Prezidentin əhalinin
sağlamlığının qorunmasına dair
tapşırıq və
göstərişləri uğurla icra olunur
Quba
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığı Qubada da uğurla icra olunur.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova AzərTAc-a bildirmişdir ki, əhalinin hamılıqla tibbi müayinədən keçirilməsi xalqımızın sağlam gələcəyi üçün atılmış mühüm addımdır.
A.Həsənova demişdir ki, Qubada vətəndaşların profilaktik müayinələrə cəlb olunması üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür. İlk növbədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Müayinələr Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, rayon ərazisindəki bütün tibb məntəqələrində aparılır.
Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirmişdir ki, rayondakı bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Tibbi aksiyanın ilk günlərində 100-dən artıq həkim tərəfindən 3000-ə yaxın rayon sakini tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslər xəstəxanada stasionar qaydada müalicəyə cəlb olunurlar.
Rayon
sakini Faiq Məmmədov AzərTAc-a müsahibəsində
müayinələrin təşkilindən, xəstəxanada
yaradılan şəraitdən razı qaldığını
söyləyərək demişdir: Mən Müəllimlər
İnstitutunun Quba filialında çalışıram. Müayinəyə
kollektivimizlə birlikdə gəlmişəm. Yaradılan
şəraitdən və həkimlərin münasibətindən
çox razıyıq.
Sağlamlığımıza göstərilən bu yüksək diqqət və qayğıya
görə dövlət başçısına minnətdarıq.
Müayinədən
keçmiş digər rayon sakini - Əflim Dadaşov da
Prezidentin bu xeyirxah təşəbbüsündən olduqca
razı qaldığını bildirmiş, vətəndaşlara
pulsuz müayinə olunmaq imkanı yaradılmasını
yüksək qiymətləndirmişdir.
Abşeron
Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Abşeron rayonunda da yüksək səviyyədə icra olunur.
Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, tibbi müayinə Xırdalan şəhər mərkəzi poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında həyata keçirilir.
Komissiyanın sədri qeyd etmişdir ki, əhalinin tibbi müayinəsinin effektiv və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə kompleks tədbirlər görülmüş, dəqiq qrafik tutulmuşdur. Bütün idarə və müəssisələrdə çalışan insanlar bu qrafikə əsasən müayinə olunurlar. Qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsidir ki, artıq ötən 3 gün ərzində 13076 sakin tibbi müayinədən keçmiş, sağlamlıqları haqqında məlumat əldə etmişlər.
Rayon sakini Yavər Əhədov bu nəcib aksiyanı yüksək qiymətləndirərək demişdir ki, müayinənin təşkilindən çox razıdır. Həkimlər onu hərtərəfli, dəqiq müayinə etmiş, lazımınca diqqət göstərmişlər.
Müşahidələr
göstərir ki, rayonun tibb müəssisələrində
müayinə üçün hər cür şərait
yaradılmış, həkim briqadaları müasir tibbi
avadanlıqla təchiz edilmişdir. Təcrübəli həkim
və tibb işçiləri qrafik əsasında qəbula gələn
insanları hərtərəfli müayinədən keçirir, onlara məsləhətlər
verilir, ehtiyac duyulduqda xəstələr müalicəyə
cəlb olunurlar.
Sakinlər
də öz növbəsində bu aksiyadan olduqca məmnundurlar
və göstərilən qayğıya görə dövlət
başçısına minnətdarlıq edirlər.
Nərimanov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsət almasına imkan yaratmışdır. Dövlət başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinələrə cəlb olunmaları bunun bariz nümunəsidir.
Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir.
Rayondakı 8 nömrəli şəhər poliklinikasında sakinlərin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqlarla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirmişdir ki, kampaniyanın yüksək səviyyədə aparılması üçün əvvəlcədən idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verilmişdir. Ölkə başçısının tapşırığını təmin etmək məqsədi ilə rayon sakinləri tibbi müayinə barədə məlumatlandırılmışlar. Görülən işlərin nəticəsidir ki, rayonda olan bütün səhiyyə müəssisələrində tibbi müayinələr uğurla aparılır. Fevralın 17-dən indiyədək poliklinikalarda artıq 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 170 minə yaxın rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından faydalanacaqdır. Rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər.
Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov bildirmişdir ki, kampaniyanın məqsədi xəstəliklərin vaxtında aşkarlanması və əhalinin sağlamlığının qorunmasıdır. Xəstəlik vaxtında aşkarlanarsa, onun qarşısını almaq da asan olar. Bu baxımdan dövlət başçısının bu humanist addımının böyük əhəmiyyəti vardır. O demişdir ki, hazırda rayonun 6 poliklinikasında tibbi müayinələr aparılır. Rayon sakinləri müayinə olunmaq üçün poliklinikalara həvəslə gəlirlər.
Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Rayon sakinləri Aygün Məmmədova və Səriyyə Qurbanova onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Zaqatala
Dövlətimizin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsi olan səhiyyənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son 10 ildə ölkə büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclər dəfələrlə artmış, müasir tibbi avadanlıqla təchiz olunmuş 500-dən çox yeni tibbi müəssisə əhalinin istifadəsinə verilmişdir. Bu illər ərzində Zaqatala rayonunda da səhiyyənin maddi-texniki bazası xeyli gücləndirilmiş, rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş, yeni Müalicə Diaqnostika Mərkəzi, 50 çarpayılıq vərəm xəstəlikləri xəstəxanası və tibb məntəqələri tikilmişdir.
AzərTAc xəbər verir ki, dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Zaqatala rayonunda da yüksək mütəşəkkilliklə davam edir. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı çox yüksək dəyərləndirir.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AzərTAc-a bildirmişdir ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılmış, müayinəyə cəlb olunacaq əhalinin sayı dəqiqləşdirilmişdir. Aksiya çərçivəsində rayonun 18 yaşdan yuxarı 90 minə yaxın sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələr rayonun 5 tibb müəssisəsində - Mərkəzi Xəstəxanada, Müalicə Diaqnostika Mərkəzində, Əliabad qəsəbə, Yeni Suvagil və Danaçı kənd sahə xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında aparılır. Bu işə yüksək ixtisaslı, peşəkar həkim və orta tibb işçilərindən ibarət briqadalar cəlb olunmuşlar. Bundan əlavə, səyyar həkim briqadaları da yaradılmışdır. Həmin briqadalar əsasən hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərir. Vəfa Süleymanovanın bildirdiyinə görə, fevralın 17-dən başlanan aksiya çərçivəsində artıq 3 min nəfərə yaxın rayon sakini tibbi müayinələrdən keçmişdir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva AzərTAc-a bildirmişdir ki, bu cür müayinələrin aparılması xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Aksiya çərçivəsində xəstəxananın konsultativ poliklinika şöbəsində 22 min nəfərə yaxın rayon sakininin müayinədən keçirilməsi nəzərdə tutulur. Həkim briqadalarına terapevt, oftalmoloq, ginekoloq, uroloq və digər ixtisaslar üzrə peşəkar həkim və tibb işçiləri daxil edilmişlər. Müayinəyə ümumi həkim baxışı, qan təzyiqinin, boy və çəkinin ölçülməsi, piylənmə dərəcəsinin qiymətləndirilməsi daxildir. Zərurət yarandığı hallarda qanın biokimyəvi analizi və digər prosedurlar həyata keçirilir. Baş həkimin bildirdiyinə görə, hər gün poliklinika şöbəsində 700 nəfərə yaxın vətəndaş müayinə edilir. Müayinəyə gələnlərin əksəriyyəti kəskin respirator, qan təzyiqi və ürək-damar xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər.
Xəstəxananın
poliklinika şöbəsində müayinə olunan Fatma
İsrafilova, Gülnarə Quliyeva və başqaları onlara
göstərilən bu qayğıya görə Prezident
İlham Əliyevə bütün zaqatalalılar adından
minnətdarlıqlarını bildirmiş, belə
aksiyaların davamlı olacağına əminliklərini ifadə
etmişlər.
Azərbaycan.-2014.- 21 fevral.- S.10.