Azərbaycanda həyata keçirilən sosial islahatlar
vətəndaşların
rifahının yüksəlməsinə gətirib
çıxarıb
Bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir.
İlham ƏLİYEV
Ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən bu tədbirlər isə insanların daha firavan və rahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.
Bütün sahələrdə reallaşdırılan çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider dövlətə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirib: "Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. "Əsrin kontraktı", yəni, XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır. Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik.
Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi əlbəttə ki, bizi daha da gücləndirir".
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan ölkə rəhbərinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını təsdiq etməsi mühüm addım olmuşdur. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət dövlət proqramı əsasında 2004-2013-cü illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Son 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri açılmışdır ki, bunun da 900 mini daimidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividentlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəriciləri yeni iş yerlərinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin kəskin aşağı enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.
Dövlət proqramlarının uğurla icra edilməsi bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır. Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması bugünkü uğurlarımızı şərtləndirmişdir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün ölkə rəhbəri vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. Prezident İlham Əliyev ötən 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir.
Qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə yaxşılaşmasına əlverişli imkan yaradır. Bütün sahələrdə əldə olunan yüksək nəticələr bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 19 fevral.- S.1.