Mənəviyyat arxa planda qalanda
Dəyərlər maddi və mənəvi olmaqla iki qismə bölünür.
Maddi
dəyərlər gözlə görünür, toxunanda hiss
edilir, təsirə gec uğrayır.
Mənəvi
dəyərlər isə daha çox insanların
yaddaşlarına yazılır, gördükləri işlərdə,
əməllərdə qorunub saxlanır.
Mənəvi
dəyərə can verib onu real gücə çevirən məhz
insan oğlu insandır!
Mənəvi
dəyərləri insan qoruyub saxlaya da bilir, təhrif edib dəyişə
də!
Mənəvi
dəyərləri bəzən eybəcərləşdirən
də insan olur!
Deməli,
insan həm də mənəvi dəyərlər saxlancı,
xəzinəsi sayılır.
Deyirlər
insan valideynlərindən çox dövrünə,
zamanına oxşayır.
Qəribə,
bəlkə də qəbul etmək istəməsək də,
həqiqətə yaxın fikirdir.
Bəli, insan valideynlərinə bənzəyir, amma həm də dövründən, zamanından, görüb-eşitdiklərindən öyrənir.
Bəzən zamanın diktəsinə tabe olmaq məcburiyyətində də qalır!
Bax bu halda onun müdafiə qabiliyyəti sınağa çəkilir!
Özününkünü qoruyub saxlama instinkti işə düşə bilir!
AMMA HƏMİŞƏ İŞƏ DÜŞÜRMÜ?!
Qloballaşmanın özünəməxsus gücü, imkanları var.
Bir tərəfdə onun arxasında duranlar, "standart" adı ilə "özününkünü" "hamınınkı" etmək istəyənlər, digər tərəfdən "internet" adlı hüdudsuz və həddindən çox "səlahiyyətli" yeni, cəlbedici, eyni zamanda faydalı və gərəkli tərəfləri də olan "möcüzəli qurğu" dayanır.
İnternetin özünəməxsus xüsusiyyətləri və "statusu" da mövcuddur:
Qoçu Nəcəfqulunun keçisi kimi, ona toxunmaq olmaz, tam "sevmək" də çətindir! Amma fəsadlarından qorunmağı bacarmalısan!
Qloballaşma dövrünün interneti bütün pərdə və sərhədləri süpürüb aparır, mənzillərə maneəsiz, icazəsiz daxil olur, yeniyetmə və gənclərin sevimlisinə çevrilə bilir!
Qloballaşma dövrünün interneti ayıb sayılanları müəyyən dövrdən sonra adiləşdirmək gücündədir!
Qloballaşma dövrünün interneti qəbul edilməyəni yaşatmaq, hətta haçansa ona vətəndaşlıq hüququ vermək imkanındadır!
Qloballaşma dövrünün interneti mənəvi cəzasızlıq şəraitində daha geniş əl-qol atır!
Qloballaşma dövrünün internetinin ən məkrli silahı isə istədiyini, ona gərək olanı, işinə yarayanı "yenilik", "müasirlik" adı ilə gənclərin beyninə yeritmək məharətidir!
Ona müqavimət göstərmək çox da asan deyil!
AMMA MÜMKÜNDÜR!
Azərbaycan xalqı olaraq biz bir dəfə belə bir sınaq mərhələsindən keçərək məkr dolu hücumu dəf etmişik. Doğrudur, o zaman hücumun miqyası nisbətən "kiçik" idi...
Amma hücum daha pərdəli, "könüllülük donu"na bükülmüş şəkildə, bəzən də "partiya qərarları" formasında "gizli zorakılıqla" müşayiət olunurdu.
Söhbət SSRİ zamanında Sov.İKP-nin "insanların tarixi birliyinin yeni forması" adı altında vahid mərkəzə, vahid mədəniyyətə, vahid adət-ənənəyə, vahid ideologiyaya və dinsizliyə xidmət edən "sovet adamı" canlı robotunun yaradılmasından gedir. Sovet elmi və ideologiyası bu niyyətin gerçəkləşdirilməsinə səfərbər olunmuşdu.
Bu məqsədlə dissertasiyalar yazılır, sistemli kütləvi tədbirlər keçirilir, güclü təbliğat, təşviqat aparılırdı.
Şəhər və kənd arasındakı əsas fərqlərlə bərabər millətlər, mədəniyyətlər və mənəvi dəyərlər arası sərhədlər də pozulub silinməli idi!
Lap indiki
qloballaşmanın bəzi istəkləri kimi...
Qloballaşmanın
da bəzi mənfi təsirlərindən, təpkisindən
qorunmaq asan deyil!
AMMA
MÜMKÜNDÜR!
Və Azərbaycan
iqtidarı bunu çox ustalıqla edir!
Bu gün
bütün dünyaya nümunə göstərilən
multikulturalizm, tolerantlıq siyasəti və bu sahədəki əyani-əməli
işlər müsbət effekt verir!
Yeniyetmələrin və gənclərin mənəviyyatının
qorunması həm də biz qələm əhlinin,
yaradıcı insanların üzərinə düşür.
Uğurun
(bəlkə də yeni uğurun) qazanılması
özümüzdən, milli-mənəvi dəyərlərimizi
necə qorumağımızdan asılıdır!
Mənəvi
dəyərləri, milli mədəniyyəti, əsrlərin
sınağından çıxmış adət-ənənələri
müasir gənclərə necə
aşılamağımızdan və sevdirə biləcəyimizdən
asılıdlr!
Gəncliyin
gözünü dünyada gedən proseslərə necə
açacağımızdan, milli və dövləti
maraqları qorumağa onları necə səfərbər edəcəyimizdən
asılıdır!
Müstəqilliyin,
müstəqil yaşayıb müstəqil siyasət
yürütməyin necə şərəfli, eyni zamanda nə
qədər çətin olduğunu və bir millət kimi hələ
də sınaq dövrünü
yaşadığımızı onlara necə anlada biləcəyimizdən
asılıdır!
Gəlin baxaq görək bu istiqamətdəki işlər,
göstərilən səylər yetərli və kifayət qədərdimi?
Azad söz və müstəqil mətbuat (elektron və
çap) bu müqəddəs vuruşda vətənpərvərcəsinə
iştirak edirmi?
Unutmayaq,
bu mübarizənin bayrağı vətənpərvərlik və
müstəqilliyi sevərlikdir!
* * *
Bəzən
biz övladlarımızdan öyrətmədiyimizi tələb
edir, onlara "vermədiyimizi"
geri "almaq" istəyirik!
Mənəviyyat,
mənəvi tərbiyə də belədir! Gənclərə
illər boyu milli-mənəvi dəyərləri
aşılamalı, onlara vətənpərvərlik dərsi
keçməli, əsl azərbaycanlı kimi böyütməliyik!
Ailədən
başlanan mürəkkəb tərbiyə prosesi uşaq
bağçasında və məktəbdə davam etməli,
qəzet yazıları, radio-televiziya verilişləri ilə
zənginləşdirilməlidir!
Ailədə
başlayan tərbiyə cəmiyyət tərəfindən
yekunlaşdırılmalıdır!
Cəmiyyət və onun institutları bu məsələdə
passivlik göstərəndə isə üstünlüyü
"əks qütblər" ələ alır.
Bizdə
isə daha geniş auditoriyaya və təsiretmə imkanına
malik olan telekanallar və internet resursları "əks
qütb"ə keçərək tərbiyə prosesinə
yardım göstərmək əvəzinə mənəviyyatı
korlamaqla məşğuldurlar!
Bazar
iqtisadiyyatı münasibətlərinin
formalaşdığı bir dövrdə nədənsə mənəvi
dəyərlər, mənəvi tərbiyə məsələləri
arxa plana atılıb!
Öndə
görünənlər qəzetlərin kriminal xəbərləri,
oxuyub-çalanların şəxsi həyatı ilə
bağlı süni və qeyri-səmimi müsahibələri,
"çəkişmə və sataşma"
yazıları, özəl televiziya kanallarının bəsit
və bir-birinə bənzəyən (hətta "qəhrəmanları"
da eyni olan) şou proqramları, süni qalmaqal yaradılan
verilişlər, psixi problemi olan və mənəvi
deformasiyaya uğramış insanların "zərərdidə"
kimi "baş qəhrəman" seçildiyi proqramlardır.
Özəl
telekanalların ən çox diqqət yetirdikləri və
vaxt ayırdıqları mövzu və məsələlərə
diqqət yetirdikdə bəzi suallar yaranır:
* Bu
gün televiziya kanalları daha çox kimləri verilişlərinə
dəvət edir?
*
Teleaparıcılar xaricdə yaşayan hansı azərbaycanlıları
tapıb gətirərək "qəhrəman" statusunda cəmiyyətə
təqdim edirlər?
*
Verilişlərdə nələr müzakirə olunur?
* Niyə Azərbaycan xalqının mənəviyyatı
hədəf seçilib?
* Niyə
ancaq "pislər"
televiziya kanallarının "qonaq-qəhrəmanı"
olur?
* Bəs,
yaxşılar haradadır, niyə ekranlardan "qeybə"
çəkilib?
* Niyə
belə verilişləri "reytinqli veriliş" kimi təqdim
edib özlərinə bəraət qazandırmağa
çalışırlar?
* Reytinqi
kimlər və necə müəyyən edir və həqiqətənmi
sorğu keçirərək, yaxud araşdırma apararaq
obyektiv nəticəni açıqlayırlar?
* Niyə
Azərbaycan ailəsi hədəf seçilib və qrantlar
yalnız ailə münasibətlərini, Azərbaycan mənəviyyatını
aşağılayan layihələrə verilir?!
Bizcə,
düşünməyə dəyər!
Sovet dövründə "mənəviyyat
meyarı" sayılan "Kommunizm qurucusunun əxlaq
kodeksi" adlı Sov.İKP tərəfindən
hazırlanmış bir sənəd var idi. Həmin sənəddə dövlət
gənc nəsli necə görmək istədiyini, gəncliyə
verdiyi "tələblər standartı"nı ortaya
qoymuşdu.
Bu gün
elə bir sənəd və "tələblər
toplusu" yoxdur! Amma "Gəncləri necə görmək
istəyirik" - bu
kriteriyalar
ümummilli lider Heydər Əliyevin gənclərlə
bağlı çıxış və nitqlərində,
imzaladığı müxtəlif sənədlərdə, habelə dövlət
başçısı cənab İlham Əliyevin
ayrı-ayrı nitq və çıxışlarında
ümumiləşdirilmiş şəkildə göstərilmişdir.
Özəyini azərbaycançılıq
ideologiyası təşkil edən bu prinsiplərdə mənəvi
amillər mühüm yer tutur.
Onları
bir yerə toplasaq, müasir zamanda gəncləri necə, yaxud
gənclərdə hansı cəhət və xüsusiyyətləri
görmək istədiyimiz barədə müəyyən qənaətə gəlmək
mümkündür. Məsələn, biz hamımız
övladlarımızı necə görmək istərdik:
* Bilikli,
dünyagörüşlü, peşəkar mütəxəssis
kimi;
* Fiziki cəhətdən
sağlam, İKT-dən baş çıxaran;
* Müstəqilliyimizi
dəyərləndirən, dövləti və milli
maraqları anlayıb qoruyan;
* Azərbaycanın
ərazi bütövlüyü uğrunda döyüşə
hər an hazır olan;
* Milli və
dini ənənələrə hörmətlə yanaşan;
* Milli
mentalitetə və adət-ənənələrə sədaqət
nümayiş etdirən;
*
Xalqın keçmişinə və mədəni-mənəvi
dəyərlərinə ehtiram göstərən;
* Azərbaycanda
yaşayan bütün millətlərin adət-ənənəsinə,
dini mənsubiyyətinə sayğılı və
dözümlü münasibət bəsləyən;
* Azərbaycanlı
olması ilə fəxr edən və Vətəndən
uzaqlarda yaşayanda belə onun maraq və mənafeyini
qorumağı özünə mənəvi borc sayan;
* Dövləti
və milli maraqları şəxsi mənafedən
üstün tutan;
* Valideynlərinə,
ağsaqqal və ağbirçəklərinə daim
qayğı və hörmətlə yanaşan və digər
müsbət cəhətləri özlərində birləşdirən.
Gənclər kimi özlərinə ideal seçməlidirlər,
kimə bənzəməyə
çalışmalıdırlar - hələ ki onu müəyyənləşdirib
cəmiyyətə təqdim edə bilməmişik. Halbuki belə nümunələr
var. Məsələn, mənəvi zənginliyi, fiziki kamilliyi, vətənpərvərliyi
və öz həyatı hesabına xalqını, dövlətini,
Vətənini sevdiyini sübut etmiş Mübariz İbrahimov!
Təəssüf ki, şəhid qəhrəmanımız
yalnız ad günləri dövründə mətbuatın
diqqət mərkəzinə gətirilir. Qalan müddətdə
isə sanki unudulur.
Yaranmış
boşluğu
qalmaqal qəhrəmanları, yalandan "siyasi məhbus"
elan edilmiş antiqəhrəmanların qəzetlərdə
"mübariz gənclik" qiyafəsində təqdimi cəhdi hesabına doldurmaq niyyəti
isə açıq-aydın görünür!
Dövlət
vəsaiti hesabına çəkilən teleseriallarda da nədənsə
indiyədək mənəvi zənginliyi və yüksək vətənpərvərliyi
ilə diqqət çəkən gəncləri
görmürük!
Artıq KİV-lərin (elektron və çap) maarifləndirici
və tərbiyəvi funksiyası yox olmaqdadır. Bütün imkanlar və
qüvvələr əyləndirici verilişlərin
hazırlanmasına, mənəviyyatsızlığın
reklamına səfərbər edilib!
* * *
İnsanı
digər canlılardan fərqləndirən ən mühüm
cəhətlərdən biri onun mənəvi dəyərlər
daşıyıcısı olmasındadır!
İnsan
tək qarnı üçün yaşamamalıdır, həm
də kiminsə dadına çatmağa, nəsə
yaradıb qurmağa, Vətən adlı müqəddəs və
əvəzsiz bir məkanı ucaldaraq ona layiqli övlad
olmağa çalışmalıdır!
Vətən bizdən nə istəyir? Yəqin ki, təmənnasız
övlad məhəbbəti və təəssübkeş vətəndaş
qeyrəti!
Vətən bizi necə görmək istəyir?
Yəqin ki, valideynlərimizin,
doğmalarımızın və əsl
dostlarımızın görmək istədikləri kimi!
Vətənin ehtiyacı nədir? Müstəqilliyinin qorunub
saxlanılmasını, məkrli niyyətlərdən və
düşmən planlarından müdafiəsini, onu
dünyanın söz sahibləri, inkişaf etmiş ölkələr
cərgəsinə çıxarmağımızı, ərazi
bütövlüyünün bərpasını, sakit, firavan
və əmin-amanlıq şəraitində
yaşayışı təmin etməyimizi!
Bu istəklərin bir
qismi iqtisadi, digəri isə mənəvi amillərlə
bağlıdır!
İqtisadi
uğurlarımız
böyükdür, ürəkaçandır!
Mənəvi
amillər isə arxa planda qalmalı deyil!
Bizimlə
birgə olmalı, birlikdə addımlamalıdır!
Dəyərlərin
ölkə vətəndaşlarından ayrı düşməsi
sonradan düzəldilməsi çətin olan səhvlərə
gətirib çıxara bilər!
Qloballaşan,
təlatümlər içində yaşayan, ədalətsizliklər
dolaşan, zəiflər tapdalanan, mənəviyyatsızların
düşmən cəbhəsinə keçdiyi dünyada
gecikmək və səhv etmək olmaz!
Bizim səhv
eləyən vaxtımız deyil!
ÇÜNKİ:
* Mənəviyyat
olmayanda arvad-uşaqları ilə birgə erməni tərəfinə
keçirlər, düşmən çörəyi yeməyi
özlərinə rəva bilirlər!
* Mənəviyyat
olmayanda xaricdən verilən qrant müqabilində dövlətinin və
xalqının maraqlarını asanlıqla tapdalayırlar!
* Mənəviyyat
olmayanda cinayətkarların və terrorçuların
adını "siyasi məhbus" siyahısına yazaraq
Avropa Şurasına göndərir, Azərbaycanın
"qeyri-demokratik ölkə" kimi tanınmasından
ötrü dəridən-qabıqdan çıxırlar!
* Mənəviyyat
olmayanda inkarçılıq yolu tutaraq çətinlik
çəkmədən rəzalətin zirvəsinə
yüksəlirlər!
Ən nəhəng
qurğular, ən mürəkkəb mexanizmlər, ən
güclü silahlar belə insan əli ilə hərəkətə
gətirilir, idarə olunur!
Əqidəli insan bütün hallarda özünə və
Vətəninə sadiq qalmağı, millətinin və
dövlətinin adını ucaldaraq maraqlarını təmin
etməyi bacarır.
Əqidəli
insan isə tərbiyə edilir, yetişdirilir!
O halda ki,
mənəvi amillər, milli dəyərlər daim ön
planda olur, yüksək tutulur!
Neft
kapitalının insan kapitalına çevrildiyi dövrdə
bunu qətiyyən unutmaq olmaz!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 21 fevral.- S.5.