Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son illər Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əsaslar üzərində səmərəli əməkdaşlıq etdiyini vurğulayan Baş nazir Artur Rasizadə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də əlaqələrin inkişafına önəm verildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, regionda həyata keçirilən iri layihələrin əsas iştirakçısı kimi Azərbaycan həmin layihələrin uğurlu icrası sayəsində həm özünün sosial-iqtisadi və maliyyə imkanlarını artırmış, həm də ümumən regionun iqtisadi xəritəsinin zənginləşməsinə rəvac vermişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun təmsil etdiyi qurum ilə Azərbaycan hökuməti arasında qarşılıqlı münasibətlərin inkişafına göstərilən diqqətə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirmişdir. O, bundan sonra da qarşılıqlı əməkdaşlığın inkişaf edəcəyinə əminliyini söyləmişdir. Görüşdə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.1.