«Ağa Məhəmməd şah Qacar» tarixi dram əsəri

 Naxçıvan Teatrında səhnəyə qoyulmuşdur

 

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" tarixi dram əsəri səhnəyə qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov "Ağa Məhəmməd şah Qacar" tamaşasına baxmışdır.

Tamaşadan əvvəl Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev çıxış edərək demişdir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, yazıçı-dramaturq Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Ərizə", "Ölü doğan şəhər" kimi roman və povestlərin, iyirmidən çox hekayənin müəllifi olan Əli Əmirli 1990-cı ildən başlayaraq daha çox teatr dramaturgiyası sahəsində çalışır. Onun "Mesenat", "Ərizə", "Yeddi məhbusə", "Cəza", "Köhnə ev", "AğqoyunlularQaraqoyunlular", "İyirmi ildən sonra", "Onun iki qabırğası", "Varlı qadın", "Xoşbəxt gün" və başqa pyesləri Azərbaycan, eləcə də digər ölkələrin teatrlarında tamaşaya qoyulmuş, xarici dillərə tərcümə olunmuşdur.

Qeyd olunmuşdur ki, Əli Əmirlinin 2005-ci ildə qələmə aldığı iki hissəli "Ağa Məhəmməd şah Qacar" əsəri tarixi dram janrında yazılmışdır. Müəllif əsərdə daha çox görkəmli sərkərdə və dövlət başçısı Ağa Məhəmməd şah Qacarın daxili aləmini açıb göstərməyə çalışmışdır. Ağa Məhəmməd şah Qacarın dövrünə və fəaliyyətinə həsr olunmuş bu tarixi əsər ilk dəfədir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur.

Əsər gərgin dramatik səhnələr üzərində qurulmuşdur. Yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir. Tamaşada Qacar həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran bir insan obrazı kimi təsvir olunmuşdur. Azərbaycan ədəbiyyatı üçün səciyyəvi olan ədalətsevərlik motivi tamaşanın əsas süjet xəttini təşkil edir. Qacar obrazı tamaşaçıya yalnız qəddar və zalım hökmdar deyil, həm də bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr edən siyasi xadim kimi təqdim olunur.

Səhnə əsərində Ceyran xanım, Cəfərqulu xan, Kərim xan Zənd, Şeyx Cəfər Tonkabuni, Axund Hacı Babək və digər obrazların psixoloji cizgiləri və xarakterlərinin müxtəlif səciyyəvi cəhətləri parlaq boyalarla əks olunmuşdur. Xüsusilə, Ceyran xanım obrazı ağıllı, namuslu, tədbirli, eyni zamanda, bütün türk xatınları kimi cəngavər ruhlu bir qadın kimi göstərilmişdir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Azərbaycan Respublikasının xalq artistləri Yasəmən Ramazanovanın və Rza Xudiyevin, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev və Xəlil Hüseynovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyevin yaratdıqları obrazlar tamaşaçı alqışı ilə qarşılanmışdır.

Tamaşadan sonra səhnə arxasında yaradıcı heyətlə görüşən Ali Məclisin Sədri Vasif Talıbov "Ağa Məhəmməd şah Qacar" əsərini Naxçıvan teatrında səhnəyə qoyulan uğurlu tarixi dramlardan biri kimi dəyərləndirmiş, bu münasibətlə müəllifi və kollektivi təbrik edərək demişdir: "Ağa Məhəmməd şah Qacar" tamaşası qədim tarixə malik olan Naxçıvan teatrının repertuarında yeni bir səhifə açdı. Əsər yazılarkən müəllif ətraflı araşdırmalar aparmış və tarixin qaranlıq məqamlarına nəzər salaraq yaddaqalan obrazlar yaratmışdır. Rejissor işidüzgün aktyor seçimi isə əsərin uğurlu səhnə həllinə səbəb olmuşdur".

Ali Məclisin Sədri uğurlu ifalara görə aktyorlara təşəkkürünü bildirmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Yazıçı-dramaturq Əli Əmirli göstərilən qayğıya və verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.

 

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Azərbaycan.-2014.- 20 fevral.- S.4.