Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Parlamenti Məclisi

 sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlət  başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd etdi. Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırdı. O bildirdi ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu şəxsən qəbul etdiPrezident İlham Əliyevə ən səmimi arzularını, möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləklərini çatdırmağı xahiş etdi. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğuladı. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğuladı. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlət başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 21 fevral.- S.1.