Müasir İncəsənət Muzeyində tanınmış rəssam Rəşad

 Ələkbərovun «Sözlər» adlı fərdi sərgisi açılmışdır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur

 

 

Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, insanı ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyaların müəllifi Rəşad Ələkbərovun "Sözlər" adlı fərdi sərgisi açılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur.

Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı sərginin açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova qeyd etmişdir ki, Müasir İncəsənət Muzeyi yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başlamışdır. Məryəmin fərdi sərgisi böyük uğurla keçmişdir.

Aida Mahmudova yeni sərgi haqqında məlumat verərək demişdir ki, Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. O bildirmişdir: "Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi vardır. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur".

Qeyd olunmuşdur ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.

Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirmişdir.

Sonra sərgiyə baxış olmuşdur.

Sərgidə rəssamın 5 əsəri nümayiş olunur. Bunlardan "Ümid" və "Məqsəd" adlı əsərləri avtoportretdir. Digər əsərləri isə "Mənə incəsənət göstər", "Hər parıldayan qızıl deyil" və "Haradan gəlib, hara gedirsən?!" adlanır.

Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirmişdir. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil etmişdir. Ötən ilin yazında isə rəssamın "Lost in translation. This too shall pass" ("İtmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində "YARAT" Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənmişdir.

Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 21 fevral.- S.4.