Korrupsiyaya qarşı mübarizə bu günün və sabahın prioritet məsələsidir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol  oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini daimidir. On il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2 dəfə, sənaye məhsulu 3,1 dəfə, rabitə xidmətləri 6,1 dəfə, əhalinin gəlirləri 6,3 dəfə, orta aylıq əməkhaqqı 7,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Sərmayənin həcmi keçən il rekord səviyyəyə çatmışdır -  Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.

 Dövlət başçısının çox dəqiq müşahidəsinə görə, "Bizim iqtisadi islahatlarımız dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Yəni, bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər Heydər Əliyevin siyasəti dayanır".

Regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri olmaqla müstəsna əhəmiyyət kəsb edir. Regionlarda olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, aqrar sektorda islahatları dərinləşdirmək, əlverişli  investisiya  mühiti, müasir tipli müəssisələr yaratmaq və  yeni iş yerləri açmaq məqsədi güdən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində və əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu proqramların hazırlanmasına və icrasına böyük önəm verən Azərbaycan  Prezidenti İlham Əliyev onların reallaşmasına  nəzarəti də daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasının yekunlarına həsr olunmuş ənənəvi konfranslar da bu məqsədi güdür.

Bu il fevralın 5-də Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda  ölkə Prezidentinin giriş və yekun nitqi ictimaiyyət arasında böyük maraqla qarşılanmışdır. Müasir şəraitdə respublikamızın sosial-iqtisadi həyatına və gələcək perspektivlərə həsr olunmuş bu nitqdə  bir sıra vacib problemlərə xüsusi diqqət  ayrılmış və onların həlli yolları göstərilmişdir.

Konfransdakı çıxışından bir daha məlum oldu ki, Prezident əvvəllər də bəyan  etdiyi kimi, korrupsiyaya qarşı mübarizəni ən prioritet məsələ kimi dəyərləndirməkdə davam edir. Azərbaycanın korrupsiyadan azad olması və dünyanı bürümüş sosial bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxması mühüm vəzifə  kimi qarşıda durur. Bu sahədə möhkəm siyasi iradə nümayiş etdirən Prezident dövlət quruculuğunda korrupsiya ilə mübarizənin daha qətiyyətlə aparılması zərurətini dəfələrlə, elə son konfransda da bir daha vurğulamışdır.

Qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması İlham Əliyevin həmişə diqqət mərkəzində saxladığı problemlər sırasında öncül sıralarda  olmuşdur. Korrupsiya və rüşvətxorluq hallarını aradan götürmək məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha böyük vüsət almaqdadır.

Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Ötən dövrdə  korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə  bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Bunlar Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiya və Baş  prokuror yayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı  mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən edib. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli  mütəşəkkil cinayətkarlığa qarşı" konsensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulub.

Xüsusilə əlamətdardır ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın artırılması, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və  sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı  mübarizə İlham Əliyevin çıxışlarında, imzaladığı fərman və sərəncamlarda öz əksini tapır və maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm istiqaməti kimi təsbit olunur. Bu mənada Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və uğurla həyata keçirilməkdədir.

Şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq  təşkilatlar tərəfindən getdikcə  daha yüksək dəyərləndirilir və Azərbaycanın reytinqi stabil olaraq artmaqdadır.

Buna bariz nümunə kimi, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərəfindən Üçüncü Dəyərləndirmə Raundu çərçivəsində  Azərbaycanda korrupsiyaya qarşı mübarizə  sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabatı göstərmək olar. Xatırladaq ki, hesabat bu il yanvarın 17-də həmin qurumun nümayəndələri tərəfindən ölkə ictimaiyyətinə təqdim olunmuşdur.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə qazanılmış nailiyyətlər qeyd  olunmuş, ölkəmizə təşkilatın əvvəlki hesabatlarında müəyyən edilmiş 19 tövsiyənin icrası üzrə tədbirlərin həyata keçirilməsi də müsbət hal kimi dəyərləndirilmişdir.

Komissiya xüsusilə vurğulamışdır ki, Azərbaycan OECD-nin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçən ilk ölkə olub.

OECD-nin hesabatında Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviqinə dair və  Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planları, xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və vətəndaşlara uğurla xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanmış fərman və  sərəncamlar bu sahədə mövcud siyasi iradə kimi qeyd edilmişdir.

Bu baxımdan Prezidentin "ASAN xidmət" mərkəzləri Azərbaycanın brendidir" ifadəsi, əməli olaraq bu xidmət sahəsinin fəaliyyətində öz əksini tapıb. Yarandığı qısa müddət ərzində həyata keçirdiyi səmərəli fəaliyyət nəticəsində 1 milyondan  artıq vətəndaşımıza xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti nəinki regionumuzda, hətta inkişaf etmiş Avropa ölkələrində maraqla izlənilir, onun bu sahədəki nailiyyətləri ilə yaxından tanış olurlar. "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 11 fevral tarixli Fərmanında isə "ASAN xidmət" mərkəzlərinin coğrafiyasının genişləndirilməsi ilə bərabər, mərkəzlərdə  göstərilən xidmət növlərinin  artırılması, daha geniş sahələr üzrə əhaliyə keyfiyyətli və şəffaf xidmətlərin təqdim edilməsi haqda ciddi tapşırıqlar verilmişdir.

Əldə olunan uğurlar sırasına  "Elektron hökumət" sisteminin yaradılması istiqamətində reallaşdırılan tədbirləri, o cümlədən vergi  xidmətində qabaqcıl informasiya texnologiyalarının tətbiqini və elektron audit sisteminin yaradılmasını, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli  sərəncamında nəzərdə tutulan tədbirləri bariz nümunə kimi göstərmək olar.   Sərəncamda qeyd olunduğu kimi, dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.  Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir. Məhz bunu nəzərə alaraq,  ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılması zəruri hesab edilmişdir. "Elektron məhkəmə" informasiya sistemi:  ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;  məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;  işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını;  "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı; məhkəmə statistikasının elektron qaydada aparılmasını və nəhayət, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını təmin etməlidir.

Dünya  praktikasında dövlət məmurlarına mənfi imic gətirən "məmurların xalqdan aralı düşməsi" kimi yarıtmaz hala qarşı da Azərbaycanda Prezidentin göstərişləri əsasında yüksək vəzifəli şəxslərin  regionlarda vətəndaşlarla təşkil edilən görüşləri də əhali tərəfindən razılıqla qarşılanır. Bununla yanaşı, dövlət orqanlarında aşkarlığa əməl olunması, ictimai nəzarətin reallaşmağa başlaması, mühüm sənədlərin açıq  müzakirəyə  çıxarılması da diqqət çəkir.

Bütün bu tədbirlərin qayəsi Azərbaycanda korrupsiyanın səviyyəsini  azaltmaqdan və  ölkəmizi bu bəladan xilas etməkdən, vətənimizin imicinə xələl gətirən, Prezidentin sözləri ilə ifadə etsək, "sosial ədaləti pozan, cəmiyyəti sarsıdan bir yaradan" qurtarmaqdan,  "onun üçün meydanı daim daraltmaqdan" ibarətdir.

Korrupsiyaya qarşı mübarizədə gələcək konturlardan bəhs  edərkən İlham Əliyev belə  deyir: "Əminəm ki, gələcək illərdə bu sahədə  daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir.

O da həqiqətdir ki, hər bir ölkədə, hər  bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim  daraltmalıyıq. Burada müxtəlif üsullardan  istifadə edirik və  edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır".

Sadə dildə korrupsiya dedikdə, əlbəttə ki, ilk növbədə, vəzifəli şəxsin mövcud qayda-qanunları  pozmaqla ona etibar edilmiş hüquq və səlahiyyətlərdən özünün və ya yaxınlarının, üçüncü şəxslərin, yaxud da qrupların mənafeyi naminə istifadə etməsi başa düşülür. Təbii ki, bu fenomenin çoxsaylı çalarları, getdikcə artan forma və metodları mövcuddur. Əhatə dairəsinə gəldikdə  isə o, dövlət sektorundan əlavə, özəl bölməni, beynəlxalq qurumları və xarici əlaqələri də öz ağuşuna almaq  iqtidarındadır.

Korrupsiyanın tarixini tədqiq edən mütəxəssislərin qənaətinə görə, onun mövcudluğu və ona qarşı mübarizəyə hələ  eramızdan xeyli əvvəl rast gəlinir. Məhz həmin dövrdə şəhər-dövlət olan Haqaşın Şumer hökmdarı Urikaqinanın korrupsiyaya qarşı sərt mübarizə aparması  haqda  mənbələr xəbər verir. Korrupsiyanı  tənqid edən ilk tədqiqat hesab olunan "Artxaşastra"nı isə miladdan əvvəl IV əsrdə Bxaratanın (Hindistan) nazirlərindən biri  Kautilya ləqəbi ilə çap etdirmişdir.

Müasir korrupsiyadan danışarkən XX əsrin ikinci yarısından başlayaraq onun beynəlxalq problemə çevrilməsi xüsusi vurğulanmalıdır. Bunun da  ilk əlamətləri beynəlxalq  korporasiyaların xarici ölkələrin vəzifəli şəxslərini ələ almasının kütləvi hal almasında özünü büruzə vermişdir. Artıq belə bir fikir şübhə  doğurmur  ki, son illərdə dünyanı bürümüş  maliyyə-iqtisadi böhranı doğuran əsas  səbəblərdən biri də korrupsiya və onun qloballaşmanın "məhsulu" olan beynəlxalq növüdür.

Maraqlıdır ki, əvvəllər korrupsiyanın az yayıldığı iddia olunan bəzi regionlarda  işlərin o qədər də ürəkaçan  olmadığı üzə  çıxır. Avropa İttifaqının daxili işlər üzrə komissarı  Sesiliya Malmströmün hazırladığı hesabatda  göstərilir ki, korrupsiya Aİ iqtisadiyyatına ildə 120 milyard avro ziyan vurur. Qeyd etmək  lazımdır ki, korrupsiya halları Avropa İttifaqının 20 ölkəsinin hamısında bu və ya digər dərəcədə mövcuddur. Avropa Komissiyasının ictimai rəyin öyrənilməsi xidməti olan Avrobarometrin apardığı sorğunun nəticələrinə görə, avropalıların 76 faizi korrupsiyanın geniş yayıldığını düşünür. Respondentlərin əksəriyyəti son üç ildə korrupsiyanın miqyasının genişləndiyi  qənaətindədirlər. İspaniya, Sloveniya, Litva, İtaliya, Çex Respublikası və Portuqaliyada  rəyi soruşulanların 75 faizi, Yunanıstanda isə 99 faizi  korrupsiyanın durmadan artdığını iddia edirlər. Hesabatda korrupsiyanın ən çox yayıldığı Avropa Birliyi ölkələrindən  Yunanıstan, Rumıniya və Bolqarıstan olduğu göstərilir.

Hesabatda o da vurğulanır ki, korrupsiyaya uğrayan sahələr arasında "liderlik" tikintiyə aiddir. 20 avropalıdan biri  korrupsiya faktının şəxsən iştirakçısı olduğunu etiraf edib. Avropadakı hər 10 iş adamından dördü hesab edir ki, rüşvət  vermədən inkişaf etmək olmaz.

Qonşu Rusiyada isə bu sahədə vəziyyət daha pisdir. Həmin ölkənin mütəxəssislərinin hesablamalarına görə, Rusiyada iş adamlarının 50 faizi rüşvət verdiklərini (onlardan 20 faizi mütəmadi olaraq) etiraf etmişlər.

Məlumdur ki, hər il beynəlxalq Transparensy İnternational təşkilatı tərəfindən ölkələrin korrupsiya səviyyəsinə görə reytinqi müəyyənləşdirilərək  çap olunur. 2013-cü ilin  nəticələrinə görə, ən yaxşı nəticələr  göstərən on ölkə sırasına  Danimarka (100 xaldan 91 xal), Yeni Zelandiya (91), Finlandiya (89), İsveç (89), Norveç (86), Sinqapur (86), İsveçrə (85), Hollandiya (83), Avstraliya (81) və Kanada (81) daxil olmuşlar.

İnkişaf etmiş ölkələrdən Böyük Britaniya 14-cü yeri (76 xal), Yaponiya 18-ci yeri (74 xal), ABŞ 19-cu  yeri (73 xal), Fransa 22-ci yeri (71 xal), Cənubi Koreya 46-cı yeri (55 xal) və s. tutmuşlar.

Baxmayaraq ki, ölkəmiz son dövrlərdə korrupsiya indeksinə görə müəyyən nailiyyətlər əldə etmiş və axırıncı üç ildə reytinq cədvəlində 20 pillə yüksəlmişdir,  bu sahədə hələ də  vəziyyət nə ölkəmizin müasir inkişaf səviyyəsinə, nə də ki, həyata keçirilən uğurlu islahatlara və ölkəmizin günbəgün yüksələn imicinə uyğun gəlmir.

Məhz bu vəziyyət ölkə başçısını narahat edən problemlərdən biri, bəlkə də birincisidir desək, yanılmarıq. Belə olmasaydı Prezident  İlham Əliyev fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunan konfransdakı yekun çıxışında  mövcud korrupsiya hallarından bəhs edərkən deməzdi: "Korrupsiya və rüşvətxorluğa qarşı  mübarizə bundan sonra da  ən ciddi şəkildə davam etdiriləcək".

Korrupsiya cəmiyyət üçün ciddi  iqtisadi, siyasi və sosial təhlükə  mənbəyi kimi çox qorxulu neqativ sosial hadisədir. Korrupsiyanın dağıdıcı təsiri hər şeydən əvvəl, hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, "kölgə  iqtisadiyyatı"nın, ondan törəyən mənfi halların geniş yayılmasına zəmin yaradır.

Bütün bunlar isə son nəticədə beynəlxalq arenada ölkələrin nüfuzuna mənfi təsir göstərir. Ən təhlükəlisi isə son illərdə bir sıra ölkələrdə müşahidə edildiyi kimi, siyasi situasiyanın nəzarətdən çıxmasına və demokratiyanın pozulmasına gətirib çıxarır.

Korrupsiyanın iqtisadi təhlükəsi, iqtisadi inkişafa vurduğu ziyan barədə bir qədər ətraflı  dayanmaq istərdik. Rəqəmlərə müraciət edək. Ötən əsrin 90-cı illərində Amerika iqtisadçısı Paolo Mauro tərəfindən işlənib hazırlanmış model əsasında aparılmış  hesablamalar göstərir ki, korrupsiya indeksinin 2,4 bal artması ölkənin iqtisadi inkişaf tempini 0,5 faiz azaldır (aşağı salır). Əksinə, korrupsiyanın 1 bal azaldılması ÜDM-in adambaşına düşən məbləğinin ildə təqribən 4600 ABŞ dolları artması ilə müşahidə olunur. Digər Amerika iqtisadçısı Şan-Çin Vayın hesablamalarına görə, ölkədə korrupsiya indeksinin bir bal kimi yüksəlməsi xarici investisiyaların  0,9 faiz azalması ilə müşahidə olunur.

Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində  sahibkarlıq fəaliyyətində  əsassız müdaxilə və maneə halları mümkün olur, istehlakçıların hüquqları pozulur.

Rusiyada aparılan hesablamalara görə, "otkat"lar ucbatından bu ölkədə  ÜDM-in 20 faizi "itir".

Korrupsiya dövlət vəsaitlərindən istifadənin səmərəliliyini də nəzərəçarpacaq dərəcədə aşağı salır.

Beynəlxalq qurumların araşdırmaları daha maraqlı  asılılığı da üzə çıxarmışdır. 132 ölkənin timsalında korrupsiya səviyyəsi ilə onun rəqabətqabiliyyəti arasında qarşılıqlı əlaqənin olduğu təsdiqlənmişdir. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda həm yüksək korrupsiya səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliliyə malik olsun. Eyni zamanda az korrupsiyaya uğramış və rəqabətqabiliyyətliliyi aşağı olan ölkəyə də rast gəlinməmişdir. Hesablamalara görə, korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlilik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı  0,87 təşkil edir ki, bu da öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Başqa sözlə,  korrupsiya rəqabətqabiliyyətliliyi (xüsusən də müəssisələr səviyyəsində) boğur və iqtisadi inkişafı onun səmt  küləyindən məhrum edir. Təsadüfi deyildir ki,  korrupsiya bütün dünyada iqtisadiyyatın effektivliyinə təsir edən əsas amillərdən biri kimi qəbul olunur. Əksinə, korrupsiyanın azaldılması rəqabətqabiliyyətliliyi artırır, kiçik, orta və iri biznesi inkişaf etdirir, inflyasiya səviyyəsini aşağı salır, yoxsulluğu azaldır, xalqın güzəranını yüksəldir ki,  bu da yalnız iqtisadiyyatın səmərəliliyinin yüksək olması şəraitində mümkündür.

Korrupsiyaya qarşı mübarizədən danışarkən Prezidentin göstərdiyi kimi, bu sahədə aparılan islahatların sistemli  xarakter daşımasının zərurəti nəzərə  alınmalıdır. Dünya təcrübəsi göstərir ki,  sərt inzibati tədbirlər, nə repressiv qanunların qəbulu, nə də çoxsaylı insanların məsuliyyətə cəlb olunmasının heç biri  ayrı-ayrılıqda bu işin öhdəsindən gəlmək iqtidarında deyildir. Real iqtisadi və sosial vəziyyət, habelə cəmiyyətin mənəvi-psixoloji halı nəzərə alınmadan bu sosial bəlaya qarşı  mübarizədə uğur qazanmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki, ölkə Prezidenti korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat  işinə də ciddi fikir verməyi zəruri  hesab edir. Bu barədə dövlət başçısı  regionların sosial-iqtisadi inkişafına  həsr olunmuş son konfransda demişdir: "Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycanda tədbirlər görülür, islahatlar aparılır, inzibati metodlar, cəza tədbirləri görülür. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcək".

Fikrimizcə, korrupsiyanın çoxtərəfli bir sosial hadisə kimi öyrənilməsi   dərindən kompleks tədqiq edilməsi müasir şəraitdə mühüm əhəmiyyət kəsb edir. Ötən il sentyabrın 23-25-də Parisdə İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərəfindən Üçüncü Dəyərləndirmə Raundu çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabatda korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma, sorğuların aparılması zəruri hesab edilmişdir.

Ölkə Prezidenti bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də xarici təcrübədən yaradıcılıqla bəhrələnməyi vacib hesab edir: "Əlbəttə ki, Azərbaycanın öz tarixi, öz xüsusiyyətləri vardır. Biz dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda tətbiq edirik və bundan sonra da edəcəyik. Hesab edirəm ki, inkişaf etmiş ölkələrdə korrupsiyaya qarşı mübarizədə doğrudan da böyük uğurlar əldə edilibdir.  Biz bu təcrübəni Azərbaycanda tətbiq etməliyik".

Qeyd olunduğu kimi, korrupsiya təkcə ayrıca bir ölkənin sosial-iqtisadi  inkişafına mane olan və onun milli təhlükəsizliyinə ciddi xələl gətirən bəla deyildir, o həm də beynəlxalq təhlükəsizlik üçün  mənfi fəsadlar yaradır. Bunun da nəticəsidir ki, bir çox beynəlxalq və regional qurumlar, qeyri-hökumət təşkilatları və ictimai-siyasi xadimlər korrupsiyaya qarşı mübarizədə səylərini cəmləşdirirlər. Korrupsiyanın  səbəblərinin öyrənilməsi, onun səviyyəsinin qiymətləndirilməsi, bu ümumbəşəri bəlanın qarşısının alınması və aradan  qaldırılması istiqamətində, habelə qabaqcıl təcrübənin yayılmasında beynəlxalq əməkdaşlığın rolu çox mühümdür. Bu baxımdan, Azərbaycan Respublikasının  Vergilər Nazirliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında 2012-ci ilin fevral ayında Anlaşma Memorandumunun imzalanması və həyata keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər  xüsusi qeyd olunmalıdır. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının büro üzvü olan beş ölkədən biri seçilmişdir.

Korrupsiyaya qarşı mübarizədən danışarkən dövlət başçısı belə əməllərə yol verənlərə ciddi xəbərdarlıq etmişdir: "Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır". Bu xəbərdarlıq Prezidentin Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı yekun çıxışında daha kəskinliklə ifadə olunmuşdur: "Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru  xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi  şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır". Bir qədər əvvəl isə dövlət başçısı belə bir fikir səsləndirilmişdir: "Şəffaflıq, təmizlik, dürüstlik  həyat tərzi olmalıdır".

Bununla əlaqədar dövlət və bələdiyyə  qulluqçuları arasında bir tərəfdən iş adamları və ümumilikdə vətəndaşlarda yeni mənəvi dəyərlərin formalaşmasına xüsusi diqqət  yetirilməlidir. Bu sahədə cənab İlham  Əliyevin tələbi belədir: "Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə eləsinlər ki, həmişə dövlət və xalq arasında  alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla  bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır".

Bir məsələnin üstündə xüsusi dayanmaq istərdik. Xarici ölkələrin  təcrübəsi də sübut edir ki, yalnız dövlətin və rəhbərinin gücü ilə korrupsiyaya qalib gəlmək olmaz. Bu mübarizədə cəmiyyətin özü, vətəndaş cəmiyyəti təsisatları yaxından iştirak  etməlidir. Təbii ki, dövlət bu sahədə  tənzimləyici rolunu yerinə yetirməli, vətəndaş cəmiyyəti təsisatlarını dəstəkləməli,  korrupsiyaya qarşı mübarizədə dövlət orqanları  ilə ictimai  nəzarətin əlaqəsinin normativ  bazasını  yaratmalı, müvafiq inzibati-hüquqi rejimi formalaşdırmalıdır.

Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də Prezident İlham Əliyev tərəfindən ilk olaraq vurğulanmışdır: "... Qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra  edilməli və ciddi ictimai nəzarət olmalıdır.  Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik".

Nəhayət, ölkəmizdə korrupsiyaya qarşı  mübarizənin əsas leytmotivi olan möhkəm siyasi iradənin mövcudluğudur.  Dünya ölkələrində korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlər onu göstərir ki, bu mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə olunur. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır. Prezidentin  dediyi kimi, "Korrupsiyaya qarşı uğurlu mübarizə üçün güclü siyasi iradə olmalıdır və o da  vardır".

Belə hallar nəzərə alınaraq, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, qanunvericilik bazası beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də müsbət qarşılanır. Qalır qanunların işləməsi və onların vətəndaşlar tərəfindən dəstəklənməsi. Təəssüflər olsun ki, bəzi hallarda bu məsələlərdə problemlər yaşanır. Əsas problem kimi məmur özbaşınalığı, qanunların icrasına məmur laqeydliyi, vətəndaşların hüquqi savadsızlığından irəli gələn müqavimət zəifliyidir. Bunlar kompleks şəkildə öz həllini tapmalıdır. Çünki siyasi iradə olan yerdə ictimai iradə olmasa, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi azalır, onun qarşısına maneələr çıxır. Vətəndaşın korrupsiyaya qarşı müqaviməti daha da yüksək olmalıdır ki, cəmiyyət sözügedən xəstəlikdən azad olunsun. Gələcəkdə korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlər daha da gücləndirilməli, maarifləndirilmə prosesləri davam etdirilməli və ən əsası, "Elektron hökumət" sistemi tamamilə inkişaf etdirilməli və "ASAN xidmət" mərkəzləri bütün ölkəni əhatə etməlidir.

"Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik... Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq" - ölkə başçısının bu sözləri sübut edir ki, korrupsiyaya qarşı mübarizə  bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaqdır.

 

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar

 Palatasının sədri, iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 19 fevral.- S.6.