Azərbaycanın görkəmli teatr və kino
aktrisası, xalq
artisti
Firəngiz Şərifova
son mənzilə yola salınmışdır
Fevralın 20-də görkəmli teatr və kino aktrisası, xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Firəngiz Abbasmirzə qızı Şərifova son mənzilə yola salınmışdır.
AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunun səhnəsində qoyulmuşdu.
Salonda həzin
matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının
Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət
təşkilatları və
müxtəlif kollektivlər
adından əklillər
və çiçəklər
düzülmüşdü.
Firəngiz Şərifovanın həmkarları, dostları,
tanışları, tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
mərhumun yaradıcılığının
pərəstişkarları axın-axın Azərbaycan
Teatr Xadimləri İttifaqının binasına
gəlir, görkəmli
sənətkara və
gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev mərhum sənətkarın Azərbaycan
teatrının inkişafı
istiqamətində yorulmaz
fəaliyyətindən, yaratdığı
biri-birindən bənzərsiz
obrazlar qalereyasından,
insani keyfiyyətlərindən
geniş söz açmışdır.
Görkəmli sənətkarın həyat
və yaradıcılığından
danışan nazir bildirmişdir ki, Firəngiz Şərifova
1924-cü il fevral ayının 6-da Bakı şəhərində
Azərbaycan teatrının
korifeyləri, qüdrətli
sənətkarlar - SSRİ xalq
artisti Mərziyə Davudovanın və xalq artisti Abbasmirzə
Şərifzadənin ailəsində
dünyaya gəlmişdir.
1947-49-cu illərdə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Musiqili Teatrı), 1949-61-ci illərdə
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında, 1961-65-ci illərdə
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında çalışan
Firəngiz Şərifova
1965-ci ildən sənət
taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına
bağlamış və
2011-ci ilədək fəaliyyətini
doğma teatrda davam etdirmişdir. Müqtədir sənətkar bu
illər ərzində
teatr səhnəsində
müxtəlif xarakterli
obrazlar yaratmışdır.
Firəngiz Şərifova 1958-ci ildə
Azərbaycan Respublikasının
əməkdar artisti,
1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür. Görkəmli sənətkar zəngin yaradıcılıq axtarışları
ilə milli teatr və kino
sənətinin inkişafına
dəyərli töhfələr
vermişdir.
Diqqətə çatdırılmışdır ki, görkəmli aktrisa sağlığında
dövlətin diqqət
və qayğısı
ilə daim əhatə olunaraq "Şöhrət" ordeninə
layiq görülmüş,
Prezident təqaüdü
almışdır.
Firəngiz Şərifova milli
teatr sənəti sahəsindəki xidmətlərinə
görə Azərbaycan
Respublikasının və
Naxçıvan Muxtar
Respublikasının Ali Sovetinin
fəxri fərmanlarına,
"Zirvə", "Qızıl
Dərviş" və
"Humay" mükafatlarına
layiq görülmüşdür.
Vida mərasimində Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri,
xalq artisti Azər Paşa Neymətov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru Cəmil Quliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının direktoru
Mübariz Həmidov, xalq artisti Ağaxan
Salmanov çıxış
edərək görkəmli
sənətkarın Azərbaycan
teatr sənətinin inkişafında əvəzsiz
xidmətlərindən danışmış,
onunla bağlı xatirələrini bölüşmüş,
aktrisanın vəfatını
böyük itki hesab etmişlər.
Bildirilmişdir ki, unudulmaz aktrisa Firəngiz Şərifova milli teatr sənətinin əvəzolunmaz sənətkarlarından
biri idi. Aktrisanın böyük populyarlıq qazandığı çoxsaylı
obrazları vardır.
Canlandırdığı obrazların yüksək
bədii dəyəri
və ifa etdiyi rolu özününküləşdirmək
bacarığı istedadlı
aktrisanı xalqın sevimlisinə çevirmişdir.
Qeyd edilmişdir ki, Firəngiz Şərifova gənc yaşlarından başlayaraq C.Cabbarlı adına "Azərbaycanfilm"
Kinostudiyasında istehsal
olunan "Qaraca qız" (Yasəmən),
"Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə"
(Nənə), "Qərib
cinlər ölkəsində"
(Tükəz), "Qətl
günü" (Nənə)
filmlərində müxtəlif
rollara çəkilmişdir.
Vurğulanmışdır ki, görkəmli
sənətkarın "Bir
ailəlik bağ evi" filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq
xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.
Çıxış edənlər Firəngiz Şərifovanın əziz
xatirəsinin daim teatrsevərlərin və
onu tanıyanların qəlbində yaşayacağını
bildirmişlər.
Mərhumun ailəsi adından çıxış edən
nəvəsi Eldar Qasımov istedadlı sənətkarın xatirəsinə
göstərilən hörmət
və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli
aktrisanın cənazəsi
son mənzilə yola salınmışdır.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan.-2014.- 21 fevral.- S.4.