Azərbaycanın kənd təsərrüfatı
naziri
İsraildə bir sıra
görüşlər keçirmişdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Səfərdə məqsəd kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etməkdir.
Səfər çərçivəsində nazir Heydər Əsədov İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyində görüş keçirmişdir. Görüşdə İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik, tənzimləmə, kooperativlər, idarəetmə sistemi, aqrar sahəyə dövlət dəstəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Sonra nazir Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəz (CİNADCO) ilə tanış olmuşdur. Mərkəzdə Azərbaycanın kənd təsərrüfatı mütəxəssislərinin CİNADCO tərəfindən təşkil olunan təlim kurslarında iştirakı, eləcə də ölkəmizin aqrar sahəsindəki prioritetləri üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilmişdir.
Daha sonra Heydər Əsədov İsrail - Azərbaycan Ticarət və Sənaye Palatasını və İsrailin aqrar sənaye sahəsini təmsil edən nümayəndələr ilə görüşərək aqrar sahədə investisiya qoyuluşu barədə fikir mübadiləsi aparmışdır.
Fevralın 19-da nazir Heydər Əsədovun İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşü nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.-2014.- 20 fevral.- S.6.