Bəşəriyyətə qarşı amansız cinayət

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

 

 

Tarixə qanla yazılan gün

 

 

 

Yaranan vəziyyətdən maksimum faydalanmağa çalışan ermənilər Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də saat 22.00 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı dəstələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdilər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviçmayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak edirdilər. Hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top və digər müasir hərbi texnikadan istifadə olundu.

 

Hücumdan əvvəl şəhər şiddətli top atəşinə tutuldu. Güclü artilleriya atəşi şəhərdə olan müdafiə postlarını və müdafiə nöqtələrini sıradan çıxardı. Bundan sonra gecə saat 1.00-dan başlayaraq 4.00-a qədər piyadaların şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı müqavimət nöqtəsi səhər saat 7.00-da susduruldu. Bu zaman yenə də 366-cı alayın texnikasından istifadə olundu.

 

Beləliklə, ermənilər çoxsaylı tanklar, PDM və zirehli transportyorların müşayiəti ilə Xocalını ələ keçirdilər. Onlar şəhərə daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməyə başladılar. Azğınlaşmış düşmən mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara, bir sözlə, qarşılarına çıxan hər bir kəsə müxtəlif çaplı odlu silahlardan atəş açır, hərbi texnikanın altına salıb əzir, mühasirədən çıxıb qaçmağa müvəffəq olanları isə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürürdülər. Əsir və girov götürdükləri azərbaycanlılara  aman vermir, işgəncə ilə qətlə yetirirdilər.

 

İnsan cəsədlərinin, başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir, gözləri çıxarılırdı. Qadınların qarınları yarılır, adamlar diri-diri torpağa basdırılır və ya yandırılır, meyitlər eybəcər hala salınırdı. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biribudur ki, həmin gün qaçıb xilas olmaq istəyənlərin çoxu ərazinin çıxış yollarında əvvəlcədən qurulmuş pusqularda güllələnmişdir.

 

Faciənin törədilməsinə rəvac verənlər sırasında Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və işğalçı ölkənin indiki dövlət başçısı Serj Sarkisyan da vardı. Hələ 1992-ci ildə Levon Ter-Petrosyan erməni ordusuna müraciətində deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtaranaorada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir". Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin sahibi idi.  Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanlarından olub, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölümünə əmr verib və beləliklə, soyqırımında şəxsən  iştirak edib. Bu mənada Sarkisyanın Tomas de Vaalın "Qara bağ" kitabında yer alan aşağıdakı fikirləri də çox şey deyir: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq".

 

Faciə baş verən gün əsasən qadınlar, uşaqlarqocalardan ibarət dəstə Qaraqaya tərəfə üz tutaraq Əsgəranın qarşısında, meşədə gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində qaçan adamların bir qismi  böyük çətinliklə Dəhraz kəndinə gəlib çıxsa da, orada yenə silahlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildilər, əsir götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər törədən, soyqırımı həyata keçirən ermənilər ən vəhşi üsullardan, işgəncə metodlarından istifadə edir, öldürülmüş insanların cəsədlərinin başına min bir oyun açdılar.

 

Möcüzə nəticəsində sağ qalan Xocalı sakinləri baş verənləri belə xatırlayırlar:

 

"Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitlər isə tikə-tikə doğranmışdılar", - deyə Camal Heydərov bildirir. Şahin Heydərov Naxçıvanik kəndi yaxınlığında 80-ə yaxın meyit görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Cəlil  Hümbətovun gözü qarşısında ermənilər həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişdilər.

Kübra Paşayeva Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdü. Gizləndiyi kolluqdan həyat yoldaşı Şura Paşayevin, oğlu Elşadın güllələnməsinin şahidi olmuşdu. Xocalı işğal edilən zaman Xəzəngül Əmirovanın ailəsini erməni silahlıları bütünlüklə girov götürmüşdülər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Təvəkkül Əmirovu isə benzin tökərək yandırmışdılar. Zoya Əliyeva 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Dünya Əhmədova və onun bacısı Gülxar donub ölmüşdülər. Səidə Kərimovanın qızı Nəzakəti, yanında olan Tapdığı, Səadəti, İradəni işgəncə ilə qətlə yetirmişdilər. Səriyyə Talıbova isə belə bir dəhşətli hadisənin şahidi olmuşdur: "Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçüsünün qəbri üstündə 4 Məhsəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərinin gözü qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər. Az sonra Milli Ordunun formasında 2 azərbaycanlı gətirdilər, iti dəmirlə onların gözlərini çıxartdılar". Faciə baş verən zaman 11 yaşı olan Ramil Həsənov deyir ki, dostlarım ElçinElgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular.

 

 

 

İnsanların başlarının dəriləri soyulmuş, burunları, qulaqları kəsilmişdi

 

 

 

Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 194 meyit (130 kişi, 51 qadın, 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülüb, meyitlərin əksəriyyətinin baş dəriləri soyulub, burunları, qulaqları və digər orqanları kəsilib.

 

Törədilən vəhşilikləri sonradan ermənilər özləri də açıq etiraf edirdilər. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlardan olan yazıçı Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Erməni yazıçı-jurnalist David Xerdiyan da Xocalıda ermənilərin azərbaycanlıların  başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Martın 2-də "Qaflan" erməni qrupu türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaqimdad səsləri gəlirdi".

Baş verən bu dəhşət haqqında dünya mediasında aşağıdakı fikirlər yer almışdı: "Krua l'Eveneman" jurnalı (Paris): "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər".

"Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər".

"Faynənşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silahadam göndərir".

"Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır".

"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür".

"Faynənşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: "General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır".

"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır".

"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar region"da erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın SuriyaLivanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər".

 

 

 

(ardı var)

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 20 fevral.- S.11.