Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı

 qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur

 

 

Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.

Mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Uşak müftisi Xocalı qurbanlarının ruhuna dualar oxumuşdur.

Mərasimi açan Uşak bələdiyyəsinin sədri Əli Ərdoğan bildirmişdir ki, onun rəhbərlik etdiyi bələdiyyə məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması haqqında qərar qəbul etmiş və şəhərin ən görkəmli yerində möhtəşəm heykəl qoyulmuşdur. O vurğulamışdır ki, Xocalı qətliamı Türkiyənin də faciəsidir və türk xalqı azərbaycanlı qardaşlarının  sevincini paylaşdığı kimi, kədərini də bölüşür.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında demişdir ki, bu möhtəşəm abidə ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, sevincini və kədərini paylaşan, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın həmrəyliyinin daha bir rəmzidir.    

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir.  Ərəstun Mehdiyev bu möhtəşəm abidənin ucaldılmasına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına, Uşak bələdiyyəsinə təşəkkürünü bildirmişdir.   

Abidənin müəllifi Mert Kılınç bu abidənin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin rəmzi olmasından məmnunluğunu ifadə etmişdir. O, belə abidələrin başqa şəhərlərdə də ucaldılmasının zəruriliyini vurğulamışdır.

Sonra abidənin üzərindəki örtük götürülmüşdür.

Mərasim iştirakçıları abidənin ucaldığı parkda Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgiyə baxmışlar.

Mərasimdən sonra Uşak Universitetində "Xocalını unutma!" mövzusunda seminar keçirilmişdir.

Uşak Universitetinin rektoru, professor Sait Çelik seminarı açaraq bildirmişdir ki, hər il universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. O, Azərbaycanda gedən sürətli inkişaf proseslərini qürurla izlədiklərini söyləmişdir.

Xocalı soyqırımı haqqında məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirmişdir ki, Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Uşakda hər il anım mərasimlərinin keçirilməsi bizi keçmişimizi unutmamağa çağırır. O, Türkiyədə təhsil alan gənclərə müraciətlə bildirmişdir ki, gələcəkdə millətimizin başına bu cür müsibətlərin gəlməməsi üçün onlar layiqli vətəndaş olmalı və yaxşı təhsil almalıdırlar.

Seminarda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd etmişdir ki, bu gün Azərbaycanın ən faciəli gününü əks etdirən möhtəşəm bir abidənin açılışında iştirak etdik. Bu soyqırımı müstəqillik yoluna qədəm qoymuş Azərbaycana, eləcə də bütün türk dünyasına qarşı törədilmiş bir cinayət idi. Bu gün də Türkiyə və Azərbaycana qarşı müəyyən mərkəzlərdən fitnəkar hərəkətlər davam edir.  Həmin ağır gün dinc əhalini qətlə yetirən erməni cəlladları özlərini məzlum xalq kimi təqdim edərək saxta iddialarla Türkiyəni 1915-ci ildə "soyqırımı" törətməkdə ittiham edirlər. Bəzi beynəlxalq qüvvələr onların bu fitnə-fəsadından türklərə qarşı istifadə etmək istəyirlər. Bu hadisələrin araşdırılması və gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasında universitetlərin üzərinə böyük vəzifələr düşür. 

Milli Məclisin deputatı Aqil Abbas və Türkiyədəki Azərbaycanlıların Mədəniyyət və Təhsil Vəqfinin sədri Erol Göllü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Anadoluda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan söhbət açmışlar.

Seminar iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə baxmışlar.   

 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Uşak

Azərbaycan.-2014.- 20 fevral.- S.4.