Drezdenin ictimai nəqliyyatında
Xocalı soyqırımına
həsr olunmuş
videoçarx nümayiş etdirilir
Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər və aksiyalar keçirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımını əks etdirən videoçarxın nümayişini təşkil etmişdir. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-də və 16-da gün ərzində 5 dəqiqədən bir Xocalı soyqırımı ilə bağlı 20 saniyəlik videoçarx göstərilmişdir. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı faciəsinin baş verdiyi tarix göstərilmişdir. Həmçinin "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin qurbanlarını anır", "Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8", "Azərbaycana qarşı insanlıq faciəsi" yazıları bir-birini əvəz etmişdir. Videoçarx fevralın 25-dən 27-dək gün ərzində nümayiş etdiriləcəkdir.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimi də təşkil olunmuşdur. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara məlumat vermişdir.
Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və ona siyasi-hüquqi qiymət verilməsinin vacibliyini vurğulamışdır. Hazırda işğalçı Ermənistanın prezidenti S.Sarkisyanın bu soyqırımıda bilavasitə iştirakı və onun insanlığa sığmayan bu cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməsi qəti şəkildə pislənilmişdir.
Anım mərasimində Almaniyada
yaşayan soydaşlarımızla
yanaşı, bu ölkənin ictimaiyyətinin
nümayəndələri və digər xalqların təmsilçiləri
də iştirak etmişlər.
Azərbaycan.-2014.- 18 fevral.- S.7.