Bakıda «İnternetdə müəllif
hüquqları: perspektivlər və
problemlər»
mövzusunda beynəlxalq seminar keçirilmişdir
Fevralın 20-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda Beynəlxalq seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə
MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif
hüququ və əlaqəli hüquqların təminatının
gücləndirilməsi istiqamətində təşkil olunan
seminarların əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, bugünkü seminar agentliyin "Copyright-Internet"
mövzusunda keçirdiyi silsilə tədbirlərin
davamıdır. Seminarda nüfuzlu beynəlxalq təşkilatların
nümayəndələrinin iştirak etməsi tədbirin əhəmiyyətini
daha da artırır.
K.İmanov
bildirmişdir ki, internetdə müəllif
hüquqlarının qorunmasına həsr olunmuş seminar
MHA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə 2013-cü ilin ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
çərçivəsində keçirdiyi yekun tədbirdir.
Seminarın digər səciyyəvi xüsusiyyəti
ondan ibarətdir ki, cari ildə internetin yaranmasının 45
illiyi qeyd olunacaqdır. Bu günlərdə Avropa
Parlamenti rəqəmli hüquqların idarəçiliyi
üzrə onlayn qaydada
istifadə olunan əsərlərə dair müəlliflik
hüququ və əlaqəli hüquqların kollektiv əsasda
idarə edilməsi haqqında Direktiv qəbul etmişdir.
MHA-nın sədri bu baxımdan tədbirin
aktuallığını qeyd etmiş,
iştirakçılara uğurlar arzulamışdır.
DƏMT-in
keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr
şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi
Avropa ölkələri üzrə sektorunun müdiri xanım
Saule Tlevlessova Azərbaycanda müəllif
hüquqlarının qorunması ilə bağlı bir
sıra sənədlərin qəbul olunduğunu, rəqəmli
hüquqların idarəçiliyi istiqamətində
mühüm işlərin görüldüyünü, bu sahədə
böyük təcrübənin
qazanıldığını qeyd etmişdir. DƏMT-in
nümayəndəsi quruma üzv ölkələr arasında
əməkdaşlığın genişləndirilməsinin,
əqli mülkiyyətin və müəllif
hüquqlarının qorunması sahəsində Azərbaycan
təcrübəsinin öyrənilməsinin vacibliyini
vurğulamışdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin elm, mədəniyyət,
xalq təhsili və sosial problemlər şöbəsinin
müdiri İsmayıl Sadıqov bildirmişdir ki, Prezident
İlham Əliyevin müvafiq sərəncamı əsasında
2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan olunmuş və bununla əlaqədar
ölkədə
silsilə tədbirlər həyata
keçirilmişdir. MHA-nın və DƏMT-in birgə təşkil
etdikləri beynəlxalq seminar bu çərçivədə
keçirilən ən əhəmiyyətli tədbirlərdəndir.
Seminarda nüfuzlu beynəlxalq təşkilatların
təmsil olunması dünyada rəqəmli hüquqların idarəçiliyi
məsələsinə xüsusi əhəmiyyət verildiyini
bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin
Babayev qeyd etmişdir ki, bugünkü seminar MHA-nın fəaliyyətinin
hiperaktivliyinin göstəricisidir. Elmin, demək olar ki,
bütün sahələrində müəllif
hüquqlarının qorunmasının vacibliyini vurğulayan
E.Babayev MHA-nın bu istiqamətdə fəaliyyətini
yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, agentliyin müvafiq layihəsinin nəzəri
hissəsi EİF-in qrantı vasitəsilə yerinə yetiriləcəkdir.
Fondun icraçı direktoru bu il Bakıda BMT-nin Avropa İqtisadi
Komissiyasının təşkilatçılığı ilə
konfrans keçiriləcəyini diqqətə
çatdırmış, həmin tədbirdə innovasiya və
müəllif hüquqlarının müzakirə edilməsi
təklifini irəli sürmüşdür.
Tədbirdə
MHA-nın sədri Kamran İmanovun "İnternetdə müəlliflik
hüququnun qorunması ilə bağlı
çağırışlar. Azərbaycan təcrübəsi"
mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir
ki, fevral ayında
Azərbaycanın müəlliflik hüququ ilə
bağlı beynəlxalq internet-müqavilələrində
iştirakının səkkizinci ildönümü tamam olur.
Sürətlə dəyişən dünyada Azərbaycan
getdikcə mövqelərini möhkəmləndirir və özünə layiqli
yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişafın "Azərbaycan
modeli" bir sıra vacib amilləri, o cümlədən
sabitliyi və iqtisadi inkişafı,
sosialyönümlülüyü və ədaləti, mədəni
müxtəlifliyi və adət-ənənəyə sadiqliyi,
demokratikləşmə və insan amilini, innovativliyi və
modernləşməni, biliklərə əsaslanan tərəqqini,
İKT və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir.
Müasir dünyada əqli mülkiyyətin,
müəlliflik hüququnun inkişafını şərtləndirən
bilik və bacarıqlardır, insan kapitalının, intellektin
səviyyəsidir. Çünki əqli
mülkiyyət mövcud bilikdən yaranan və yeni biliklərlə
nəticələnən fenomendir.
Ölkəmizdə
İKT-nin inkişaf statistikasına əsasən, əhalisinin
70 faizi internetə qovuşan Azərbaycan Dünya İqtisadi
Forumunun hesabatında İKT-nin inkişafı üzrə
56-cı yerdə qərarlaşmış, internetin sürətinə
görə Mərkəzi Asiya və MDB ölkələri
arasında özünün liderlik mövqeyini qoruyub saxlaya
bilmişdir. Bundan əlavə, Azərbaycan
internetin əlçatımlılığına görə
dünyada 20-ci, sosial şəbəkələrdə fəallığa
görə 41-ci yerdədir. Ölkəmiz
həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının
tətbiqində ön sıralardadır.
K.İmanov bildirmişdir ki, hazırda respublikamızda
elektron hökumət sürətlə inkişaf edir. Ötən il
bu portala 262 min vətəndaş müraciət etmişdir. Ölkəmizdə uğurla həyata keçirilən
islahatlar müəlliflik hüququnun inkişafına
böyük dəstək verir.
2013-2014-cü
illərin hesabatına əsasən, əqli mülkiyyətin
qorunmasında 69-cu yeri tutan Azərbaycan institutları bu sahədə Qazaxıstanı dörd pillə, Rusiyanı 44 pillə
və Ukraynanı 64 pillə qabaqlayaraq MDB məkanında
şəksiz lider mövqeyində dayanır. Ümumiyyətlə,
son illərin hesabatlarına əsasən, Azərbaycan əqli
mülkiyyətin qorunması sahəsində Cənubi Qafqazda ən
qabaqcıl dövlət kimi təqdim olunur.
Prezident İlham
Əliyevin qayğısı və dəstəyi nəticəsində
dünyanın əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın
bu sahədəki uğurlarını tanıyır.
Ötən ilin sentyabrında DƏMT-in Baş
Assambleyasındakı rəhbər orqanlara seçkilər
zamanı Azərbaycan bu qurumun
"Ədəbi və bədii əsərlərin
qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş
ölkələrin Bern İttifaqının
İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata
keçirilməsində xüsusi rola malik Əlaqələndirmə
Komitəsinin üzvü olmuşdur. Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi
iki il müddətinə rəqəmli hüquqlarla
bağlı olan DƏMT-in 100-dək dövlətin təmsil
etdiyi Müəllif Hüququna dair Müqaviləsi Assambleyasının sədri
seçilmişdir.
MHA-nın
sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin 2011-ci
il 29 noyabr tarixli sərəncamı əsasında
hazırlanmış "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında müəlliflik hüququ və digər əqli
mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul
olunmuşdur. Son illər bənzəri olmayan "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Qanun qəbul edilmiş, müəlliflik
hüququ və digər əqli mülkiyyət
hüquqlarının inkişafına dair Uzunmüddətli
Milli Strategiyanın layihəsi təkmilləşdirilmiş,
Avropa İttifaqının Tvinninq Proqramı çərçivəsində
ölkəmizdə əqli mülkiyyət
hüquqlarının həyata keçirilməsi sahəsində
potensialların artırılması üzrə tədbirlər
həyata keçirilmişdir. Bundan əlavə,
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi
yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan
piratçılığa qarşı nəzarət
markası sistemi və rəqəmli hüquqların idarə
olunması layihəsi hazırlanmışdır.
Müəllif
Hüquqları Agentliyinin fəaliyyətindən söz
açan K.İmanov demişdir ki, hazırda bu qurum beş növ elektron xidmətlərini həyata
keçirən dövlət orqanıdır. Ötən
müddətdə MHA-da hüquqların təminatı və əqli
mülkiyyət mədəniyyətinin
formalaşdırılması istiqamətində müvafiq
addımlar atılmışdır.
Agentlikdə
açılmış 960 nömrəli "Qaynar xətt"ə
hesabat dövründə 700-ə yaxın müraciət daxil
olmuş, ictimai əsaslarla fəaliyyət göstərən
"Hüquq məsləhətxanası"na 500-dən
çox vətəndaş müraciət etmişdir. Agentlikdə doqquz mindən çox əsər və
əlaqəli hüquqların obyektləri qeydiyyatdan
keçirilmişdir. Müxtəlif
sektorlarda piratçılığın səviyyəsi 9-33
faiz aşağı salınmışdır.
K.İmanov qeyd etmişdir ki, müasir dünyada əqli
mülkiyyətin fəaliyyət
konteksti onun yarandığı dövrdəki kontekstdən
tamamilə fərqlidir. Əqli mülkiyyətin müasir fəaliyyət
konteksti, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə
dəyişməsi əqli mülkiyyətin rolu və yeri haqqında
düşüncə tərzimizin, təfəkkürümüzün
dəyişdirilməsi zərurətini yaradır.
Bu yeni
çağırışlara Azərbaycan dövlətinin
cavabı "Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında əksini
tapmışdır. Konsepsiyada müəlliflik hüququ və
digər əqli mülkiyyət hüquqlarına dair səkkiz müddəadan
ikisi müasir çağırışlar və prioritetlər
bölmələrində əksini tapmış, altısı
isə konkret istiqamətlərə aiddir.
Qeyd olunmuşdur ki, Müəllif Hüquqları Agentliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə
birgə Alqoritm və Proqramlar Fondunun yaradılması təşəbbüsünü
irəli sürmüşdür. Alqoritmlərin və proqram təminatlarının
bir mərkəzdə toplanması softverin yaradılmasında
təkrarçılığı aradan qaldıraraq informasiya
texnologiyaları məhsullarının icazəli təkrar
istifadəsinə imkan verəcəkdir. Bununla
da büdcə vəsaitlərinə müəyyən qənaətlə
yanaşı, hazır məhsullardan geniş və müəllif-hüquq
mövqeyindən icazəli istifadə əldə ediləcəkdir.
MHA-nın
sədri vurğulamışdır ki, ötən il DƏMT-in
Baş Assambleyasında bu qurumun baş direktoru, doktor F.Qarrinin
qeyd etdiyi kimi, hazırda internet qlobal
meydana çevrilmişdir və inkişafda olan ölkələrə
qlobal rəqəmli bazarın iştirakçısı olmaq
kimi nadir imkanlar yaradır. Bu baxımdan rəqəmli
şəbəkənin genişlənməsi və onun xidmətlərindən
yararlanmaq imkanları zəngin mədəniyyətə malik Azərbaycan
üçün çox əlverişlidir.
UNESCO-nun
BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı cari məruzəsində
xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq
industriyalarının həvəsləndirilməsi,
stimullaşdırılması, müəllif və əlaqəli
hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf
proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.
Azərbaycan dövləti bütün
bunları nəzərə alaraq bu istiqamətdə uğurlu
siyasət aparır.
Seminarda yerli və beynəlxalq mütəxəssislər
məruzələrlə çıxış etmişlər.
DƏMT-in sektor müdiri xanım Saule Tlevlessova
"Müəlliflik hüququ üzrə DƏMT-in cari fəaliyyətləri. Pekin və Mərakeş
müqavilələri. Digər məsələlər"
mövzusundakı məruzəsində təmsil etdiyi qurumun fəaliyyətindən
söz açmışdır. Bildirmişdir
ki, hazırda dünyanın 186 dövləti DƏMT-in
üzvüdür. Qurumun müxtəlif
ölkələrdə 350 müşahidəçisi
vardır. Audiovizual İfa üzrə Pekin
müqaviləsinin əhəmiyyətindən danışan
S.Tlevlessova demişdir ki, hazırda bu sənədi 71 ölkə
imzalamışdır. Altmış ölkənin
imzaladığı Mərakeş müqaviləsi də
müasir dövrdə ən humanitar konsepsiyadır.
Tədbirdə
Mərkəzi və Şərqi Avropa Müəlliflik
Hüququ Alyansının (CEECA) sədri Mihali Fiçerin
"Rəqəmli mühitdə müəllif hüquqlarının
təminatı", "İnternetdə kreativ məhsulların
yayılması üçün inkişaf
etdirilən lisenziyalaşdırma üsulları",
"İnternet servis provayderlərinin vasitəçilik
öhdəlikləri: kross-yurisdiksiya müqayisəsi"
mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə müxtəlif sosial şəbəkələrdə
müəlliflik hüquqlarının qorunması, internet təhlükəsizliyinin
təmin edilməsi, provayderlərin vasitəçilik öhdəlikləri
və digər məsələlərdən bəhs
olunmuşdur.
Seminarda Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin
direktoru Faiq Fərmanov "Əqli mülkiyyət
hüquqlarının qorunması. İnternet təhlükəsizliyi",
Beynəlxalq Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr
bölməsinin rəhbəri Maksim Prokş "İnternetdə
kreativ fəaliyyət nəticələrinin dövriyyəsinə
yeni yanaşmalar" mövzularında məruzələrlə
çıxış etmişlər.
Məruzələr ətrafında geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.-2014.- 21 fevral.- S.5.