Milli Məclisdə Azərbaycan-Bolqarıstan
əlaqələrinin
inkişaf perspektivləri müzakirə edilmişdir
Fevralın 20-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqdan danışmışdır. Sədr bildirmişdir ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir. Qeyd edilmişdir ki, əməkdaşlıq üçün yaxşı hüquqi baza da vardır. İndiyədək 40-dan çox ikitərəfli sənəd imzalanmışdır. Daha 13 sənəd isə imzalanmaq üçün hazırlanır. İqtisadi əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması üçün yaxşı potensial vardır.
Milli Məclisin Sədri Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan danışaraq həyata keçirilən iri layihələrdən bəhs etmişdir. O, parlamentlərarası münasibətlərin səviyyəsindən də razılığını bildirmiş, beynəlxalq qurumlardakı birgə səmərəli fəaliyyətin məmnunluq doğurduğunu qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov vurğulamışdır ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı 20 ildən artıqdır davam edən danışıqları heç bir nəticə verməmişdir. Milli Məclisin Sədri təəssüflə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır.
Baş nazir Plamen Oreşarski Bolqarıstan ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. Qonaq ölkələrimiz arasında, xüsusilə energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmişdir. O, Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair imzalanan sənədlərin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə ölkələrimiz
arasında əməkdaşlığın inkişaf
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 21 fevral.- S.2.