Əsrlərin hikmətindən yoğrulan şeirlər
Böyük türk abidəsi "Kitabi-Dədə Qorqud"dan sonra tərcüməsiz, şirin türk dilində oxuya və anlaya bildiyimiz ən böyük abidəmiz, türk ədəbiyyatının, poeziyasının sufisi və mütəsəvvüfü hesab edilən Yunus İmrədir. Yazıb-yaratdığı hər misra Anadolu türkcəsinin və türk xalqlarının çox qiymətli dil xəzinəsidir.
XII yüzilliyin yetirdiyi Yunus İmrə türk-islam sivilizasiyasının inkişafına böyük töhfə vermişdir. İlahi varlığa yaxınlığın yolları, insanların könül dünyasında Allah sevgisi yaratmaq, onları haqq yoluna çağırmaq şairin yaradıcılığının əsas mövzusu idi. Zəmanəsində ədəbi-bədii mühitdə, poeziyada daha çox ərəb-fars dili hökmran idi. Şairlər, söz adamları divanlarını, qəzəllərini, məsnəvilərini ərəbcə, farsca yazırdılar. Yunus İmrə isə mənsub olduğu xalqın dilindən bəhrələndi, XIII əsr türkcəsinin çöhrəsini açdı, şeirlərində türk dilini canlı-canlı, aydın, işıqlı əks etdirdi. Sevdiyi türk dilinin yazı dili, ədəbi-bədii, sənət və mədəniyyət dili olduğunu sübut etdi. Həmçinin o, türk-islam dünyasının saysız-hesabsız şair, elm adamları içərisində adı ehtiramla çəkilən sufilərdən, təsəvvüfçülərdən və vəhdəti-vücud fəlsəfəsinin davamçılarından biri idi. Həm yaradıcılığı, həm düşüncəsi ilə.
XIII yüzillikdə Anadoluda yeni türk ədəbi dilinin meydana gəlməsində Yunus İmrənin əvəzsiz rolu olmuşdur. Azərbaycan dilinə daha yaxın olan qədim Anadolu türkcəsini son dərəcə cilalanmış bir şəkildə, sevə-sevə işlədən, inkişaf etdirən böyük şairin dilində ümumtürk dili özünün ən gözəl şəklini almışdır. Mütəxəssislərin fikrincə, türk, Azərbaycan və türkmən ədəbiyyatı onun yaradıcılığından xeyli bəhrələnmişdir. Xüsusən də o, şeirlərində xalq danışıq dilini qoruyub saxlamış, onu ədəbi dilin normalarına uyğunlaşdırmışdır. Şeirləri türk xalqlarının yaratdığı minillərin hikmətindən yoğrulub, Anadolu və azəri türkcəsini formalaşdırıb. Əsrlərdir Yunus İmrə poeziyası özündən sonra gələn şairlərin yaradıcılığında yaşayır, aşıqların dilində dastana çevrilib, dini bayramlarda mövludnamə kimi oxunur. Çünki onun yaradıcılığı bütün zamanların insanına, yaşamına və həyəcanlarına xitab edir:
Bən Yunusi-biçareyim,
Aşk elinden avareyim.
Başdan-ayağa yareyim,
Gel gör bana aşk
neyledi.
Təsəvvüf - varlığın mövcud
olma səbəbini kamil insana bağlamış,
şəxsiyyətin yetişdirilməsinə
həsr olunmuş elmdir. Əsasını islam dini təşkil etməklə
qədim Misir, yunan, İran və hind mədəniyyət
sahələrinin islamdan
əvvəl mistik təlimləri, məhəlli
din və etiqadları
təsəvvüfü formalaşdırmışdır.
Bu elmə vaqif
olanlar kamilliyə çatmış, əxlaqi
naqisliklərdən uzaq,
müqəddəs məqsədlərinə
çatmaq üçün
ən ağır sınaqlara hazır olan insanlardır. Müsəlman Şərqində yetişən dahi insanların çoxu təsəvvüf məktəbini
keçmiş, bu elmin müridləri olmuşlar. Onlardan biri də düşüncələrini
dövrün türk təsəvvüf mədəniyyəti
çərçivəsində ifadə edən sufi şair
Yunus İmrədir. O,
şeirlərində istər
təbiəti, cəmiyyəti,
insanı, istərsə
də daşı, quşu belə ifadə edərkən ona əxlaqi, hikmətamiz məzmun verir, ilahi eşqə
bağlayır. Yunus İmrə islam
təsəvvüfünün ən dərin mətləblərini incəliklərinə
qədər sadə Anadolu ləhcəsində
anlatmış böyük
türk-müsəlman şairidir.
Məni
məndən sorma, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri...
Mövlana Cəlaləddin Rumi fəlsəfəsini dərindən
mənimsəmiş haqq
aşiqi özü də coşqun vəhdəti-vücudçu olmuş
və Rumi kimi, bütün insanları bir bərabərdə tutmuşdur. Lakin haqq
diləyib də onu özündən qıraqda, başqalarında
axtaranlara acımış,
gözlərinin önünü
kəsmiş cahillik pərdəsini qaldırmağa
çalışmışdır. Yəni mənim var olmağım zahirimdə deyil, batinimdədir. İnsan özündən
içəridə olandır, -demək istəmişdir.
Yunus İmrənin
duyğu və düşüncəsindəki mədəniyyətin
qaynağında iman,
Allah sevgisi, insan sevgisi, sufilik dayanır. Onun anlayışına görə hər insanda Allahın bir zərrəsi var. Bu üzdən "Yaradılanı
sevdim Yaradandan ötrü" söyləmiş.
Türklüyə və milliliyə
köklənən sufi şairin şöhrəti Anadolunu,
Rum elini, Asiyanı, eləcə də Azərbaycanı bürümüşdür.
Həyatı boyu ilahi eşq atəşi ilə yaşayan şair Allah sevgisini və bu sevginin
istisinə necə sığınmağı insanlığa
çatdırmışdır. Şeirlərində özünü
qul Yunus, aşiq Yunus, dərviş Yunus, miskin Yunus, qoca
Yunus, bəzən də Yunus Əmrə
kimi təqdim edən şair daha çox heca vəzninin bütün formalarında
yazmışdır. Onun
beş, altı, yeddi, səkkiz, on bir, on dörd və on altılıq şeirləri
türk xalqları arasında geniş yayılmışdır. Yunus
İmrə şeirlərini
ilk tədqiq edənlərdən
olan Əmin Abid onun yaradıcılığını
Orxan-Yenisey abidələrinə,
Mahmud Kaşğarlının "Divanü-Lüğət it-Türk"
əsərindəki şeirlərə,
Şah İsmayıl Xətainin, Aşıq Kərəmin, Qaracaoğlanın,
Cövhərinin, Dərdlinin,
Koroğlunun, Aşiq Ömərin, Məhtimqulunun
şeirlərinə bənzətmişdir.
Sərhədlər, qanunlar, qadağalar
tanımayan mədəniyyət
Yunus İmrənin də yaradıcılığına
mane ola bilməyib.
Şeirləri bütün
maneələri aşaraq
dünyaya yayılıb,
türk xalqları arasında sevginin, birliyin qopmamasına yardım edib, dil birliyini öyrədib,
bir-birinə bağlayıb.
Yaradıcılığı əsasən məsnəviyyatdan,
qəzəllərdən və
ilahiləri özündə
birləşdirən divandan
ibarət olub, "Risalətun-nushiyyə" nəsihətnaməsində
rəhmani və şeytani qüvvələrdən,
qənaət və səbrin əhəmiyyətindən
bəhs olunur, torpağın, suyun, havanın və odun vəhdətindən cahanın yarandığı
bildirilir.
Divanı eşq fəryadlarıyla doludur. "Üregine eşq
odın vurmayan aşiqmidir?!" deyə zəmanəsinə
sorur. Eşq şərabını içib içəli ahu-zar olan şair
aşiqin diliylə
"... var eşqin rənginə boyan" söyləyir. Yəni, haqqa
yetişən kamil insanın yolu, varlığı ilahi eşqin dərkindən keçir. Ondan sonra yaşayan
şairlərin şeirlərinə
nəzər salsaq görərik ki, onlar da Yunus
İmrə kimi düşünmüş, "həyatın əzəli
eşqdir" demişlər.
Eşq oduna yananların külli vücudu nur olur,
Ol od bu oda bənzəməz,
hiç
bəlürməz zəbanəsi.
Yunus İmrə
yaradıcılığı, şeirləri XX əsrin əvvəllərindən başlayaraq
Azərbaycanda sevilə-sevilə
oxunmuş, öyrənilmişdir. Sovet rejiminin
qadağaları Azərbaycan
xalqının qəlbindəki
türklük sevdasını
məhv edə bilmədi. Böyük
maarifçilər, işıq
ürfanlarımız Abdulla Şaiqdən, Əmin Abiddən, Salman Mümtaz, Hənəfi Zeynallı və F.Köprülüdən tutmuş
ən müasir araşdırıcılara, ədəbiyyatşünaslara
qədər Yunus İmrə irsini öyrənmiş, türk
sufi şairinin qəlbindəki ilahi eşqi, aydın türk ləhcəsinin şirinliyini, imanı, kamilliyi bizə çatdırmışlar. Bu əfsanəvi
insana sevgi o qədər böyük olmuşdur ki, türkdilli xalqların düşüncəsində Yunus
İmrə əfsanələşib,
sanki hər yerdə Dərviş Yunusun məzarı var. Böyük şairimiz Bəxtiyar Vahabzadə türk xalqlarının Yunus İmrə sevgisini belə ifadə edirdi:
Hər gün qazılır çünki könüllərdə
məzarı,
Otlarda, çiçəklərdə
və güllərdə
məzarı.
Əfsanəmi, gerçəkmi, bir insan neçə insan?
Varlıq səsidir, o qopmuş Türkün qopuzundan.
Rəsmiyyə QARAYEVA,
Azərbaycan.-2014.-18 fevral.-S.12.