Monako Knyazı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin, gənc rəssamların və heykəltəraşların əl işlərindən ibarət sərginin açılışında iştirak etmişdir

 

Monako Knyazı II Albertin Azərbaycana səfəri

 

Fevralın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində tələbələrin, gənc rəssamların və heykəltəraşların əl işlərindən ibarət "Azərbaycan narı" mövzusunda sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Monako Knyazı II Albert sərginin təntənəli açılış mərasimində iştirak etmişdir. Mərasimdə hökumət rəsmiləri, Heydər Əliyev Fondunun nümayəndəsi, incəsənət xadimləri və akademiyanın tələbə-müəllim heyəti iştirak etmişlər.

Qonağa məlumat verilmişdir ki, sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "AZNAR" şirkətinin, ADRA-nın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Müsabiqəyönlü bu sərgiyə tələbə və gənc rəssamların, heykəltəraşların əsərləri təqdim olunmuşdur.

Sərgidə, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən xoreoqrafik rəqs quruluşu da nümayiş olunmuşdur.

Sonra Monako Knyazı II Albertə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Məmmədhüseyn Hüseynovun toxuduğu xalça hədiyyə olunmuşdur.

Rəsmi açılış mərasimindən sonra münsiflər heyətinin sonuncu qapalı iclası olmuş və mükafatların təntənəli təqdim edilməsi mərasimi keçirilmişdir. Həmçinin xoreoqrafik rəqs quruluşu təqdim edən tələbələrin sırasından qaliblər mükafatlandırılmışlar.

Müsabiqədə yer tutmuş gənc rəssamlar "AZNAR" şirkətinin mükafatına layiq görülmüşlər. Sərgidə iştirak edən və yer tutmayan bəzi işlər isə "AZNAR" şirkəti tərəfindən alınmış və eyni zamanda, həmin əsərlərin müəlliflərinə də mükafatlar təqdim olunmuşdur. Müsabiqədə qalib gələn əsərlər tədbirin şərtlərinə əsasən, "AZNAR" şirkətinə hədiyyə edilmişdir.

Bir həftəyədək davam edəcək sərgidə 100-dən artıq əl işi nümayiş olunur. Onlardan 14-ü heykəltəraşlıq, digər işlər isə dekorativ-tətbiqi sənət nümunələridir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 20 fevral.- S.8.