Dövlət qayğısı laçınlıların qələbə əzmini artırır

 

Regionların sosial-iqtisadi inkişafına dövlətin davamlı qayğısı ölkənin bütün bölgələrində olduğu kimi laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə xüsusi qayğı və diqqətindən, dövlətin artan iqtisadi  qüdrətindən güc alan laçınlılar bir vaxtlar ilan mələyən yerləri indi gülzara döndərmişlər.

Laçınlı məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, dolanışıq səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçısının tapşırıq və tövsiyələri əsasında geniş miqyaslı işlər görülmüşdür. Laçın rayonu üzrə 2013-cü ildə görülmüş işlərə və 2014-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışılmışdır. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov Prezident İlham Əliyevin laçınlılara xüsusi münasibətini dönə-dönə minnətdarla vurğulamış, rayonun sosial-iqtisadi həyatında qazanılan uğurlarda bu münasibətin başlıca amil olduğunu qeyd etmişdir. Natiq minnətdarlıqla bildirmişdir ki, 2001-2013-cü illərdə 7 çadır düşərgəsi və 12 fin tipli qəsəbə Prezident İlham Əliyevin tapşırığı ilə ləğv edilərək qaçqın və məcburi köçkünlər üçün 82 yeni qəsəbə və məhəllələrdə 40 min mənzil tikilmiş, son on ildə 120 məktəb, 6 müsiqi məktəbi, 33 uşaq baxçası, 37 tibb müəssisəsi məcburi köçkünlərin istifadəsinə verilmişdir. Təkcə 2013-cü ildə 20 min məcburi köçkün yeni  mənzillərə köçürülmüşdür. Məcburi köçkünlərin sosial müdafiəsinin təmin olunması üçün ümumilikdə indiyədək 4.4 milyard manat vəsait xərclənmişdir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizə düşmüşdür.

Yığıncaqda qeyd edilmişdir ki, 2013-cü il Laçın rayonu sakinləri üçünuğurluyaddaqalan olmuşdur. Dövlətin laçınlı məcburi köçkünlərə qayğısının göstəricisidir ki, 2013-cü ildə Abşeron rayonu ərazisində inşa olunmuş Gənclər şəhərciyində 37 ailə, Mehdiabad yaşayış massivində 158 ailə, Masazır qəsəbəsində 24 ailə, Bərdə rayonunda 41 ailə, Qəbələ rayonunda 21 ailə, cəmi 285 ailə yeni mənzillərə köçürülmüşdür.

Taxtakörpü ərazisindəki Qayğı qəsəbəsində abadlıq və təmir işlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 2013-cü ildə Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə bir sıra tikinti-abadlıq işləri görülmüşdür.

Hesabat ilində təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər, mövcud nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər sayəsində 2013-cü ildə rayonun ümumtəhsil məktəblərində müsbət göstəricilər əldə olunmuşdur. Xüsusilə, ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələrinə görə Laçın rayonunun respublika üzrə doqquzuncu yeri tutması, rayonun məzunlarından 206 nəfərin ali məktəblərə qəbulu, 32 nəfərin 500-dən, 9 nəfərin isə 600-dən yuxarı bal toplaması, tələbə adı qazanmış bir nəfərin Prezident təqaüdünə layiq görülməsi, bir müəllimin Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunması 2013-cü ildə əldə olunmuş ən böyük uğurlardandır. Yuxarı sinif şagirdləri arasında hərbi vətənpərvərlik mövzusunda söhbətlərin aparılması, hərbi hissələrə ekskursiyalarının təşkili və Qarabağ döyüşçüləri ilə keçirilən görüşlər gənc nəsldə vətən sevgisini, doğma torpaqların işğaldan azad edilməsi uğrunda mübarizə əzmini artırır. Bunun məntiqi nəticəsidir ki, 2013-cü ildə 3 nəfər laçınlı məzun Heydər Əliyev adına Hərbi Akademiyaya, 7 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə daxil olmuşdur. Laçın Rayonu İcra Hakimiyyəti isə hərbi akademiyalarda təhsil alan hər bir laçınlı tələbəyə ayda 200 manat, liseydə oxuyan tələbələrə isə ayda 100 manat məbləğində maddi kömək göstərməyi qərara almışdır. Sözügedən təşəbbüs böyük rezonans doğurmuş, ictimaiyyət tərəfindən müdafiə olunmuşdur.

Tarixə çevrilən 2013-cü il laçınlı məcburi köçkünlərə göstərilən səhiyyə, mədəni və nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi ilə də əlamətdardır. Ötən il aqrar sahədə də böyük uğurlar qazanılmış, taxıl, ət, süd, yun və digər kənd təsərrüfatı məhsulları istehsalında xeyli artıma nail olunmuşdur.

İndi laçınlıları 2014-cü ilin vəzifələri düşündürür. Prezidentin sərəncamına və Dövlət Proqramına edilmiş əlavələrə əsasən bu il ağır şəraitdə yaşayan ailələr üçün 1500 evin tikilməsinə başlanacaqdır. 552 ailəlik qəsəbənin telefonlaşdırılması və burada içməli suya olan tələbatın ödənilməsi məqsədilə əlavə su xəttinin çəkilməsi nəzərdə tutulur. Şeylanlı, Fingə, Qarakeçdi, Sadınlar obalarında yolların təmiri də cari ilin qayğıları sırasındadır.

Müvəqqəti məskunlaşdıqları ərazilərdə dövlətin qayğısı ilə yaşayış üçün ən ideal şərait yaradılsa belə, laçınlıların həsrətinə son qoyulmayıb. Onlar doğma yurd yerlərinə dönəcəkləri günü səbirsizliklə gözləyirlər. İnanırlar ki, Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət, bütün dünyaya nümayiş etdirdiyi qətiyyət və yenilməz iradə, ən başlıcası isə hər gün gücü daha da artan milli ordumuzun qüdrəti böyük qələbəni tezliklə gerçəkliyə çevirəcəkdir.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.-18 fevral.-S.11.