Prezidentin əhalinin sağlamlığının qorunmasına

 dair tapşırıq və göstərişləri uğurla icra olunur

 

Gəncə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq Gəncənin tibb işçiləri də şəhər sakinlərinə yüksək səviyyədə xidmət göstərirlər. Şəhər ictimaiyyətinin nümayəndələri müsahibələrində bu diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edir, müayinələrin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər.

 

Gəncə şəhər sakini, ziyalı Tofiq XƏLİL: Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm. Təbii ki, bu aksiya yeganə tədbir deyildir. Son illər regionlarda tez-tez səhiyyə günləri keçirilir. Xüsusilə, paytaxt Bakıda fəaliyyət göstərən mötəbər səhiyyə ocaqlarının kollektivləri tez-tez bölgələrə gəlir, əhaliyə yerindəcə tibbi xidmət göstərirlər. Bu yaxınlarda akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun bir qrup həkimi Gəncədə aksiya keçirərkən mən də gözümdə olan problemlə bağlı müraciət etdim. Ən müasir tibbi avadanlıqla təchiz olunmuş səyyar klinikada müayinə olundum və təcrübəli həkimlərin səyi ilə məndə yaranan problem demək olar ki, aradan qaldırıldı.

 

* * *

 

1 nömrəli Gəncə şəhər poliklinikasının baş həkimi Xalidə SADIQOVA: Bu müayinə aksiyaları dövlətin sosialyönümlü siyasətinin bir nümunəsidir. Prezident bütün çıxışlarında qeyd edir ki, Azərbaycan vətəndaşı sağlam olmalıdır. Bunun üçün isə əhali  mütəmadi olaraq tibb müəssisələrində müayinədən keçməlidir. Fevralın 17-də başlamış bu aksiya da məhz həmin məqsədə xidmət edir. Şəhərimizin sakinlərinin poliklinikamıza həvəslə gəlmələri və həkim müayinəsindən keçmələri bir daha təsdiq edir ki, Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayanır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildirir və əmin edirik ki, mayın 1-dək tibbi müayinələri yüksək səviyyədə keçirəcəyik.

 

* * *

 

Gəncə şəhər 4 nömrəli orta məktəbin əməkdar müəllimi Yeganə SƏFƏROVA:  Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu aksiyanı mən də ürəkdən dəstəkləyirəm. Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentə minnətdarlıq edirəm. Xüsusilə insanların cansağlığının qorunması istiqamətində köklü islahatlar aparılır. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, orada ən müasir səhiyyə ocağı olmasın. İnsanların hər hansı müayinə üçün paytaxta getməsinə ehtiyac yoxdur. İstifadəyə verilən müayinə-diaqnostika mərkəzləri dünya standartları səviyyəsində tibbi avadanlıqla təchiz edilmişdir.

 

* * *

 

Gəncə şəhər sakini, ziyalı Nizami SEYİDƏLİYEV: Mən də müayinədən keçdim. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə o təəssüratları yaratdı ki, artıq Azərbaycan səhiyyəsi dünya standartlarına yaxınlaşır. Qısa vaxt ərzində müayinələrin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Mən öz sağlamlığım haqqında tam məlumatlıyam və buna görə dövlət başçısına təşəkkür edirəm.

 

* * *

 

Azərbaycan Texnologiya Universitetinin prorektoru Gülsüm FƏTƏLİYEVA: Ölkə əhalisinin sağlamlığının qorunması dövlətimizin prioritet məsələlərindəndir. Yeni-yeni xəstəxanaların açılması, ən müasir tibb avadanlıqlarının alınması və yüksək ixtisaslı tibbi kadrların hazırlanması sözsüz ki, Azərbaycan əhalisinin sağlamlığına təminat yaradır. Keçirilən aksiya da məhz bu məqsədə xidmət edir. Dövlət başçısının dediyi kimi hər bir Azərbaycan vətəndaşı ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməlidir. Bu onu göstərir ki, Prezidentimiz hər bir vətəndaşın qarantıdır və onun sağlamlığını istəyir.

 

 

 

Qaradağ

 

 

 

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bunun bariz nümunəsi isə Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqdır.

Ölkə başçısının tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya fevralın 18-də Bakının Qaradağ rayonunda da uğurla icra olunmuşdur. Rayonun 19 saylı birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmişdir. Qaradağ rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak etmişlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirmişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Dünəndən  etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Rayon icra hakimiyyətində işin səmərəliliyini artırmaq və daha çox insanın müayinələrə cəlb olunması üçün kompleks tədbirlər görülmüşdür. Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən ərazi üzrə poliklinikalara müraciət edəcəklər. Qeyd edilmişdir ki, əhali arasında geniş təbliğat işləri aparılmışdır. Yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılmışdır. Uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bundan başqa, icra hakimiyyətində əhalini məlumatlandırmaq və yaranacaq problemləri yerində həll etmək məqsədi ilə "Qaynar xətt" də fəaliyyət göstərir.

Poliklinika şöbəsi müdirinin əvəzi Sevda Hacıyeva isə demişdir ki, əhalinin müayinə olunması üçün şöbə müasir avadanlıqla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. Poliklinika 28 min rayon sakininə xidmət edir.

Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Zaqatala

 

 

 

Prezident İlham Əliyevin tapşırığı ilə respublikada olduğu kimi, Zaqatala rayonunda da 17 fevral 2014-cü il tarixdən başlayaraq rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi prosesinə başlanılmışdır. Rayon ərazisində Zaqatala RMX, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə sahə xəstəxanası, Yeni Suvagil kənd sahə xəstəxanası, Danaçı kənd sahə xəstəxanası olmaqla beş zona üzrə əhalinin tibbi müayinədən keçməsi üçün həkim briqadaları yaradılmışdır. Qrafikə uyğun olaraq ilk növbədə rayonun idarə, müəssisə və təşkilatlarının işçi personalı tibbi müayinədən keçəcək. Növbəti mərhələdə isə rayonun 18 yaşına çatmış əhalisinin tam olaraq tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlığı istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmişdir. Rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar hərbi hissələrin şəxsi heyətinə, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. May ayının 1-nə dək rayonun 18 yaşdan yuxarı 89632 nəfər  əhalisinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.

 

 

 

Xaçmaz

 

 

2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Xaçmazda uğurla başlanılmışdır.

Müayinələrin ilk günündə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına xeyli sayda vətəndaş müraciət edərək dövlət başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçmişlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev rayonda aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirmişdir. Müayinələrin Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Xudat Şəhər Mərkəzi Xəstəxanası da daxil olmaqla rayondakı 10-dan artıq səhiyyə müəssisəsində keçirilməsi nəzərdə tutulmuşdur. Aksiyaya tibbin bütün sahələri üzrə 200-dək həkim cəlb edilmişdir.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirmişdir ki, tapşırığın icrası ilə bağlı icra hakimiyyətində operativ tədbirlər görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, komissiyaişçi qrupu yaradılmışdır. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Dövlət başçısının tapşırığına əsasən, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin xalqımızın sağlamlığına  göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

"Prezident səhhətimiz haqqında özümüzdən daha çox düşünür. Belə bir səhiyyə aksiyasının təşkil olunması haqqında tapşırıq verilməsi bir daha sübut edir ki, dövlət başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir".

 Bu sözləri pulsuz müayinədən keçdikdən sonra rayon sakini Xoşqədəm Salmanova bildirmişdir.

Müayinə olunmuş digər rayon sakini - Nargilə Salmanova da dövlət başçısının bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirmişdir. O, vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

 

 

 

Ağcabədi

 

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Dövlət başçısının iştirakı ilə ötən il istifadəyə verilmiş mərkəzi rayon xəstəxanasında əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Xəstəxananın baş həkimi Novruz Abbasov bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, xəstəxanada iş qrafiki tərtib edilmişdir. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən gün ərzində əsasən şəhər ümumtəhsil məktəblərinin və uşaq bağçalarının kollektivləri olmaqla, 1200 nəfərdən çox vətəndaş tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə ediləcəklər. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.

Ağcabədi şəhər 2 saylı uşaq bağçasının müdiri Səadət Həsənova xəstəxanada yaradılan şəraitdən, vətəndaşların müayinəsinin təşkilindən razı qaldığını söyləmiş, göstərilən qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə etmişdir.

 

 

 

Ağdaş

 

 

Respublikamızın hər yerində olduğu kimi, Ağdaş rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.

Rayon mərkəzi xəstəxanasında fevralın 17-də başlayan əhalinin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi  üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Həmçinin mayın 1-dək davam edəcək müayinələrin yüksək səviyyədə aparılması üçün rayonda xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyən edilmişdir.

Xəstəxananın konsultativ poliklinika şöbəsinin müdiri Bəhman Abdullayev bildirmişdir ki, müayinələrin aparıldığı ilk iki gün ərzində rayon mərkəzi xəstəxanasına 600-ə yaxın vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır.

Burada sakinlər ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçirilmişlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar.

Bəhman Abdullayevin sözlərinə görə, səhiyyə ocağına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Müayinələrin rayondakı bütün səhiyyə müəssisəsində keçirilməsi nəzərdə tutulmuşdur. Aksiyaya tibbin müxtəlif sahələri üzrə 100-dək həkim və orta səhiyyə işçisi cəlb edilmişdir. Müayinədən keçən sakinlərdə hər hansı xəstəlik aşkar edilərkən həkimlər onları nəzarətə götürür və müalicə üçün lazımi məsləhətlər verirlər. Müayinə zamanı cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələr əməliyyat üçün hazırlanırlar. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.

Vətəndaşların müayinəsini yüksək ixtisaslı mütəxəssislərdən ibarət 6 həkim briqadası həyata keçirir. Aksiya zamanı xəstəxanada ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.

 

 

 

Şamaxı

 

 

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Şamaxı rayonunda da uğurla davam edir.

Tərtib olunmuş qrafik əsasında 98.300-dən artıq sakin rayon mərkəzi xəstəxanasında, Şamaxı Müalicə Diaqnostika Mərkəzində, Göylər kənd xəstəxanasında, habelə 7 kənd həkim ambulatoriyasında tibbi müayinədən keçməlidir.

Xəstəxana və kənd həkim məntəqələri lazımi tibbi avadanlıqla təchiz edilmişdir. Təcrübəli həkim və tibb işçiləri qrafik əsasında qəbula gələn insanları hərtərəfli müayinədən keçirir, ehtiyacı olanlar ambulator müalicəyə cəlb edilir, lazımi məsləhətlər verilir. Qəbula gələn vətəndaş üçün ambulator tibb kitabçası açılır onun daim həkim nəzarətində saxlanılması təmin olunur.

Təkcə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı ixtisaslardan olan 7 nəfərdən ibarət həkim komissiyası fəaliyyət göstərir. Fevralın 17-də 890 nəfər, 18-də isə 1050 vətəndaş hərtərəfli tibbi müayinədən keçirilmişdir.

Şamaxı Müalicə Diaqnostika Mərkəzində də vətəndaşların tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur. Mərkəzin baş həkimi, tibb üzrə elmlər doktoru Vəlixan Qarayev qrafik üzrə müayinəyə gələnlərə hərtərəfli xidmət göstərildiyini, bunun üçün ən müasir tibbi avadanlıqdan istifadə edildiyini bildirmişdir. Baş həkim ilk iki gündə 200-dək insanın müayinədən keçdiyini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin növbəti humanist addımı - Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.

 

 

 

Şəki

 

 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilən uğurlu daxilixarici siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Bu siyasətin, həyata keçirilən sosial-iqtisadi layihələrin ən yüksək zirvəsində insan amili, əhalinin sosial həyatının yaxşılaşdırılması durur.

Son vaxtlar insanların həyatında çox böyük dəyişikliklər baş vermişdir. Onların məşğulluğunun təmin olunması üçün yüz minlərlə yeni yeri açılmışdır. Ancaq açığını demək lazımdır ki, şəraitimiz nə qədər yaxşılaşsa da, insanlarda özünə qarşı biganəlik də get-gedə artır. Ən son anda həkimə müraciət etmək bizdə vərdişə çevrilmişdir. Belə bir məqamda Prezident İlham Əliyevin insanların sağlamlığı ilə bağlı çağırış etməsi, təşəbbüs irəli sürməsi, müvafiq qurumlara tapşırıqlar verməsi dövlətimizin başçısının Azərbaycan vətəndaşına diqqət və qayğısının ən parlaq təzahürüdür.

Bu sözləri tibbi müayinədən keçmək üçün konsultativ poliklinika şöbəsinə gələn Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova müsahibəsində demişdir.

Şöbə müdirinin bildirdiyinə görə, aksiya çərçivəsində 4500 nəfərə yaxın müəllimin və 1500-dək texniki işçinin müayinədən keçməsi nəzərdə tutulmuşdur. Bütün kollektivlər əvvəlcədən tərtib olunmuş qrafik üzrə müayinədən keçəcəklər. Müəllimlər sağlamgümrah olmalıdırlar ki, dərsləri yüksək səviyyədə tədris edə bilsinlər.

S.İsmayılova bu qayğıya görə Şəkinin çoxminli təhsil işçiləri adından dövlət başçısına minnətdarlıq etmişdir.

 

 

 

Şəmkir

 

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Şəmkir rayonunda da mütəşəkkilliklə həyata keçirilir.

Qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsində iki gündə 10 min nəfərə yaxın rayon sakini ümumilikdə 32 səhiyyə ocağında tibbi müayinədən keçmiş, sağlamlıqları haqqında məlumat əldə etmişlər. Rayonun Çinarlı, Düyərli, Ələsgərli, Yuxarı Seyfəli, Qaracəmirli və s. kəndlərində tibbi müayinələrdə əhali daha fəal iştirak edir.

 

 

 

Füzuli

 

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayonda sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında dəqiq qrafiki tərtib olunmuşdur.

Komissiyanın sədri, icra hakimiyyəti başçısının müavini Bağır Aslanov bildirmişdir ki, müayinələr Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, rayon mərkəzi xəstəxanasında və Füzuli Tibb Mərkəzində aparılır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 5 həkim briqadası tərəfindən aksiyanın birinci günü 1857, ikinci günü isə 1760 sakin tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslər rayon xəstəxanasında müalicə olunacaqlar. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəkdir.

Horadiz şəhər xəstəxanasında tibbi müayinədən keçən Böyük Bəhmənli kənd sakini İbəş Aslanov müsahibəsində yaradılan şəraitdən, müayinənin təşkilindən razılığını bildirərək demişdir: "Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı böyrəklərimdə iltihab, qara ciyər və dalaqda böyümə aşkarlandı. Ambulator müalicəyə cəlb olundum. Qayğımıza belə yüksək səviyyədə qaldığına görə Prezident İlham Əliyevə minnətdarıq".

 

Azərbaycan.-2014.- 19 fevral.- S.7.