Prezidentin əhalinin sağlamlığının qorunmasına dair

 tapşırıq və göstərişləri uğurla icra olunur

 

Gəncə

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Gəncə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Son illər Gəncənin səhiyyə ocaqlarında aparılan yenidənqurma işlərindən, eləcə də tibbi müayinələrin mütəşəkkil keçirilməsi üçün görülən hazırlıqdan danışan şəhər icra hakimiyyəti başçısının müavini Nizami Hacıyev demişdir ki, qısa vaxt ərzində tibb müəssisələri yenidən qurulmuş, xəstəxana və poliklinikaların maddi-texniki bazası möhkəmləndirilmişdir. Gəncədə Mərkəzi Klinik Xəstəxananın fəaliyyətə başlaması, Abbas Səhhət adına xəstəxananın, yoluxucu xəstəliklər xəstəxanasının, 6 saylı şəhər poliklinikasının, uşaq stomatoloji poliklinikasının əsaslı təmiri, eləcə də ölkə əhalisinin tibbi müayinədən keçirilməsi istiqamətində başlanan aksiya dövlət başçısının insanların cansağlığının qorunması istiqamətində atdığı əməli addımlardandır. Aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, komissiyaişçi qrupu yaradılmışdır. Müayinələrin şəhərdəki  səhiyyə ocağında keçirilməsi nəzərdə tutulmuşaksiyaya tibbin bütün sahələri üzrə 400 nəfərədək həkim cəlb edilmişdir.

Sonra tibbi müayinələrin keçirildiyi 3 saylı poliklinikada olduq. Poliklinika 20 min 120 nəfərə, o cümlədən 5 orta məktəb, 4 uşaq bağçası və 5 min nəfərə yaxın işçisi olan Gəncə Avtomobil Zavoduna xidmət göstərir. Adi günlərdən fərqli olaraq, poliklinikada böyük izdiham yaşanırdı. İnsanlar ölkə başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmaq üçün qeydiyyatdan keçir və həkimlərin qəbuluna yollanırdılar. Burada onlar terapevtlər, nevropataloqlar, kardioloqlar, stomatoloqlar, oftalmoloqlar tərəfindən hərtərəfli müayinə olunur, eləcə də ultrasəs müayinələrindən keçir, sağlamlıqları ilə bağlı məlumat əldə edirdilər.

Şəhərin 1, 2 və 6 saylı poliklinikalarında, eləcə də nikah və ailə məsləhətxanasında da eyni vəziyyətlə qarşılaşdıq. 2 saylı poliklinikanın şöbə müdiri Rüxsarə Tağıyeva kampaniyanın əhəmiyyətindən danışaraq dedi:

- Əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biri də profilaktik müayinələrin keçirilməsidir. Söz yox ki, bütün ölkəni əhatə edən bu aksiya bir çox xəstəliklərin vaxtında aşkar edilməsində və müalicəsində əvəzsiz rol oynayacaqdır. Müayinədən keçən sakinlərdə hər hansı xəstəlik aşkar edilərkən həkimlərimiz xəstələri nəzarətə götürür və müalicə üçün lazımi məsləhətlər verirlər.

 

 

 

Xətai

 

 

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin HƏRTƏRƏFLİ tibbi müayinədən keçməsini də təmin etmişdir.

Fevralın 17-də Bakının Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi keçirilmişdir. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq, rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və  rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müşavirədən sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlamışdır.

J.Abdıyeva demişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. 

Poliklinikanın baş həkimi İmamverdi Rzayev isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də  vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini demişdir. Qeyd edilmişdir ki, poliklinika 68 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.

Rayonun 64 yaşlı sakini Zərqələm Allahverdiyeva poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirir.  O demişdir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bugünkü aksiya onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev həm də onların sağlamlıqlarının qeydinə qalır.

Rayon sakini Rəna Bucaqova isə demişdir: - Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçısına təşəkkür edirəm.

 

 

 

Şəmkir

 

 

Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarının tibbi müayinəsi ilə bağlı tapşırıq və tövsiyələrə uyğun olaraq keçirilən aksiyaya Şəmkirdə də ciddi hazırlıq işləri görülmüşdür.

Rayon üzrə 165 min nəfər müayinədən keçiriləcəkdir və bunun üçün xüsusi tədbirlər planı tərtib edilmişdir. Həmin plana əsasən mərkəzi rayon xəstəxanasında və poliklinikasında, eləcə də 7 qəsəbə xəstəxanası və 8 kənd tibb məntəqəsində müvafiq hazırlıq işləri görülmüşdür.

Fevralın 17-də səhər tezdən səhiyyə ocaqlarına axışan insanlar növbə ilə qeydiyyatdan keçir, həkimlərin qəbulunda olurdular. Aldığımız məlumata görə, axşam saat 5-dək artıq 5 min nəfərədək rayon sakini tibbi müayinədən keçmişdi. Müayinə zamanı cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələr nəzarətə götürülmüş və əməliyyat üçün hazırlıq işləri başlanılmışdır. Rayonda tibbi müayinələr davam edir.

 

 

 

Tovuz

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən fevralın 17-dən ölkəmizdə əhalinin ödənişsiz tibbi müayinəsinə başlanılmışdır.

Dövlət başçısının müvafiq göstərişinə uyğun olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində də rayon sakinlərinin tibbi müayinəsi keçirilir.

Xəstəxananın baş həkimi Paşa Muradov bildirmişdir ki, mayın 1-dək davam edəcək müayinələrdə rayonun bütün sakinləri tibbi müayinədən keçiriləcək.

Tibbi müayinə rayonun şəhər və kənd xəstəxanalarında da təşkil olunmuşdur. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə ediləcəklər. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.

Tibbi müayinədən keçən rayon sakinlərindən Fərman Qurbanov, Cəlal Abbasov, Nəsimi Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqların bildirmişlər.

 

 

 

Şəki

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 17-dən respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Müayinələrin keçirildiyi Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Məcid Əliyevin verdiyi məlumata görə, tibbi müayinələrin keçirilməsi üçün təcrübəli, yüksəkixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası yaradılmışdır. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir. Səhiyyə ocağı səhər saat 8-dən axşam 8-dək ikinövbəli rejimində çalışır. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunacaqdır.

Məcid Əliyevin bildirdiyinə görə, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Baş həkim insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Şəki əhalisi və rayonun səhiyyə işçiləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Aksiyanın ilk günü günorta saatlarınadək Şəkidə artıq 300 nəfərə yaxın insan tibbi müayinədən keçmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 18 fevral.- S.9.