Qarabağ salnaməsi

 

Azərbaycanın əsrlərdir ki, ən ağrılı problemi olaraq qalan Qarabağ münaqişəsinin son mərhələsinin başlanmasından 26 il ötür. Geridə qalan müddət ərzində müharibənin qanlı mahiyyəti səngisə də, savaşın və təcavüzün "bəxş" etdiyi faciələr, itkilər, qurbanlar azalmadı. Çünki cəbhə bölgəsində əldə olunan atəşkəsə baxmayaraq, müharibə davam edir və fəsadlarının sayı da durmadan çoxalır.

Müharibə məmləkətdə hər an duyulur, Qarabağ itkisi ölkədə addımbaşı özünü yada salır! Qaçqınlıq və məcburi köçkünlük həyatının çətinliklərində, vətəndə vətənsizlik taleyinə məhkum olan yüz minlərlə insanın iztirablarında, "yurdum hey!.." deyərək canını yad obalarda tapşıran nakam talelərdə, Qarabağdan kənarda doğulan qarabağlı körpələrin görmədikləri vətənə doğru uzanan baxışlarında, inamlarında, əsgərimizin qələbə və intiqam yanğısında davam edir Qarabağ savaşı...

 

 

 

Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir

 

 

 

Qarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli torpağı olub və bu ərazidə yaradılmış bütün dövlətlər, xanlıqlar, inzibati vahidlər də məhz bizlərə məxsus olub. Qarabağın Azərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki, əslində, bunu təkzib edən ən adi bir arqument belə mövcud deyil!

Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanın müxtəlif ərazilərini əhatə edib. Məsələn, vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir "Qarabağ tarixi" əsərində yazırdı: "Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilası ilə Krasnı most, yəni, Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Tarixi mənbələr Qarabağı təkcə Azərbaycanın deyil, dünyanın da ən qədim tarixə malik diyarlarından biri kimi səciyyələndirir. Sadəcə, bir faktı göstərək: bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının alt təbəqələrindən aşkar olunmuş əmək alətlərinin Quruçay mədəniyyətinə aid olduğu təsdiqini tapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aiddir. 1968-ci ildə Azıx mağarasında Azıx adamının - azıxantropun çənə sümüyü tapılmışdı. Burada Azıx adamının 30-400 min il əvvəl yaşadığı güman olunur.

Qarabağ ərazisi qədim Azərbaycan dövlətlərinin hamısının tərkibində olub. E.ə. IV - e. VIII əsrlərində mövcud olan Albaniya dövləti bütün Qarabağ ərazisini əhatə edirdi. Yadelli işğalları nəticəsində isə bütün ərazilərimiz kimi, Qarabağ da ilhaq olunurdu. XIII əsrdə monqolların Azərbaycanı tam işğal etməsi ilə Qarabağ ərazisi də əvvəl Ali Monqol Xaqanlığının, sonra isə Hulakülər-Elxanilər dövlətinin tərkibinə aid idi. Həmin dövrdən etibarən Qarabağ coğrafi əraziyə şamil edilirdi. Mühüm bir məqama da diqqət çəkək ki, monqol hökmdarlarının daim Qarabağda qışlamaları mühüm dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Məsələn, Qazan xan və Arpa xan adlı monqol hökmdarları Qarabağda səltənət taxtına çıxmış, Arqun xan və Əbu Səid xan isə Qarabağda vəfat etmişlər.

XV əsrdə isə Qarabağ Azərbaycan dövlətləri olan Qaraqoyunlular və Ağqoyunluların tərkibində idi. Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə Qarabağ ərazisi dövlətin dörd bəylərbəyliyindən birinə çevrildi. Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi 235 il, yəni 1736-cı ilədək mövcud olmuşdur. 1593-cü ilin məlumatına görə o, 7 sancağa, 36 nahiyəyə bölünürdü. Ərazidə qeydə alınan 1300 toponimik vahidin hamısı Azərbaycana məxsus idi. 1720-ci ildə ərazidə əhalinin sayı 122 min nəfər olmuşdur. Onların 66 faizini Azərbaycan türkləri, 31 faizini qriqorianlaşmış albanlar, 3,1 faizini isə kürdlər təşkil edirdi.

1736-cı ildə Nadir şah Əfşar Səfəvilər dövlətinə son qoymaqla bərabər, həm də Qarabağ ərazisində yaşayan əhaliyə qarşı amansız faciələrə, qırğınlara rəvac verdi. Nadir şah onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Qarabağ bəylərbəyliyinin türk-müsəlman sakinlərinə qarşı ağır cəza tədbirləri həyata keçirdi. Eyni zamanda Qarabağ əhalisinin mütləq əksəriyyəti Əfqanıstan və Xorasana sürgün edildi. Qeyd edək ki, Nadir şahın ədalətsiz və qəddar olduğu qədər də Azərbaycanın ümummilli mənafeyinə zərbə vuran bu xəyanətkar addımı Qarabağda mövcud olan alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə əsaslı təkan verdi. Nadir şahın ölümü ilə onun qurduğu dövlət parçalandı və Azərbaycan ərazisində yeni dövlətlər - xanlıqlar yarandı. Qarabağ əyalətinin ərazisində isə iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı.

Sarıcalı kəndindən olan və elində-obasında hələ çox əvvəllərdən qəhrəmanlığı və ədaləti ilə hamının rəğbətini qazanmış Pənahəli bəy Cavanşir yurdundan didərgin düşən qarabağlıların tarixi vətənlərinə dönüşünün təminatçısı oldu və 1747-ci ildə Qarabağı müstəqil dövlət elan etdi. Nadir şah tərəfindən sürgün olunmuş qarabağlıların doğma yurdlarına qayıtması və onların Pənahəli xanın ətrafında sıx birləşməsi ilə xanlığın mövqeyi çox gücləndi. Pənahəli xan 1748-ci ildə qədim türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsinə qərar verdi, sonradan bura xanlığın inzibati mərkəzinə çevrildi. Qarabağın və Pənahəli xanın güclənməsi qonşu xanlıqların ciddi narahatlığına səbəb oldu və onlar müxtəlif zamanlarda Qarabağ üzərinə yürüşə çıxdılar. Fəqət bütün savaşlarda da Pənahəli xana məğlub oldular.

 

 

 

Rusiyanın Qarabağda erməniləşdirmə siyasəti

 

 

 

Qarabağ xanlığının ərazisində həm də 5 məliklik (Vərəndə, Çiləbörd, Xaçın, Dizaq, Gülüstan) mövcud idi. Xaçın istisna olmaqla, digər məlikliklərin sakinləri əslən Qarabağdan deyildilər. Özü də onlar heç erməni də deyildilər, keçmiş alban nəsillərinin nümayəndələri olmuşlar. Bu gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra mərkəzdənqaçma meyillərinə yönəlsələr də, heç bir dövlət birləşməsi yarada bilmədilər, hətta bir-biriləri ilə mübarizə apardılar.

1783-cü ildən etibarən Rusiya imperiyası Qarabağın ilhaqı yönündə yeni, daha intensiv siyasət yürütməyə başladı. Çar hökuməti ərazidəki məlikliklərin köməyi ilə Azərbaycanda "xristian dövləti", yəni, özünə dayaq yaratmağa çalışır və bölgənin etnik tərkibinin dəyişdirilməsi üçün xüsusi tədbirlər həyata keçirirdi. Knyaz G.Potyomkin 1783-cü ildə II Yekaterinaya yazdığı məktubda qeyd edirdi ki, "...fürsət tapınca Qarabağı ermənilərin nəzarətinə vermək və bununla da Asiyada bir xristian dövləti yaratmaq üçün lazım olanları etmək vacibdir". Bu arada Ağaməhəmməd şah Qacarın da Qarabağa yürüşləri mütəmadi hal aldı. Qarabağlılar Qacar ordusuna qarşı rəşadətli müqavimət təşkil etsələr də, 1797-ci ildə ikinci yürüş zamanı Ağaməhəmməd şah Şuşanı tuta bildi, lakin burada öldürüldü.

XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən etibarən isə Rusiyanın Azərbaycandakı işğalçılıq fəaliyyəti gücləndi. Gürcüstanın, eləcə də Azərbaycanın Car-Balakən camaatlığının və Gəncə xanlığının işğalından sonra növbədə, şübhəsiz ki, Qarabağ xanlığı idi. Böyük bir imperiya ilə qarşı-qarşıya çıxmaq imkanında olmayan Qarabağ xanı İbrahimxəlil Cavanşir məcburiyyət qarşısında imperiya qoşunlarının komandanı P.Sisianovla Kürəkçay müqaviləsi bağladı. Müqaviləyə əsasən, Qarabağ xanlığı məhz Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Bu müqavilə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

Bu dövrdən sonra Qarabağa ermənilərin köçürülməsi dinamik xarakter aldı. Faktlara nəzər salaq. Rus alimi N.N.Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi "Novaya uqroza ruskomu delu v Zaqafqazye" kitabında yazırdı: "1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürülmüş və onları Yelizavetpol (Qarabağ bura aid idi - İ.H.) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçən ermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb".

1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay və 1829-cu ildə Rusiya və Türkiyə arasında bağlanan Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülmələri rəsmiləşdirildi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illərdə Şimali Azərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Bunların da əsas hissəsi məhz Qarabağ ərazisində məskunlaşdırıldı. Çar hökuməti ermənilərin Qarabağın iqtisadi həyatında da möhkəmlənməsinə xüsusi əhəmiyyət verirdi. Onlara ən yaxşı torpaqlar bəxşiş kimi verilir, sahibkarlıq fəaliyyətləri xüsusi himayə edilir, böyük vergi və gömrük güzəştləri alır, ən əsası isə ermənilər dövlət qulluğuna götürülürdülər.

Lakin çar hökuməti əraziyə ermənilərin axınını kütləviləşdirsə də, azərbaycanlılar tarixi torpaqları olan Qarabağda əksəriyyət təşkil edirdilər. Məsələn, Qafqazdakı çar qoşunlarının baş komandanı A.Yermolovun göstərişi ilə Qarabağ ərazisində əhalinin etnik tərkibi öyrənilmişdi. Sənədlərdə göstərilir ki, Qarabağ əyalətində olan 20095 ailədən 15729-u azərbaycanlı, 4366-sı erməni və alban idi. 1832-ci ildə çar Rusiyası tərəfindən Qarabağ bölgəsində əhalinin siyahıyaalınmasının nəticəsinə görə etnik tərkibin 64,8 faizini azərbaycanlılar, 34,8 faizini ermənilər təşkil edirdi. Ümumiyyətlə isə 1916-cı ilədək Qarabağda əhalinin 51 faizi azərbaycanlılar, 46 faizi ermənilər idi.

Qeyd edək ki, Qarabağ xanlığı ləğv edildikdən sonra burada komendant üsuli-idarəsi yaradılmış, ərazi mərkəzi Şuşa olan Hərbi Müsəlman Dairəsi tərkibinə daxil edilmişdi. Çar hökumətinin 1840-cı il inzibati-hərbi islahatları nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və mərkəzi Şamaxı olan Kaspi vilayətinə tabe edilmişdi. 1846-cı ildə Şuşa qəzası Şamaxı quberniyasına, 1859-cu ildən Bakı quberniyasına tabe edildi, 1867-ci ildə isə Yelizavetpol quberniyası tərkibinə daxil oldu. Bu məkrli inzibati-ərazi bölgüləri ermənilərin idarəçilik sistemində daha geniş təmsil edilməsinə imkanlar açdı.

XIX əsrin sonlarından etibarən ermənilərin Azərbaycan ərazisində başladıqları soyqırımı siyasəti qanlı məcrada davam edirdi. Kütləvi soyqırımı Qarabağda daha faciəli fəsadlar törətmişdi. Minlərlə insan öldürülmüş, yurdundan didərgin düşmüş, onlarla kənd yandırılmışdı. Həmin dövrdə ermənilər həm imperiya idarə üsulu, həm də güclü müxalif qüvvəyə çevrilən bolşeviklər tərəfindən fəal himayə olunurdular. Yəni, hələ o dövrdən etibarən Rusiyada hansı ideologiyanın, hansı siyasi və dövlət quruluşunun hakim olmasından asılı olmayaraq, ermənilərə və onlar üçün yaratdıqları dövlətə məhz "forpost" kimi yanaşmışlar.

 

 

 

Yeni separatizm ocağı: muxtar vilayət

 

 

 

1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan vilayətlərdən biri də Qarabağ oldu. Hələ 1918-ci ilin 29 mayında Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı Ermənistana inzibati mərkəz kimi güzəştə gedəndə irəli sürülən əsas tələblərdən biri məhz Qarabağa qarşı erməni iddialarının götürülməsi idi. Lakin erməninin özünə, sözünə, imzasına inanmaq olarmı? Bir müddət sonra Ermənistan Respublikası Xalq Cümhuriyyətinin rəhbərləri ilə razılaşmanı pozaraq Qarabağa qarşı yenidən əsassız iddialarla çıxış etməyə başladı. Həmin dövrdə Qarabağ məsələsi tək Azərbaycanla Ermənistan arasında deyil, bölgədə maraqları olan digər dövlətlərin də müzakirə predmeti idi.

Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci ilin noyabr ayında İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu, elə bir xanlığın ərazisidir, burada ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur. Özü də onlar buranın yerli əhalisi deyillər. Rusiya ilə müharibədən sonra Türkiyədən bura köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq".

Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı ermənilərin apardığı kütləvi soyqırımının qarşısını almaq üçün Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. Həmin ilin avqustunda Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri ilə siyasi razılaşma imzaladı. Burada göstərilirdi ki, Paris Sülh Konfransı bu məsələ barədə qərar qəbul edənədək ermənilərin məskunlaşdıqları Dağlıq Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Azərbaycan Xalq Cümhuriyyətinin hüdudları daxilində hesab edilir. Lakin bu da erməni təcavüzünün qarşısını ala bilmədi. 1920-ci il 22 martda Şuşada ermənilər bolşeviklərin köməyi ilə qiyam qaldırdılar. Bir neçə gündən sonra qiyam yatırılsa da, tezliklə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. Bununla da Qarabağ ətrafında hadisələrin yeni mərhələsi başlandı.

Azərbaycanda sovet hakimiyyəti qurulandan cəmi iki gün sonra, yəni 1920-ci ilin 30 aprelində İnqilab Komitəsi Ermənistan Respublikasına nota verərək qoşunlarını Zəngəzurdan və Qarabağdan çıxarmağı tələb etdi. May ayında isə Qarabağda artıq sovet hakimiyyəti quruldu, lakin bu, vəziyyəti dəyişmədi. Bölgədə erməni hegemonluğu indi bolşevik maskası arxasında davam edirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra iki dövlət arasında sərhədlərin müəyyənləşməsində Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi. Azərbaycan İnqilab Komitəsi Ermənistan Sovet Respublikasına göndərdiyi 30 noyabr tarixli teleqramında və 1 dekabr bəyannaməsində Qarabağın dağlıq hissəsinin muxtariyyətinin tanınması məsələsinə diqqət ayırırdı.

Separatçılar Qarabağın Ermənistana birləşdirilməsi yönündə konkret fəaliyyətə keçmişdilər. 1921-1923-cü illər arasında baş verən proseslər bir daha sübut edir ki, ermənilər öz məkrli fəaliyyətlərinə məhz himayədarlarının müdaxiləsi nəticəsində nail olmuşlar. Həmin dövrdə bütün Qafqaza faktiki nəzarəti həyata keçirən Rusiya K(b)P MK Qafqaz Bürosu Qarabağ məsələsində birtərəfli ermənipərəst mövqe nümayiş etdirirdi. Belə ki, 1921-ci ilin iyun ayında Qafqaz Bürosu Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana məxsus olmasını göstərən bəyannamə qəbul etdi. Bu hadisədən üç həftə sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi məsələ ilə bağlı müzakirələr keçirdi və müvafiq qərar qəbul etdi. Beş maddədən ibarət qərarın 3-cü bəndində göstərilirdi ki, "...məsələnin yeganə həlli erməni və müsəlman kütləsinin sovet quruculuğu işinə cəlb edilməsi ola bilər". Problemin həlli haqqında Azərbaycanın mövqeyini Tiflisə çatdırmaq N.Nərimanova həvalə olunur. Aparılan müzakirələr nəticəsində Qafqaz Bürosu haqsız mövqeyindən qismən geri çəkilir. 1921-ci ilin iyulunda Rusiya K(b)P MK Qafqaz Bürosunun plenumunda qərara alınır: "Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vilayəti verilsin".

Lakin muxtar vilayət statusu da ermənilərin iddialarını azaltmadı və onlar öz məkrli niyyətlərini davam etdirdilər. 1922-ci ilin noyabr ayında Qarabağ ərazisindəki kənd sovetləri sədrlərinin və katiblərinin geniş müşavirəsi keçirilir. Müşavirədə əsas müzakirə olunan məsələ ilə bağlı qəbul edilən qərarda göstərilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması bəyənilir. 1922-ci ilin dekabr ayında Zaqafqaziya Federasiyasının İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. SSRİ-nin təsis edilməsindən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərin avantüraları yeni mərhələyə qədəm qoydu. 1923-cü ilin iyul ayının 1-də AK(b)P MK Rəyasət Heyəti Dağlıq Qarabağın muxtariyyətinin dekretləşdirilməsi və layihəsinin Mərkəzi Komitədə qəbul olunması barədə qərar qəbul etdi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını AK(b)P MK-ya həvalə etdi. İyulun 1-də AK(b)P MK RH-nin iclası Kirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək altı bənddən ibarət qərar qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (AMİK) mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağa muxtariyyət vermək təklif olundu. 1923-cü il iyulun 4-də AMİK də eyni məzmunlu qərar qəbul etdi.

1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzlə razılaşdırılmış dekret qəbul edir. Dekretdə göstərilir ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycan SSR-in tərkib hissəsi kimi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılsın. Həmin dekret əsasında DQMV-nin əsasnaməsinin hazırlanması və Aran Qarabağla sərhədlərinin müəyyənləşdirilməsi üçün geniş tərkibdə komissiya yaradılır. Komissiyanın yekun qərarına görə, Şuşa şəhəri muxtar vilayətin tərkibinə qatılmır. Lakin iyulun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin birgə iclasında Şuşanın DQMV-nin tərkibinə verilməsi barədə qərar qəbul edilir.

Artıq mərkəz və Sovet Azərbaycanının rəhbərliyi elə düşünürdülər ki, Dağlıq Qarabağla bağlı məsələ qapadılmışdır və erməni iddiaları bir daha büruzə verilməyəcək. Hətta ermənilərin böyük dostu və himayədarı S.Kirov AK(b)P-nin VI qurultayındakı məruzəsində DQMV-nin yaradılmasına qiymət verərək deyirdi: "Biz, nəhayət, bu məsələni həll etdik. Şübhəsiz, tamamilə doğru hərəkət etdik. Heç bir şübhə yoxdur ki, bu məsələni yenidən həll etmək bir daha lazım gəlməyəcək".

Lakin Qarabağ məsələsi qapadılmadı. Bu dəfə 65 ildən sonra özünü göstərdi: amansız müharibə və qanlı faciələrlə...

 

 

 

(ardı var)

 

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 19 fevral.- S.8.