Prezidentin əhalinin sağlamlığının qorunmasına dair

tapşırıq və göstərişləri uğurla icra olunur

 

Bakı

 

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.

AzərTAc xəbər verir ki, 20 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. İlk növbədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva demişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Fevralın 17-dən indiyədək 1, 3, 5 və 20 nömrəli poliklinikalarda artıq 4000 nəfərdən çox rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 137 mindən çox rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından yararlanacaqdır. Bizim əsas vəzifəmiz əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdir. 

Poliklinikanın baş həkiminin müavini Tahirə Əfəndiyeva isə təmsil olunduğu müəssisədə fevralın 17-dən indiyədək 1000 nəfərdən çox sakinin müayinə olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. Baş həkimin müavini onu da bildirmişdir ki, müayinələr zamanı vətəndaşlarda müəyyən xəstəliklər aşkarlanarsa, onlar müalicə almaq üçün yüksək profilli xəstəxanalara göndəriləcəklər.

Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Müayinədən keçən rayon sakini Ədalət Əsədov isə bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir.

 

 

 

Pirallahı

 

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 17-dən Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.

Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, kampaniya ərəfəsində operativ tədbirlər planı hazırlanmış, rayon rəhbərliyi yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin müayinəyə hazırlığı barədə tapşırıqlar verilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tədbirlər planının və verilən tapşırıqların icrası istiqamətində müvafiq aparır.

Aksiya çərçivəsində rayon üzrə ümumilikdə 18 mindən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bununla bağlı 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və "Azmedicon" MMC-nin Neft Daşları Tibbi Sanitar Hissəsində lazımi hazırlıq işləri görülmüşdür.

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirmişdir ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş xəstəxana bu ilin yanvarında istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdirburada əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloqdermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır. Həkimlərdən Həsən Quliyev, Tamara Ağayeva, Mübariz Abbasov, Kəmalə Mustafayeva, Nəzakət Əliyeva, Sevda Əliyeva və başqaları sakinlərin hər bir müraciətinə həssaslıqla yanaşırlar. Gün ərzində 200 nəfərdən çox sakin müayinədən keçir.

Səhər saatlarından başlayaraq rayonun digər səhiyyə ocaqlarına axışan insanlar da növbə ilə qeydiyyatdan keçir, həkimlərin qəbulunda olurlar. Rayonda əhalinin ödənişsiz tibbi müayinəsi mayın 1-dək davam edəcəkdir.

 

 

 

Sumqayıt

 

 

Şəhər sakinləri yekdilliklə Azərbaycan Prezidenti İlham Əliyevin "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinə olunmalıdır" çağırışına qoşulmuşlar.

Fevralın 17-dən başlayaraq şəhərin tibb müəssisələrində sakinlərin məcburi profilaktik müayinəsi aparılır.

AzərTAc xəbər verir ki, vətəndaşların müayinə olunduqları tibb müəssisələri arasında müasir avadanlıqla təchiz edilmiş 2 nömrəli şəhər xəstəxanası da vardır. Ötən ilin oktyabrında əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxananın həkim briqadaları hər gün saat 9-dan 17-dək idarə, müəssisə və təşkilatların əməkdaşlarını qəbul edirlər. İnsanlar mütəşəkkil şəkildə, sakitliyə riayət edərək, bir-birinin ardınca həkimlərin kabinetlərinə daxil olur, müayinədən keçirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev bildirmişdir ki, əhalinin ümumi dispanserləşdirilməsi  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Bununla əlaqədar olaraq bir neçə gün əvvəl şəhər icra hakimiyyəti başçısının yanında şuranın iclasında tədbirlər planı təsdiq edilmiş, cədvəl hazırlanmış, məsul şəxslər müəyyən olunmuş, dövlət başçısının tapşırığının icrası üzrə xüsusi komissiya yaradılmışdır.

E.Həbibullayev demişdir ki, bu il ölkə vətəndaşları ilk dəfə məcburi qaydada dispanserləşdirmədən keçəcəklər. Dispanserləşdirmə pulsuzdur. Risk faktorlarının erkən mərhələdə aşkar edilməsi və müalicənin vaxtında aparılması xəstəliklərin inkişafının qarşısını almağa, ölüm və əlillik hallarını azaltmağa imkan verəcəkdir.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyevin sözlərinə görə, şəhərin tibb müəssisələrində əhalinin məcburi profilaktik müayinəsinin operativ aparılması üçün zəruri olan bütün tədbirlər görülmüşdür. Hər kəs profilaktik müayinədən keçməlidir. Hətta insan özünü sağlam hiss etsə, heç bir şikayəti olmasa da, çox vaxt dispanserləşdirmə zamanı onda müalicəsi erkən mərhələdə daha səmərəli olan xroniki xəstəliklər aşkar edilir.

Ə.Tağıyev onu da bildirmişdir ki, əhalinin tibbi müayinəsi iki mərhələdə aparılacaqdır. Birinci mərhələ (skrininq) xəstəliklərin erkən aşkara çıxarılması və xəstəliyi olduğu ehtimal edilən vətəndaşların seçilməsi məqsədilə aparılır. İkinci mərhələ xəstəliyin təkrar müayinəsini və diaqnozun dəqiqləşdirilməsini, mütəxəssislər arasında ciddi profilaktik məsləhətləşmələrin aparılmasını əhatə edir. Müayinə əsasında pasiyent barədə bütün məlumatların toplandığı ambulator kartlar yaradılır.

Ə.Tağıyev demişdir ki, dispanserləşdirmənin ilk günündə 3700 Sumqayıt sakini, ikinci günündə isə 3943 nəfər müayinədən keçmişdir. Onlar üçün funksional diaqnostika xətti ilə 4100-dən çox müxtəlif müayinə aparılmışdır.

"Regional Nəqliyyat" MMC-nin aparıcı mütəxəssisi Ədalət Ağayev müayinədən sonra yaradılmış şəraitdən razı qaldığını bildirərək demişdir: "Hər bir insanın sağlamlığına diqqət göstərən dövlət başçısı çox sağ olsun. Bu bir daha təsdiq edir ki, İlham Əliyev həqiqətən ölkənin hər bir vətəndaşının Prezidentidir".

Şəhərin gənc sakini Gözəl Bəhrami həkimlərin pasiyentlərə diqqətlə və məsuliyyətlə yanaşdıqlarını vurğulayaraq demişdir: "Müayinə zamanı həkimlər sağlamlığımda bəzi problemlərin olduğunu bildirdilər. Mütəxəssisə müraciət etməyi sonraya saxlamaq istədim, lakin həkimlər israrla müayinəni davam etdirdilər. Mən onlara minnətdaram. Dövlətin öz vətəndaşlarına belə qayğı göstərməsi çox yaxşı haldır".

 

 

 

Lənkəran

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq Lənkəran rayonunda əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasında, Müalicə-Diaqnostika Mərkəzində, həmçinin yerlərdəki tibb müəssisələrində əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) poliklinika şöbəsində təşkil olunmuş pulsuz tibbi müayinələrdən 18 yaşdan yuxarı vətəndaşlar keçirlər. Şəhər icra hakimiyyəti nəzdində yaradılmış komissiyanın üzvləri müayinələrin gedişinə nəzarət edirlər. Müayinələri təcrübəli həkimlərdən təşkil olunmuş 8 briqada həyata keçirir.

Həkim briqadaları məktəblərdə, uşaq bağçalarında da müayinələr aparacaq, poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.

İki gün ərzində rayonun 1500 nəfərə yaxın sakini tibbi müayinədən keçmişdir.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev AzərTAc-a bildirmişdir ki, tibbi müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlar Lənkəran rayonunun tibb müəssisələrində pulsuz müalicə olunacaqlar. Müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinin müvafiq səhiyyə ocaqlarına göndəriləcəklər.

Mayın 1-dək davam edəcək humanitar aksiya lənkəranlılar tərəfindən razılıqla qarşılanmışdır. Onlar əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

 

 

 

Füzuli

 

 

Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Füzuli rayonunda əhalinin tibbi müayinəsi Horadiz şəhər, Əhmədbəyli kənd, Qayıdış qəsəbə xəstəxanalarında, rayon mərkəzi xəstəxanasında və Füzuli tibb mərkəzində aparılır.

Horadiz Şəhər Xəstəxanasının baş həkimi Şaiq Şükürov AzərTAc-a müsahibəsində bildirmişdir ki, çalışdığı tibb ocağında sakinlərin müayinəsi uğurla davam etdirilir. Xəstəxananın həkimləri bu nəcib aksiyaya həvəslə qoşulmuşlar. Aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir.  Xəstəxanada aksiyanın ilk günündə 231 nəfər, ikinci günündə isə 200-ə yaxın vətəndaş tibbi müayinədən keçirilmişdir. Var qüvvəmizlə çalışacağıq ki, dövlət başçısının tapşırığını uğurla icra edək, rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərək.

 

 

 

Mingəçevir

 

 

 

Prezident İlham Əliyevin bu humanist addımı, onun Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti mingəçevirlilər tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Bu sözləri tibbi müayinə olunan şəhər sakini Səfa Hüseynova AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, bu müayinələr əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir: "Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm. Təbii ki, bu aksiya yeganə tədbir deyildir. Son illər Mingəçevir şəhərində və ətraf rayonlarda tez-tez səhiyyə günləri keçirilir, Bakıda fəaliyyət göstərən tanınmış səhiyyə ocaqlarının kollektivləri bölgəyə gələrək əhaliyə yerindəcə tibbi xidmət göstərirlər".

Şəhər sakini İlkin Əliyev də tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsindən, həkimlərin sakinlərə nəvazişlə, qayğı ilə yanaşmalarından razılığını bildirmişdir. O, ailə üzvləri ilə birlikdə xəstəxanaya gələrək müayinə olunduqlarını söyləmişdir.

İlkin Əliyev daha sonra demişdir: "Mən əhalinin tibbi müayinəsi ilə bağlı dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu aksiyanı ürəkdən dəstəkləyirəm. Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Son illərdə ölkəmizdə insanların sağlamlığının qorunması istiqamətində köklü islahatlar aparılır. Bu gün respublikamızın elə bir bölgəsi yoxdur ki, orada ən müasir səhiyyə ocağı olmasın. Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmir edilməsi  bizi çox sevindirir. Əminəm ki, xəstəxana müasir standartlara uyğun şəkildə təmir edildikdən sonra lazımi tibbi avadanlıqla təchiz ediləcək və şəhər sakinlərinin müalicə üçün Bakıya getməsinə ehtiyac qalmayacaqdır".

 

Azərbaycan.-2014.- 20 fevral.- S.9.