Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti

 Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşmüşdür

 

Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüşmüşdür.

Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə mərkəzi gəzmişlər.

Monako Knyazının diqqətinə çatdırılmışdır ki, mərkəzdə xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixininulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir. Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin müxtəlif  bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir. Bu, muzeyin orijinallığını daha da artırır. Dizaynına və tətbiq olunan yeni texnologiyaya görə fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.

Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılmışdır. Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən "Azərbaycan inciləri" ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Monako Knyazı II Albert mərkəzdə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi ilə də tanış olmuşdur. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü olmuşdur. Görüşdə 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil  sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edilmişdir.

Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin "Bakı" və "Monako"  adlı əsərləri hədiyyə edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 19 fevral.- S.2.