Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan

 münasibətlərinin inkişafında müstəsna xidmətləri olmuşdur

 

Azərbaycan və Qazaxıstan dostqardaş ölkələrdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dostluq  münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətləri olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin işinin  layiqli davamçısıdır.

Bu sözləri AzərTAc-a müsahibəsində ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin səsləndirmişdir. Fevralın 21-də səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna gedən N.Niqmatulinə Bakının qədim tarixi rəmzlərindən biri - milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qış qalası barədə məlumat verilmişdir.

Ölkələrimiz arasında  ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayan  Qazaxıstan Parlamenti Məclisinin  sədri  demişdir: "Qazaxıstanda "Qazaxıstan-2050"  strategiyası: təşəkkül tapmış dövlətin yeni siyasi kursu" Dövlət Proqramı həyata keçirilir. Respublikanın 2050-ci ilədək dünyanın ən inkişaf etmiş 30 ölkəsi sırasına daxil olması üzrə strateji məqsəd müəyyən edilmişdir.  Qeyd edək ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Hazırda  Azərbaycan və Qazaxıstan  arasında siyasiiqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan və Qazaxıstan  strateji tərəfdaşlardır. Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının fəaliyyəti tərifəlayiqdir. Hər iki ölkənin  qanunverici orqanlarında fəaliyyət göstərən  dostluq qrupları  əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Əminəm ki, imzalanmış sənədlər əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir".

Qeyd edək ki, Azərbaycan paytaxtının qədim guşəsindən xatirə olaraq hörmətli qonağa hədiyyə təqdim edilmişdir. Qazaxıstan Parlamenti Məclisinin sədri  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar üçün kitabında ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.-2014.- 22 fevral.- S.1.