12 yaşlı uşağın
başını erməni qəbrinin üstündə kəsdilər
Erməni əsirliyində
ağlasığmaz vəhşiliklərə məruz qalan
Dürdanə Ağayeva Xocalı
soyqırımının dəhşətli məqamlarını
danışır
"Ölənə qədər yadımdan çıxmaz: Qucağında uşaq olan ananı vurdular, ananın qucağından çıxan uşaq qorxusundan çığıraraq qaçdı. Azğınlar arxadan uşağı da güllələdilər. Hətta alman faşistləri belə, müharibə zamanı uşaqlara və qadınlara dəyməyib. Xocalıda kişinin, qadının, uşağın amansızcasına öldürülməsinə ancaq vəhşilik adı vermək olar..."
1992-ci
ilin qarlı Xocalı faciəsinin qurbanı, 8 gün əsirlikdə
qalmış və müharibənin
ağrı-acısını indi də taleyində yaşayan
bir insan danışır bunları, həm də böyük
həyəcanla, titrəyişlə... Onu
dostlarımızın köməyi ilə tapdıq. Bizi necə qarşılayacağını bilmirdik. Səhhətinin ağır olduğunu demişdilər. O, bəşəriyyətə
sığmayan dəhşətin, Xocalı
soyqırımının canlı şahidi
- Dürdanə xanım Ağayevadır. Danışmaq onun üçün nə
qədər ağır idisə, onu dinləmək
də bir o qədər
çətin idi. Söhbətə belə
başladı:
- Mənim üçün danışmaq çox ağırdır, bununla belə, həmişə deyirəm ki, bu hadisəni biz danışmalıyıq, yaymalıyıq. Çünki onların vəhşiliklərini biz görmüşük, şahidi olmuşuq.
Hamilə
qadını güllə ilə qarnından vurdular
Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. Xocalı rabitə qovşağında telefonçu kimi 1989-cu ildən işləməyə başlayıb. O zaman hələ 17 yaşı vardı. O, iş həyatının son günlərini belə xatırlayır:
- Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə heç kim yatmamışdı. Topun, tankın səsindən qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha da kəskinləşdi. Vəziyyət ağırlaşanda camaat bir müddət evlərin zirzəmilərində gizləndi. Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki, artıq düşmən Xocalı aeroportuna girib. Aeroport da xocalılıların yeganə çıxış yolu idi. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu anladıq. Ona görə də şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2 olardı. Sakinlər şəhəri tərk edirdi.
Gəlib çıxdıq Qarqar çayının sahilinə. Bumbuz çayı zülümlə keçdik. Bir neçə nəfər donub qaldı orda. Çayı keçəndən sonra 366-cı diviziyanın törətdiyi dəhşətli cinayəti gördüm: bunu sözlə ifadə etmək mümkün deyil. Rəhmətlik Çingiz Mustafayev bir neçə kadr çəkib, amma o qədər hadisələr olub ki, bunlar heç yerdə qeydə alınmayıb, çəkilməyib, yalnız biz görmüşük. Mənim ölənə qədər yadımdan çıxmaz. Xocalıda kişinin, qadının, uşağın amansızcasına öldürülməsinə ancaq ən rəzil vəhşilik adı vermək olar...
Hava işıqlaşanda Qara qaya adlanan yerə çatmışdıq. Ermənilər bizə tərəf atəş açmağa başladılar. Hərə vahimə içərisində bir tərəfə qaçırdı. Biz də sürünə-sürünə ərazidən uzaqlaşmaq istədik. Ayağımda bir istilik hiss etdim, baxanda gördüm ki, məni də güllə ilə vurublar, yaralanmışam. Bir qədər süründükdən sonra huşumu itirdim. Ayılanda camaatdan çox geri qalmışdım. Tez-tez hərəkət etməyə başladım. Bir az irəlidə hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşımı da yaraladılar. Sonra başımızın üstünü kəsdilər. Bizi əsir alıb Əsgərana gətirdilər...
8 gündə
saçımın sayı qədər döyülmüşəm
Dürdanə xanımı 8 gün Əsgəranın polis bölməsinin zirzəmisində saxlayıblar. Özü də 70-100 kişi əsirin arasında yeganə qadın əsir olub. O, danışdıqca bədəni titrəyirdi. "Əsgəranda qaldığım 8 gün ərzində saçımın sayı qədər döyülmüşəm" - deyən Dürdanə əlavə edir:
- Rabitəçi olduğuma görə məni durmadan döyürdülər, əllərimi aça bilmirdim, o qədər vurmuşdular ki əllərimə... düz iki gün ölü kimi qalmışam. Həmin vaxt saçımdan tutub sürüdükləri yadımdadır, sonra necə döyüblərsə, bir də ayılmışam ki, dizə qədər palçıq olan tualetdəyəm. Qapıda duran mühafizəçi dedi ki, iki gündür ki, buradasan, elə biliblər ölmüsən, ona görə atıblar bura. Allaha qurban olum, Allah yenidən nəfəs verib mənə, elə bilirəm ki, ikinci həyatımı yaşayıram. Onlar qadın-uşaq bilmirdilər. Özü də yerli ermənilər gəlmə ermənilərdən qorxurdular. Ona görə daha çox canfəşanlıq edirdilər ki, özlərini gəlmələrin gözünə soxsunlar.
Qardaşımla birgə əsir düşmüşdüm. Ermənilər bizi ayırdılar. Qardaşım böyründən güllə yarası almışdı, mənsə ayağımdan. Tutulduğumuz gecə orada 40-50 qadın vardı. Ermənilər qadınları on-on, beş-beş Azərbaycan tərəfdəki əsirləri ilə dəyişməyə aparırdılar. Amma mən qardaşımın yarasını, ona verilən əzabı görəndən sonra qapının arxasına qısılıb qaldım. Bir də gördüm ki, artıq qadınlardan heç kim yoxdur, tək qalmışam. Deyirdim ki, qalaramsa da, ölərəmsə də, qardaşımla birlikdə olum...
Dürdanə xanım gördüyü, məruz qaldığı vəhşilikləri, rəzillikləri danışa bilmir, danışmaq istəmir... Anlayırıq, söhbət insan qürurunun alçaldılmasından, hətta özünə belə etiraf etməyə çətinlik çəkdiyi, yada salmaqdan qorxduğu, heysiyyəti bağlı məqamlardan gedir...
Yenə bədəninin və səsinin titrədiyini görürəm. Köksünü ötürdükdən sonra davam edir:
- Mən orada Afrikadan gələn qulağı sırğalı zəncilər gördüm. Onlar muzdlu döyüşçülər idi. Qaldığım podval dizə qədər palçıq idi, yuxarıda da bir pəncərəsi vardı, onun da şüşəsi yox, yağan qar, əsən külək birbaşa içəri vururdu. 8 gün ayaqyalın, ac, susuz belə bir yerdə qalmışam, ayağımda da güllə yarası.
Bir gün dedim ki, qardaşımı görmək istəyirəm, sağdırmı? Dedilər, gözlə qardaşını gətiririk. Nə qədər ki, cavan, seçmə əsirlərimiz var, gətirdilər. Hamısının kurtkasını, köynəyini soyundurdular və təsəvvür edə bilməyəcəyiniz tərzdə bunları döyməyə başladılar. Qardaşım da onların arasında idi. Həmin vaxt məni döymədilər. Amma döyülməkdən betər oldum, elə bil onlara dəyən hər dubinka mənə dəyirdi. Tapançayla güllə atıb ayaqlarını, qollarını yaraladılar. Elə edirdilər ki, ölməsinlər. Bir saatdan çox onları döydülər. Baxa bilmirdim, qışqırıb gözlərimi tuturdum ki, görməyim. Biri dubinkayla boynumdan vururdu ki, ağlama, bax. Döşəmənin üstü qıpqırmızı qan idi, baxılası deyildi... Nəhayət, 8 gündən sonra bizi dəyişdilər.
Onun indiyə qədər yaralı yeri kimi qalan, unuda bilmədiyi hadisələr çoxdur. Orada qalan qadınlar, cavanlar, qocalar və uşaqlar barədə hələ də bir xəbər yoxdur. Onu yandıran da elə budur:
- Əsirlikdən qurtulub Ağdama gələndə, bir ana qaçdı üstümə ki, mənim balamı gördünüzmü? Mən onun uşağını görmüşdüm, erməni qəbrinin üstündə başını kəsmişdilər. 12 yaşı vardı. Bunu anasına necə demək olar? İndinin özündə də o ananı görəndə vicdan əzabı çəkirəm. Axı, iki oğlun, bir atanın başının kəsilməsini ailəsinə necə demək olar, bu çox ağırdır.
Faiq adında
bir oğlan vardı. Onu məcbur etdilər
ki, torpağı öp de ki, bura Ermənistandır.
O da diz çöküb torpağı
öpdü və ayağa qalxıb "bura Azərbaycan torpağıdır. Qarabağ Azərbaycanın
olub, olacaq da. Xocalını indi alsanız
da, biz ora qayıdacağıq" sözlərini
deyib erməninin üzünə tüpürdü.
Onun bədənini deşik-deşik
etdilər, meyitini də atdılar həyətdəki yeşiyə.
Xocalıya kömək gəlsəydi...
Dürdanə Ağayeva Xocalı soyqırımı baş
verəndə hələ
20 yaşının içindəydi. Gecələr əsgərlər səngərlərdə
olanda o da öz postunda dayanıb, yatmayıb.
Gələn əsgər zənglərinə
təsəlli verib, həsrətlə hansısa
şad xəbərin gələcəyini gözləyib.
Öz dediyinə görə, elə rabitəçilər
vardı ki, müharibədən 2-3 ay əvvəl
vertolyota minib qaçmışdı. Birini qardaşı
götürüb aparmışdı,
birini atası çıxarmışdı, onunsa
atası olmayıb.
Bəlkə də atası
olsaydı da çıxmazdı. Çünki
işinə çox bağlı olduğunu, onu qoyub çıxmaq
istəmədiyini deyir
Dürdanə xanım:
- Cavanıydım, çox həvəslənirdim ki, bu il, 1992-ci ilin may ayında maarifdən mənə göndəriş verərlər, gedib Bakıda rabitə texnikumuna girərəm, təhsilimi davam etdirərəm. Arzularım ürəyimdə qaldı. Amma indi fəxr edirəm ki, mən öz xalqıma, camaatıma qulluq etmişəm. 1991-ci ilin may ayında Xocalı blokadadaydı. Camaatın ümid yeri ancaq rabitəydi. Mən növbədən çıxıb evə qayıdanda yolda məni görən hər kəs soruşurdu - nə xəbər var, kömək gələcəkmi? Ağdam tərəfdən zənglər gəlirdi ki, bu gecə Əsgəranı götürürük.
Bizi ancaq Xocalı sakinlərindən ibarət əsgərlər qoruyurdu, yuxarıda oturanlar qorumadı. Əgər Xocalıya kömək gəlsəydi, erməninin kölgəsi belə üstümüzdən keçə bilməzdi.
Müharibə, əsirlik, min cür əzab-əziyyət onun indiki taleyindən də yan keçməyib. Hələ 43 yaşı olmasına baxmayaraq, dünən gördüyü işi bu gün yadından çıxarır. Amma 1989-1992-ci illərdə ermənilərin necə basqın etdikləri, törətdikləri vəhşilikləri - bir-bir xatırlayır:
- Yuxunun istənilən vaxtında məni durquzub o hadisələr barədə soruşsalar, dərhal onlardan danışaram. Hazırda ağır xəstəyəm, İranda əməliyyat olunmuşam, yeriməkdə çətinlik çəkirəm. Bunun səbəbkarı ermənilərdir. O hadisələr olmasaydı, məni yaralamasaydılar, döyməsəydilər, bu gün bu halda olmazdım. Bütün əsəblərim pozulub. Hazırda Xəzər rayonunun Buzovna rabitə qovşağında işləyirəm. Amma iki ildir ki, işə çıxa bilmirəm, səhhətim imkan vermir.
"Biz
o müharibəni gördük, Allah o günləri bir də
bizə göstərməsin!" Bu, qısa və acı həyat
hekayəsinin son cümləsi idi.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 19 fevral.- S.9.