«Ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar» geniş şərh edilmişdir

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyində "Ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə əmr imzalanmışdır.

AzərTAc xəbər verir ki, fevralın 19-da Təhsil Nazirliyində keçirilən mətbuat konfransında qurumun elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova, informasiya şöbəsi müdirinin müavini və şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov qeyd olunan qaydalar və əhəmiyyətindən danışmışlar.

Qeyd edilmişdir ki, müvafiq əmr Təhsil Nazirliyinin 1996-cı il  7 avqust tarixli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəaları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda olan ziddiyyətin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Əmrdə qeyd olunmuşdur ki, akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələbələrin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.

Məlumat verilmişdir ki, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi Qaydaları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir.

Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə" ilə tənzimlənir.

Diqqətə çatdırılmışdır ki, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.

Ali təhsilin magistratura səviyyəsində isə tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldıqları ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir.

Mətbuat konfransında bildirilmişdir ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, bakalavriat və magistratura səviyyələrində xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldıqları ali təhsil müəssisəsinə öz ixtisasları üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Diqqətə çatdırılmışdır ki, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı (ixtisas) üzrə qəbul planı (akkreditasiya haqqında sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır.

Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Vurğulanmışdır ki, xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində  yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınmalıdır.

Məlumat verilmişdir ki, bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasına köçdükdə bu Qaydaların 2.4-cü bəndində qoyulan tələblər, habelə tələbə akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində həmin ixtisas üzrə kadr hazırlığı aparılmadıqda bu Qaydaların 2.3-cü bəndinin birinci cümləsində qoyulan tələblər ali təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında (qiyabi təhsilalma formasından əyaniyə keçirilərkən çağırış yaşı çatmış oğlanlar üçün hərbi xidmətdən möhlət hüququ barədə arayış əlavə olunmaqla) rektorun əmri ilə həyata keçirilir. Bu halda oğlanların hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır.

Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə Qaydalarda qeyd olunmuş müvafiq sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidir. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Tələbələrin köçürülməsi mümkün sayıldığı hallarda ali təhsil müəssisəsi onların siyahısını (əvvəlki təhsil səviyyəsi barədə sənəd, qəbul və xaric olunma, təhsili barədə əmrlərdən çıxarışlar və blankı Təhsil Nazirliyi tərəfindən verilən dövlət nümunəli akademik arayış əlavə olunmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir.

Təqdim edilmiş sənədlər Təhsil Nazirliyində yoxlanılır və müsbət rəy olduğu halda, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi məsələsini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ilə razılaşdırır. Müsbət qərar qəbul olunduğu təqdirdə, Təhsil Nazirliyi tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq məktubla akademik arayış blankını, köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə öz razılıq məktubunu göndərir.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyinin məktubunu aldıqdan sonra 2 (iki) iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik arayışla birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. Həmçinin tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra 2 (iki) günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə ediruyğun olanları nəzərə alaraq, onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

Tələbələr sırasından xaric edilmə proseduruna gəlincə, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilə bilərlər. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər (oğlanlar) hərbi xidmətə çağırışdan möhlət hüququnu itirirlər.

Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda Qaydaların 1.7 - 1.10-cu və 2.2 - 2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə reallaşdırılır.

Bildirilmişdir ki, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə Qaydaların 2.7-ci bəndində göstərilən sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Tədbirdə qeyd edilmişdir ki, tələbəyə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (xidmət müddətində), ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətdə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətdə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə akademik məzuniyyət verilir. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 20 fevral.- S.6.