Ağsaqqallıq şərəfli missiyadır

 

Həmişə ağsaqqal insanları pis əməllərdən uzaqlaşdırıb, xeyirxah işlərə sövq edib. El-oba həmişə ağsaqqal sözünü eşidib, nəsihətlərinə ehtiyac duyub, ona qulaq asıb. Ağsaqqal nüfuzu əsrlərdən bəri özünə yer taparaq Dədə Qorqudun timsalında tariximizdə silinməz iz qoyub. Ağsaqqallarımız və ağbirçəklərimiz həyatda görüb-götürdüklərindən nəticə çıxararaq gənclərə düzgün yol göstəriblər

Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbər seçiləndə 46 yaşı var idi. Buna baxmayaraq, ulu öndər həmin illər respublikamıza həm də ağsaqqallıq etdi. O dövrü mənim yaşıdlarım yaxşı xatırlayırlar. Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətdə idi. Respublika sənayenin və aqrar sahənin inkişafına görə keçmiş ittifaqda axırıncı yerlərdən birini tuturdu. Elmə, ədəbiyyata və incəsənətə diqqət, demək olar ki, unudulmuşdu.

Ulu öndər fəaliyyətinin ilk illərində respublikada ədaləti bərpa etdi, rüşvətə, korrupsiyaya qarşı mübarizəni gücləndirdi. Paralel olaraq şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət aldı. Kənd təsərrüfatında az zamanda dönüş yarandı, Azərbaycan ittifaq miqyasında qabaqcıl respublika oldu. Heydər Əliyevin qurucu rəhbər kimi şöhrəti ölkəyə yayıldı.

Ulu öndərin müstəqillik illərində hakimiyyətə qayıdışı isə onu ağsaqqallığın ən yüksək zirvəsinə qaldırdı. Ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, doğma diyarımızın parçalanması qorxusu aradan qaldırıldı, atəşkəsə nail olundu. Ümummilli lider Azərbaycan həqiqətlərini planetimizin hər bir guşəsinə çatdırdı. Xalqın ağır mənəvi yükünün altına girdi, onu ellə birlikdə daşıdı. Millətinin qayğısına qalan bir müdrik rəhbər kimi tarixə düşdü.

Ulu öndərin şərəfli yolunu, uğurlu siyasətini bu gün layiqli varisi İlham Əliyev davam etdirir. Prezidentin məqsədyönlü siyasəti xalq tərəfindən bəyənilir və dəstəklənir. Çünki ölkə rəhbəri kimi fəaliyyətində ağsaqqalların da istəklərini daim nəzərə alır. Bu, Prezidentin 2013-cü il fevralın 16-da Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayına göndərdiyi təbrik məktubunda da əksini tapmışdır: "Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxtregionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik".

Respublika Ağsaqqallar Şurasının VI qurultayından keçən bir il arxada qaldı. Bu dövrün mühüm siyasi hadisələrindən biri prezident seçkiləri oldu. Qurultay ölkəmizin rəhbərliyinə İlham Əliyevin yenidən seçilməsini dəstəklədi və Prezidentə müraciət qəbul etdi. Seçki kampaniyasına ağsaqqallar fəal qoşuldular. Dövlət başçısının respublikamızın tərəqqisi və beynəlxalq arenada nüfuzunun artması naminə apardığı siyasətin əhali arasında geniş təbliğinə başladılar.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov başda olmaqla idarə heyəti üzvlərinin regionlarda rayon şuralarının sədrləri və gənclər təşkilatlarının nümayəndələri ilə görüşləri təşkil olundu. "Dəyirmi masa"larda aparılan söhbətlər və diskussiyalarda İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qazanılmış uğurlar ətraflı təhlil olundu, respublikadakı işgüzar şəraitin və sabitliyin səbəbləri açıqlandı və bu dəfə də xalq düzgün seçim etdi, Azərbaycanın xoş gələcəyi naminə İlham Əliyevi üçüncü dəfə Prezident seçdi.

Ağsaqqallar Şurasının Nizamnaməsinin yenidən işlənib qurultayda qəbul edilməsi rayon təşkilatlarının vəzifələrini konkretləşdirmişdir. Sənəd rayonumuzun ərazisindəki 29 ağsaqqallar təşkilatına çatdırılıb. Bu təşkilatlar 300 nəfərə yaxın ağsaqqal və ağbirçək fəalı birləşdirir.

 

Lerik uzunömürlü ağsaqqalları ilə məşhurdur. Bu gün də onların sayı az deyil. Ulu öndər Heydər Əliyev fermer Xanış Şahıyevlə görüşlərinin birində demişdir: "Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçmişdir". Bəli, bizim ağsaqqallar zəhmətkeş və qəhrəman insanlar, dostluqda etibarlı adamlardır. Onlar rayonun ictimai həyatında fəal iştirak edirlər. Ağsaqqal sözü, ağsaqqal öyüdü Lerikdə həmişə eşidilir, əməl olunur.

Rayon şurasına 49 nəfər ağsaqqal seçilmişdir. Ötən bir ildə şura fəaliyyətini qurultayın qərar və tövsiyələrindən irəli gələn vəzifələr əsasında qurmuş, ictimaiyyət arasında nüfuzu daha da artmışdır. Bu da səbəbsiz deyil. Ərazilərdəki təşkilatlardan daxil olan təşəbbüs və təkliflərə idarə heyətində baxılır, əksəriyyəti icra üçün idarə və müəssisələrə, təşkilatlara göndərilir. Məsələn, ən iri kənd olan Cəngəmiran kəndinin ağsaqqallarının təşəbbüsü ilə rayon Yol İstismarı İdarəsi kəndə bir kilometr asfalt yol çəkmişdir. Başqa bir misal: Vizəzəmin kəndindəki məktəb ötən əsrin 40-cı illərində tikilmişdi və təhsilin bugünkü tələblərinə cavab vermirdi. Kəndin ağsaqqalları və ağbirçəkləri bu barədə rayon icra hakimiyyətinə müraciət etdilər. Təklif bəyənildi. Smeta-layihə sənədləri hazırlandı. Ötən ilin payızında yeni məktəbin təməl daşını elə ağsaqqallar özləri qoydular. Şingədulan kəndinin ağsaqqallarının isə təşəbbüsü ilə qədim qəbiristanlıq daş hasara alınmış, ağacgül kolları əkilmişdir. Bunlardan əlavə, ağsaqqalların təşəbbüsü ilə İkinci  Dünya müharibəsinin qəhrəmanı, Stalinqraddan Berlinədək döyüş yolu keçmiş, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş topçu Əli Hüseynovun 95, Lerikin ilk ali təhsilli maarifçisi Əli Vəliyevin 100 illik yubileyləri qeyd olunmuşdur.

Ağsaqqallar yeniyetmələrin faydalı əməyə cəlb olunmasında, valideyn-övlad münasibətlərinin nizamlanmasında, yersiz narazılıqların aradan qaldırılmasında da yaddaqalan işlər görmüşlər. Həmçinin adət və ənənələrimizin qorunmasında ağsaqqalların rolu az deyil. Onların iştirakı ilə doğulan uşaqlara adqoyma günləri keçirilir, ailə həyatı quran gənclər ilk xeyir-duanı müdriklərdən alırlar. Elə buna görədir ki, 80 minə yaxın əhalisi olan Lerikdə boşanmaların sayı xeyli azdır.

Amma bütün bu görülən işlər, həyata keçirilən tədbirlər bizi arxayınlaşdırmır. Bu il "Uzunömürlülər bayramı" keçirmək, rayondan kənarda yaşayan elm, mədəniyyət və adamları ilə görüşmək, ağsaqqalların asudə vaxtını səmərəli təşkil etmək üçün "Ağsaqqallar klubu"nun açılmasına nail olmaq istəyirik.

Ağsaqqallıq Allah vergisidir. Bu heç də hər kəsə nəsib olmur. Hər saç ağardan, ağsaqqal sayılmır. El üçün yanan, Vətən eşqini, xalqın adını müqəddəs sanana ağsaqqal deyilir. Bu keyfiyyətlərə görə ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Onları qorumaq vətəndaşlıq borcumuz, müqəddəs vəzifəmizdir.

 

 

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar journalist

Azərbaycan.-2014.- 21 fevral.- S.11.