Mədəniyyət və Turizm
Nazirliyində Mərakeş Krallığı
Parlamenti Nümayəndələr
Palatasının nümayəndə heyəti ilə
görüş
Fevralın 20-də Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Əli Kəbiri və onu müşayiət edən şəxslər ilə görüş keçirilmişdir.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
qonaqları səmimi salamlayaraq mədəniyyət və
turizm sahəsində xarici
ölkələr ilə əlaqələrin inkişafı
barədə qısa məlumat vermişdir.
Yüksək
səviyyədə müntəzəm görüşlərin mədəni əməkdaşlıq
qurmaq üçün çox əhəmiyyətli
olduğunu vurğulayan nazir turizm problemləri üzərində
ətraflı dayanmışdır.
Ə.Qarayev
demişdir: "Azərbaycan ilə tanışlıq ölkəmizin turizm
imkanlarını yaxından öyrənməyə və daha
sıx turist mübadiləsi aparmağa imkan verəcəkdir".
Nazir
xatırlatmışdır ki, Bakıda artıq iki dəfə
Mərakeş mədəniyyəti günləri, habelə Mərakeşdə
Azərbaycan mədəniyyəti günləri
keçirilmişdir.
Mərakeş
nümayəndə heyətinin başçısı Əli
Kəbiri səmimi qəbula görə minnətdarlığını
bildirərək qeyd etmişdir ki, bu səfər əməkdaşlığın
konkret prioritet məsələlərini müəyyənləşdirməyə
və onları hazırlıq mərhələsində olan Mədəniyyət
üzrə Konvensiyaya daxil etməyə imkan verəcəkdir.
Mərakeşdə turizmin inkişafından söz açan qonaq bildirmişdir ki, il ərzində ölkəyə 10 milyondan çox turist gəlir. O, əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında turizm əlaqələri dinamik inkişaf edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 21 fevral.- S.9.