Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində məşhur mütəxəssislərlə görüşmüşdür

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası sahəsində dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom BreytenmozerLondon Zoologiya Cəmiyyətinin eksperti Kris Rensom ilə görüşmüşdür. Görüşdə Arzu Əliyeva da iştirak etmişdir.

Ekspertlər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmişlər. U.BreytenmozerK.Rensom Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.

Görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən səmərəli yolları müzakirə edilmişdir.

Tanınmış ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən IDEA Resurs Mərkəzinə də baş çəkmiş, beynəlxalq miqyaslı təşkilatın təbiətin mühafizəsi üçün həyata keçirdiyi və planlaşdırdığı mühüm layihələrlə tanış olmuşlar. Onlar həmçinin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri E.Əsgərovla da görüşmüş, dövlət və QHT-lər tərəfindən bu istiqamətdə həyata keçirilən işlərlə bağlı məlumatlar almışlar.

Xarici mütəxəssislər bir müddət əvvəl monitorinq zamanı Qafqaz bəbirinin müasir "fototələ" qurğusu vasitəsilə rəsminin çəkildiyi Hirkan Milli Parkında da olacaqlar. Qeyd edək ki, bu qoruqda rast gəlinən bəbir yarımnövü əvvəllər Şimali Qafqazdan Qırmızı dənizədək və Bosfordan Pakistana qədər uzanan areallarda yaşasa da, sonradan - XX əsrdə nəsli xeyli dərəcədə tükənmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 21 fevral.- S.4.