«ASAN xidmət»in
Avropa Parlamentində təqdimatı keçirilmişdir
Avropa Parlamentində "Azərbaycanda
innovasiya və mobil kimlik: Avropaya
rəqəmsal inteqrasiyanın
yeni növü" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində
həyata keçirilən
islahatlarla bağlı
məsələlər müzakirə
edilmişdir.
Konfransda Avropa Komissiyasının və Avropa Parlamentinin üzvləri, Azərbaycanın və Estoniyanın hökumət
və biznes nümayəndələri, informasiya
texnologiyaları sahəsində
fəaliyyət göstərən
beynəlxalq şirkətlərin
nümayəndələri iştirak
etmişlər.
Konfransı giriş sözü ilə açan Avropa Parlamentinin Estoniyadan olan deputatı, Estoniyanın sabiq xarici işlər
naziri xanım Kristina Oyuland Sovet İttifaqının
dağılmasından sonra
Estoniyada institusional sahədə islahatların
yeni texnologiyalar üzərində aparılmasının
faydalarını vurğulamış,
"Skype"ın vətəni
Estoniyada elektron xidmətlərin köhnə
metodları üstələdiyini
qeyd etmişdir. K.Oyulandın sözlərinə görə,
ölkəsi Azərbaycanın
da bənzər hədəflərə çatmasına
yardım göstərsə
də, sonradan "şagird müəllimini ötüb keçmişdir".
O, Azərbaycanda çox
qısa bir müddət ərzində
böyük populyarlıq
qazanmış "ASAN xidmət"in
nailiyyətlərini alqışlamış və
bunun tək vətəndaşlar üçün
deyil, həm də hökumət üçün faydalı
olduğunu söyləmişdir.
Xanım
Oyulandın sözlərinə
görə, mülki xidmətlərdə bürokratik
əngəllərin aradan
qaldırılması hakimiyyət
orqanlarına əlavə
xərclərdən yan
keçməyə imkan
verir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov
2013-cü ildən etibarən
"ASAN imza"nın
istismara verilməsinin
və təhlükəsizlik
sisteminin yaradılmasının
istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğu
müəyyənləşdirməyə imkan yaratdığını
bildirmişdir. O, "ASAN imza"
layihəsinin Azərbaycan
və Avropa İttifaqı arasında daha səmərəli əlaqələrin qurulmasına
töhfə verəcəyini
vurğulamışdır.
Sonra
"ASAN xidmət"ə həsr
olunmuş video-çarx
nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov isə
çıxışında 2005-ci ildən etibarən elektron hökumətin yaradılmağa başlandığı
barədə məlumat
verərək uzun illər planlı təsərrüfat sistemində
yaşamış Azərbaycanda
əvvəllər vergi
orqanlarının olmadığını,
yalnız müstəqillik
illərində əhalidə
vergi mədəniyyətinin
formalaşdırılması və vergi qanunvericiliyinin
hazırlanması kimi
işlərin görüldüyünü
bildirmişdir. S.Ələkbərov
konfrans iştirakçılarına
Azərbaycanın vergi
sistemi, bu sahədə aparılan islahatlar barədə məlumat verərək qeyd etmişdir ki, əvvəllər biznesin qeydiyyatı üçün təxminən
2 aya qədər vaxt tələb olunurdusa, son iki ildə proseslərin elektronlaşdırılması nəticəsində bu proses cəmi bir neçə dəqiqə ərzində
başa çatdırılır:
"Dünya Bankının
son "Doing Business" hesabatına əsasən, bu gün Azərbaycan biznesin qeydiyyatı sahəsində ilk on dövlətin
sırasında qərarlaşıb.
2013-cü ildən etibarən Azərbaycanda
"ASAN imza" layihəsinin
tətbiqinə başlanılması
və təhlükəsizlik
sisteminin yaradılması
isə istifadəçilərə
mobil telefonlar vasitəsi ilə rəqəmsal uyğunluğu
müəyyənləşdirməyə imkan yaratmışdır.
"ASAN imza" mobil-hökumət layihəsi
çərçivəsində yeni nəsil elektron xidmətlərin tətbiqində inkişaf
mərhələsinin başlanğıcı
hesab edilir".
Çıxış edən Estoniyanın İqtisadi İşlər
və Rabitə Nazirliyinin dövlət informasiya sistemləri və rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla
rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan
məmnunluğunu bildirmişdir. Enerji sahəsində əməkdaşlığın
qarşılıqlı maraq
üzərində qurulduğunu
qeyd edən T.Kotka bunun bütün
sahələri əhatə
etdiyini, yeni texnologiyaların və bu sahədə aparılan islahatların insanların həyatının
rahatlaşdırılmasında, yeni iş yerləri,
sərmayə sahələri,
rəqəmsal bazarın
yaradılmasında böyük
rol oynadığını
bildirmişdir.
Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də vətəndaşlara göstərilən
xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışmış
və Azərbaycandakı
elektron xidmətlərin
cari vəziyyəti ilə bağlı arayış vermişdir.
Avronest Parlament Assambleyasının
həmsədri, bolqarıstanlı
Yevgeni Kirilov və Avropa Parlamentində mühafizəkarlar
və islahatçilar
qrupunun başçısı
Martin Kallanan konfransda çıxış edərək
Azərbaycanda həyata
keçirilən "Elektron
hökumət" layihəsini
yüksək qiymətləndirmiş,
mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.
Daha sonra Azərbaycan Respublikası
Vergilər Nazirliyi yanında ASAN Sertifikat Xidmətləri Mərkəzi
və Estoniyanın Sertifikatlaşdırma Mərkəzi
arasında anlaşma memorandumu imzalanmışdır. Memorandumu
Azərbaycan tərəfdən
vergilər nazirinin müavini Sahib Ələkbərov, Estoniya
tərəfdən Sertifikat
Mərkəzinin İdarə
Heyətinin sədri Kalev Pihl imzalamışlar.
Sonra konfrans öz işini 2 paneldə davam etdirmişdir.
Müzakirələr panelinin 1-ci hissəsi "Mobil kimlik: insanların ölkələrarası
əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin
əməkdaşlığı" mövzusunda olmuşdur.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva "ASAN imza" layihəsi haqqında təqdimatla çıxış
edərək mobil hökumətin elektron hökumət ideyasının
növbəti mərhələsi
olduğunu vurğulamışdır. S.Musayeva
"ASAN imza"nın
hansı zərurətdən
doğduğu, vətəndaşlara
hansı rahatlıqlar
gətirdiyini faktlarla izah etmişdir. O, təmsil etdiyi nazirliyin "ASAN imza"nın öz xidmətlərinə necə
inteqrasiya etdiyini və buna bağlı
olan digər xidmətləri də təqdim etmişdir.
Elektron hökumətlə bağlı
ikinci müzakirə panelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
nümayəndəsi İsbəndiyar
Əliyev "Elektron hökumət" layihəsinin
həyata keçirilməsinin
cari vəziyyəti ilə bağlı məlumat vermiş,
"ASAN xidmət"in şöbə
müdiri Azad Cəfərli
isə təmsil etdiyi qurumun fəaliyyətinin insan hüquqları kontesktində
təhlilini vermişdir. "Cybernetica"nı
təmsil edən Arne Ansper ölkələrarası
əməkdaşlıqdan, Vergilər Nazirliyinin baş idarə rəisi İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa
İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik əməkdaşlığın
gələcək perspektivlərindən
danışmışlar.
Azərbaycan.-2014.-
21 fevral.- S.3.