avtomobil yolunun təməlinin qoyulmasında iştirak etmiş, Heydər Əliyev parkında və ümumən rayon üzrə aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuşdur.

2013-cü ildə də Gədəbəy rayonunda iqtisadiyyatın tərəqqisi və sosial quruculuq sahəsində mühüm işlər görülmüşdür. Bu barədə ötən ilin sosial-iqtisadi inkişafın yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunarkən geniş danışılmışdır. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun məruzəsində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları ilə əlaqədar olaraq il ərzində görülən işlər ətraflı təhlil edilmiş və qarşıda duran vəzifələr göstərilmişdir. İstər icra başçısının hesabat məruzəsində, istərsə də ayrı-ayrı natiqlərin çıxışlarında qeyd olundu ki, dövlət başçısının qayğısı və köməyi sayəsində Gədəbəy rayonu sürətlə inkişaf edir. İstər iqtisadiyyatın tərəqqisi, istərsə də abadlıq və quruculuq sahəsində böyük işlər görülür.

Rayon üzrə 367 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,7 dəfə çoxdur. İl ərzində təqribən 200 min ton kartof, çoxlu taxıl, meyvə-tərəvəz və heyvandarlıq məhsulları istehsal edilmişdir. Rayonda adambaşına düşən məhsul istehsalı son on ildə 7,2 dəfə artaraq 349 manata çatmışdır. Gədəbəy bir sıra məhsul növləri üzrə özünü təmin edir və hər ay Bakı yarmarkalarına kartof, kələm, tərəvəz, meyvə və heyvandarlıq məhsulları yola salır.

Son illərin ən xarakterik cəhəti budur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar kənd təsərrüfatı ilə yanaşı sənaye sahələri də sürətlə inkişaf edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son bir neçə il ərzində sənaye məhsulunun istehsalı 80 dəfə artmışdır. 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar olaraq bu sahədə daha böyük işlərin görüləcəyi gözlənilir.

Gəlir, qazanc çoxaldıqca rayonda abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilir. Son vaxtlarda mənzil fondunun ümumi sahəsi 48,5 faiz artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 40 mənzilli 2 yaşayış binası, habelə, müxtəlif kəndlərdə onlarca fərdi evlər tikilmişdir. Daha 54 mənzilli 2 binanın inşasına hazırlıq görülür. Sərhəd bölgəsində məktəb tikintisi geniş miqyas almışdır. Son illərdə onlarca yeni məktəb binası inşa edilmişya əsaslı surətdə təmir olunmuşdur. İl ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, rabitə xidməti sahəsində də müəyyən işlər görülmüşdür.

Toplantıda müsbət işlər qeyd edilməklə yanaşı, əsas diqqət həlli vacib problemlərə yönəldildi. Öncə rayon baytarlıq idarəsinin ünvanına ciddi tənqidlər söyləndi. Dedilər ki, kollektivdə əmək intizamı zəifdir, sanitariya tələblərinə əməl olunmur. Yolların kənarlarında həkim nəzarətindən keçməyən heyvanlar kəsilərək satılır. Mal-qara arasında vaxtlı-vaxtında peyvənd aparılmır. Bürselyoz xəstəliklərinin yayılması müşahidə olunur.

Qeyd edidi ki, son vaxtlarda müəyyən işlərin görülməsinə baxmayaraq bəzi xidmət sahələrinin vəziyyəti də qeyri qənaətbəxşdir. Telekommnikasiya qovşağının rəisi Ramin Məmmədovun, elektrik şəbəkəsinin rəisi Vaqif Hüseynovun, mərkəzi xəstəxananın baş həkimi Ramiz Pirverdiyevin ünvanlarına ciddi tənqidlər deyildi.

Ramiz Yediyarov ölkənin surətli inkişafı ilə əlaqədar olaraq qarşıda duran vəzifələr barədə danışarkən dedi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqlamlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev ümumən ölkənin, o cümlədən regionların sürətli inkişafı üçün çox mühüm məsələlər qaldırmışdır. Dövlət başçısı demişdir: "Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz  buna diqqət göstərməliyik... Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Müəyyən işlər görülübdür. Ancaq daha da konkretciddi təkliflər verilməlidir ki, biz bu ixtisaslaşmanı formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni burada belə kortəbii yanaşma qəbuledilməzdir. Hər bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi yanaşma tərzi olmalıdır".

Dövlətin göstərdiyi qayğı və kömək sayəsində fermerlərin fəaliyyəti genişlənir, məhsul istehsalı ilbəil artır. İstər məruzəçi və istərsə də məruzə ətrafında çıxış edən kənd sakinləri dedilər ki, əsas problemlərdən biri məhsulun satışı ilə bağlıdır. Gədəbəyin kartof becərənləri hər il bazarlara yüz tonlarla məhsul çıxarırlar. Bəlli olduğu kimi, Gədəbəy kartofu keyfiyyətinə görə xüsusilə fərqlənir. Fürsətdən istifadə edən bəzi işbazlar kənardan gətirilən məhsulu Gədəbəy kartofu adı ilə satırlar. Ona görə də yerlərdə "fermer mağazaları" və "yaşıl marketlər"in açılması üçün müvafiq şəraitin yaradılması vacibdir. Gədəbəy fermerləri istəyirlər ki, onların kartofu kənardan gələn ucuz, dadsız-tamsız məhsulla qarışmasın. Bir halda ki, dövlət başçısı bölgələr üzrə ayrı-ayrı məhsul növlərinə görə ixtisaslaşmanın aparılmasını zəruri sayır. Bu, tarixən kartof ustaları kimi tanınan gədəbəylilərin ürəyindən xəbər verir. Onların fikri belədir: "Elə etmək lazımdır ki, Gədəbəy kartofunun şöhrəti qayıtsın, qorunsun".

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqlamlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev istər cari il, istərsə də gələcək üçün sürətli inkişafın çox geniş proqramını vermişdir. Bu proqramın icrası üçün sərhəd bölgəsində yerləşən Gədəbəy rayonunda da bir sıra mühüm işlər görülməlidir.

Dövlət başçısının sərəncamları ilə inşa olunan Gədəbəy-Novosaratovka-Qaravəllilər, Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağdaşlar avtomobil yollarının çəkilişi başa çatdırılacaqdır.

Heydər Əliyev parkında quruculuq işlərinin davam etdirilməsi, rayon mərkəzində Dövlət Bayrağı meydanının, Heydər Əliyev Mərkəzinin, gənclər evinin tikilməsi nəzərdə tutulub. İl ərzində min nəfər tamaşaçı tutan "Amfiteatr", Samanlıq, Arıqdam, İsalı və Moruqlu kəndlərində məktəb binaları istifadəyə veriləcəkdir. Rayonun ən mühüm problemi işıq, qazsu- kanazasiya ilə bağlıdır. Cari ildə bu məsələlərin həlli üçün ciddi işlər görüləcəkdir. 110 kilovoltluq Zəyəm-Gədəbəy hava elektrik xəttinin tikilişinin başa çatdırılması sərhəd bölgəsi üçün layiqli töhfə olacaqdır.

Toplantıda bir fakt da qeyd olundu ki, son vaxlarda müəyyən işlərin görülməsinə baxmayaraq rayon üzrə qazlaşmanın səviyyəsi yaşayış məntəqələrində 23,8, ev təsərrüfatları üzrə isə 37 faiz təşkil edir. Bütün ölkə üzrə qazlaşmanın 90 faizə çatdığı bir dövrdə sərhəd bölgəsində yerləşən Gədəbəydə bu məsələyə xüsusi fikir verilməli, Moruqlu, Nərimankənd, Samanlıq, Qoşabulaq-Miskinli, Çalburun, Çaldaş, Səbətkeçməz, Əlinağılar, Söyüdlü kəndlərinin qazlaşdırılması işlərinə başlanılmalıdır.

 Toplantıda Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Prezident Administirasiyasının məsul işçisi Habil Əzənmətov çıxış edərək keçən il dağlar diyarı Gədəbəydə görülən işləri yüksək dəyərləndirmiş, qazanılan uğurların cari ildə daha da artırılması üçün kifayət qədər imkan və şəraitin olduğunu diqqətə çatdırmışlar.

İrəli sürülən tövsiyə və tapşırıqlarla əlaqədar cari il üçün tədbirlər planı təsdiq edilmiş, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.-18 fevral.-S.11.