1905-ci ilin fevralı Ağarza Babayevə atılan güllələr...

 

1-ci yazı

 

 

 

Ermənilərin kütləvi şəkildə Qarabağa və Azərbaycanın digər ərazilərinə köçürülməsi üzündən baş verən qarşıdurmaların tarixi, əslində, 300 ildən artıqdır. İlk dəfə 1722-1723-cü illərdə Xəzər sahillərini işğal edərək imperiyasının hüdudlarını daha da genişləndirməyə can atan

I Pyotr həmin ərazilərdə erməniləri məskunlaşdırmağa çalışdı. O belə düşünürdü ki, bununla Rusiyanın Qafqazda ələ keçirdiyi torpaqları qoruyub saxlamaq mümkün olacaq. Bu məqsədlə Gürcüstan, İran və Türkiyədəki ermənilərin yerli sakinlərin torpaqlarına köçürülməsi nəzərdə tutulurdu.

Bu dövrdə beynəlxalq münasibətlərdə dini əlaqələr daha əhəmiyyətli hesab olunurdu və bu baxımdan çar məmurları üçün Türkiyə ilə İran arasında bir xristian anklavının yaradılmasına vacib bir məsələ kimi baxılırdı. Amma I Pyotrun qəfil ölümü ermənilərin bu ərazilərdə özlərinə "erməni çarlığı" yaratmaq istəklərini gözlərində qoydu. Rus qoşunları çarın ölüm xəbərini alan kimi tələm-tələsik həmin əraziləri tərk etdi. Ancaq zaman I Pyotru dəyişsə də, imperiyanın ermənilərə yönəlik həmin siyasəti dəyişmədi, bu, sonrakı çarların da dövründə davam etdirildi. Onlar israrla "...əcdadlarının erməni xalqına bəxş etdiyi bütün hüquqların və üstünlüklərin qüvvədə qalması"nı sözdə deyil, öz fəaliyyətlərində də təsdiqləyirdilər.

Bunun nəticəsi olaraq Senatın 21 mart 1828-ci il tarixli "Ali Fərman"ı meydana gəldi və onun əsasında erməniləri əsasən Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirməyə başladılar. Sonrakı bəlalarımızın manifesti olan həmin sənəddə deyilirdi: "İran ilə 10 fevral 1828-ci ildə bağlanmış Traktata əsasən, Rusiyaya birləşdirilmiş İrəvan xanlığını və Naxcıvan xanlığını bundan sonra bütün işlərdə Erməni vilayəti adlandırmağı əmr edirik". Nəticədə 1828-1830-cu illərdə İran və Osmanlı imperiyalarından Şimali Azərbaycana köçürülən ermənilərin ümumi sayı sürətlə artmağa başladı. XIX əsrin ilk 25 ilində ermənilərin sayı ölkədə 9,37 faiz təşkil etdiyi halda, XX əsrin əvvəllərində bu rəqəm 32,6 faizə çatdı və təqribən 100 il ərzində Şimali Azərbaycanda onların sayı 24 dəfə artdı. Bu, azmış kimi, onların Azərbaycanın hər tərəfinə, o cümlədən Qafqazın ən böyük iqtisadiyyat mərkəzlərindən olan Bakıya axını və azərbaycanlılara qarşı milli ayrı-seçkilik siyasəti güclənməyə başladı.

Amerikalı tədqiqatçı Odri Olştadt erməni-azərbaycanlı qarşıdurmasının səbəblərini təhlil edərək yazırdı ki, "ermənilər ruslarla xüsusi münasibətləri olan varlı etnik azlıq idi, imperiya qanunları azərbaycanlılarla müqayisədə ermənilərə daha çox üstünlük verirdi. Ermənilərin çoxu inzibati və məhkəmə aparatında xidmət edirdi, halbuki azərbaycanlıların (ümumiyyətlə müsəlmanların) dövlət vəzifələri tutması qadağan edilmişdi... Hər iki xalqın - həm azərbaycanlıların, həm də ermənilərin arasında siyasi hərəkatın və milli ideyaların formalaşması prosesi gedirdi. Fərq ondan ibarət idi ki, azərbaycanlılar öz  məqsədlərinə rusların, ermənilər isə azərbaycanlıların hesabına çatmaq istəyirdilər".

Ermənilərin açıq şəkildə biruzə verdikləri antiazərbaycan əhval-ruhiyyəsi ilk dəfə 1903-cü ilin mart ayına təsadüf edir. Eldar Əzizov tədqiqat əsəri olan "Difai"də o dövrdəki, eləcə də sonrakı illərdə baş verən qanlı hadisələrin təşkilatçısı və ilhamvericisi olan "Daşnaksütyun"un fəaliyyətini onların öz sənədlərinə əsaslanaq ifşa edir: "Hökumətlə müharibəni rahatlıq üçün Tiflisə və ya lap Peterburqa da köçürə bilərik, tatarlarla müharibəni isə başqa yerə köçürmək olmaz".

 

Beləliklə, imperiyanın daxilində yığışıb qalan nifrət qazına bir qığılcım lazım idio, özünü çox gözlətmədi. Atıldı, özü də Bakının düz mərkəzində. "1905-ci il fevralın 6-da Bakının mərkəzində, erməni kilsəsinin yaxınlığındakı Parapet meydanında Sabunçu kənd sakini, varlı, nüfuzlu bir şəxs olan Ağarza Babayevi ermənilərin qətlə yetirməsi qanlı toqquşmalara səbəb oldu. Babayevi əvvəlcə başından yaralamış, sonra soyuq silahla daha iki ölümcül yara vurmuşdular" (Eldar Əzizov, "Difai"). Beləliklə, 6-9 fevral qanlı hadisələrinin gedişində Bakıda 232 nəfər qətlə yetirildi. 1988-ci ildə olduğu kimi, onda da ermənilər mərkəzi hökumətin zəiflədiyini hiss etdiklərindən yeni "böyük Ermənistan" ideyasını müsəlmanların hesabına həyata keçirmək istəyirdilər.

1905-ci ilin fevral ayında Bakıda qanlı hadisələr başlanandan sonra Qafqazda canişin təsisatı bərpa edildi. Canişin vəzifəsini qraf İ.İ.Vorontsov-Daşkov icra edirdi. Eynən ötən əsrin sonlarında Qarabağda tətbiq olunan A.Volskiyə məxsus rejim kimi. Artıq Qafqaz canişini yeni qanunlar qəbul olunmasını tələb etməyən bütün səlahiyyətlərə malik idi - rütbələr verilməsi, təltiflər, pensiyalar təyin edilməsi və s. Vorontsov-Daşkov düşünürdü ki, gec-tez türklərlə müharibə olacaq və əvvəllər olduğu kimi, bu dəfə də həmin müharibədə ermənilər rusların önündə olacaqlar. O, II Nikolaya yazırdı: "Ali həzrətlərinizə məlumdur ki, Qafqaz rayonunda bizim Türkiyə ilə münasibətlərimizin bütün tarixi boyu, hələ Böyük Pyotr dövründən Rusiyanın siyasəti bizim ermənilərə xoş münasibətimizə əsaslanmışdır. Onlar müharibələrin gedişində bizə fəal kömək etməklə bunun əvəzini ödəmişlər".

İ.İ.Vorontsov-Daşkov çara ünvanlanmış məruzələrinin birində Qafqazın müsəlman əhalisi barədə belə yazırdı: "Mən bunu qeyd etməyə bilmərəm ki, əgər biz müxtəlif Qafqaz xalqları arasında özümüzü separatizmdən qorumalıyıqsa, yalnız həmin (müsəlman - müəl.) əhalidən qorumalıyıq. Bunun səbəbi onların sayca digər xalqlardan üstünlüyü, dini fanatizmdən doğan alovlanmaların mümkünlüyü, həmçinin Qafqazın müsəlman dövlətlərinə yaxın yerləşməsidir". Ermənilər və gürcülər çox gözəl başa düşürlər ki, Rusiyadan kənarda müsəlmanlar onları məhv edər" (E.Əzizov, "Difai").

Tarixçilər qeyd edirlər ki, Bakıda qanlı hadisələrin başlanması ilə eyni vaxtda erməni kilsəsindən zəng eşidilib. Bu, qanlı hadisələrin başlanmasına bir işarə idi. Özü ilə talan, qırğın gətirən o kilsə zənginin səsi tezliklə hər yerdən eşidilməyə başladı. Növbədə Qarabağ, Naxçıvan və İrəvan idi...

 

 

 

"İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır"

 

 

 

1988-ci ildə olduğu kimi, 1905-ci ildə də Şuşa qarşıdurmaların ən qaynar nöqtələrindən biri idi. Bu dövrdə kazakların qaçmağa cəhd edən bir ermənini öldürməsini bəhanə edən ermənilər dərhal bunun təqsirini azərbaycanlıların üstünə yıxaraq talanlara, qırğınlara başladılar. 1905-ci il avqustun 17-də ermənilər Şuşanın Köçərli və Xəlfəli məhəllələrinə hücuma başlayanda  azərbaycanlı gənclər artıq hakimiyyət orqanlarının onları dilə tutmasına məhəl qoymadan ermənilərə qarşı çıxış etmək qərarına gəldilər. Onların hücum əzmi o qədər yüksək idi ki, təpədən-dırnağa qədər silahlanmış ermənilər qaçmağa məcbur oldular. Erməni arximandritiqubernator Baranovski azərbaycanlılara müraciətlə xahiş edirdilər: "Salamat qalanlara rəhminiz gəlsin". Avqustun 21-də tərəflər girovları dəyişdilər. Artıq elan edilmiş barışıq dövründə belə ermənilər öz xəbisliklərindən əl çəkməyərək realnı məktəbdə təmir işləri aparan 17 iranlı fəhlənin başını kəsdilər.

 

Bugünümüzlə səsləşən həmin hadisələrlə bağlı, bir-birini əvəz edən çar məmurları, sonuncu general-qubernator, general Qoloşşapov haqda M.S.Ordubadi "Qanlı sənələr" kitabında yazırdı: "Qoloşşapov yalnız zahirən sadə və təvazökar adam imiş. Əslində isə o, tamahkar və məkrli müftəxor, başqalarının hesabına varlanmış bir adam idi. O, ermənilərin xahiş və şikayətlərinə həmişə diqqətlə yanaşır, azərbaycanlıları cərimələyir, onları cəzalandırırdı, halbuki hər şeyi, hətta qətlləri də ermənilər törədirdi. Onlar Qoloşşapovun şəxsində özlərinə hami tapmışdılar. Ermənilər hər vasitə ilə Qoloşşapovu azərbaycanlıların üstünə salmağa çalışırdılar. 1906-cı il iyulun 12-də ermənilər bir neçə gün əvvəl ölmüş həmvətənlərini generala göstərərək bildirmişdilər ki, bu adam azərbaycanlılar tərəfindən generalın dəftərxanasının yaxınlığında öldürülmüşdür. General çox fikirləşmədən Köçərli məhəlləsinə artilleriya atəşi açılması barədə əmr verdi. Elə həmin gün kazak dəstələri, rus piyada qoşunu və 10 min erməni, o cümlədən bu döyüşlər ərəfəsində şəhərdə toplanmış erməni əsgərlər və quldur dəstələri də onlara qoşularaq azərbaycanlıların üzərinə hücuma keçdilər. Beş gün davam etmiş döyüşlərdə şəhərin azərbaycanlılar və ermənilər yaşayan məhəllələrinin sərhədində olan bütün evlər artilleriya atəşi ilə dağıdıldı. Kənardan köməyə ümidi olmayan azərbaycanlılar düşmənə ləyaqətlə müqavimət göstərdilər. Ermənilər böyük itkiyə məruz qaldılar. Vəziyyəti belə görən general Qoloşşapov şəhərdə olan bütün rus qüvvələrini döyüşə daxil etmək barədə əmr verdi. Döyüşlərin beşinci günündə azərbaycanlıların üzərinə qəti hücum başladı. O zaman 70 yaşlı qocalardan başlamış 7 yaşlı oğlan uşaqlarına qədər bütün azərbaycanlılar əllərinə silah alıb hücuma keçdilər. Ermənilər və kazaklar bu hücuma, başlarına yağış kimi yağan güllələrə dözməyərək qaçmağa başladılar. Azərbaycanlılar erməniləri öz evlərində, kazakları öz kazarmalarında gizlənməyə məcbur etdilər, başqa yerlərdən gəlmiş erməni könüllülərini şəhərdən qovdular. Döyüş meydanında yalnız qətlə yetirilmiş azərbaycanlılar, bir də küncdə-bucaqda gizlənmiş düşmənləri axtarıb tapan və onları məhv edən könüllülər qalmışdı. Ermənilər əvvəlcə özlərinin öldürülmüş soydaşlarını döyüş meydanından aparmağa çalışdılar, sonra isə onların cəsədlərini xəzan yarpaqları kimi azərbaycanlıların ayaqları altına atdılar".

 

 

 

P.S. Bu qanlı hadisələrin başında duran general V.N.Qoloşşapov az sonra - 1906-cı il noyabrın 8-də "Difai" təşkilatının Qarabağ bürosunun qərarı ilə Ağdamın Gülablı kəndinin sakini Hüsü Əlioğlu tərəfindən Tiflisin düz ortasında güllələnərək həqiqi cəzasını aldı. Bunun ardınca "Difai"nin Qafqaz müsəlmanlarına ünvanlanan müraciətində deyilirdi: "İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır. Qarabağda törətdiyi mənfur əməllərinə görə "Difai" partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır ki, haqlı cəzasını aldı. Bu, Qafaqz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda "Difai"nin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz-eşiksiz, sərgərdan gəzib dolaşan minlərlə sakini az da olsa, rahat nəfəs alacaqdır".

 

 

 

(Ardı var)

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 21 fevral.- S.8.