«Xocalıya ədalət!» kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə
beynəlxalq əməkdaşlıq
və həmrəylik» mövzusunda II
Beynəlxalq konfrans keçirilmişdir
Fevralın 21-də Bakıda Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrdən qonaqlar, tarixçi alimlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra onlar Lökbatan qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı ilə bağlı sərgiyə baxmışlar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı film nümayiş olunmuşdur.
Konfransı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq Xocalı soyqırımı barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistanın silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, indi baxdığımız film bizlərə kədərli anlar yaşatdı. Xocalı həmin gecə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin ən faciəli səhifəsidir.
Əli Həsənov 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini xatırladaraq demişdir ki, 1918-ci il martın 31-də ermənilər Bakıda və bölgələrdə milli qırğınlar törətmiş, on minlərlə dinc müsəlmanı qətlə yetirmişlər. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermişdir. Azərbaycan dövlətinin apardığı siyasət, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınır. Təkcə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, quruma üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir.
"Türkiyə parlamenti Xocalı soyqırımını qətliam kimi qiymətləndirmiş, vilayətlərdə isə tanınmışdır. Bilirsiniz ki, dünya erməniliyi soyqırımı məsələsində Türkiyəyə problem yaratmağa çalışır. Yüz ilə yaxındır ki, ermənilər 1915-ci ildə Anadolu torpaqlarında guya ermənilərə qarşı "soyqırımı" həyata keçirilməsi ilə bağlı qondarma antitürk kampaniyası aparırlar. Bu da Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoyur. Ona görə də Türkiyə hökuməti hələ Xocalı faciəsinə bəşəri soyqırımı hadisəsi kimi hüquqi qiymət verməyib. Lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və ona qətliam kimi qiymət verilir. Türkiyənin müxtəlif regionlarında soyqırımı ilə bağlı abidələr açılır. Bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılmışdır" - deyə Əli Həsənov əlavə etmişdir.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti vardır. Siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün bu cinayətə dair reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir.
Əli Həsənov daha sonra demişdir ki, ermənilər Xocalı soyqırımından əvvəl də azərbaycanlıları kütləvi şəkildə öldürmüş, xalqımıza qarşı qətliamlar törətmişlər. Amma biz ermənilərdən qisas almaq istəyi ilə yaşamırıq. Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq istəyirik. Erməni xalqı öz siyasətçilərinin qurbanına çevrilmişdir. Ermənilər torpaqlarımızdan çəkilməli, faciə qurbanlarının xatirəsi qarşısında günahlarını etiraf etməlidirlər. Biz qonşularımızla dinc şəraitdə yaşamalıyıq. Bunu sivil yaşayış qaydaları tələb edir. Yalnız ermənilər bununla üzlərindən qara ləkəni götürə bilərlər. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq. Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Biz bir dövlət olaraq yalnız bundan sonra əməkdaşlığa başlamağa, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətinə yönəltməyə hazırıq.
Əli Həsənov 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrindən də danışmış, bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söylədiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 1988-ci ilin fevralında erməni xüsusi xidmət orqanları və ayrı-ayrı qrupların təşkilatçılığı ilə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bu məsələyə göz yumması nəticəsində Sumqayıtda təxribat törədilmişdir. Sonradan aparılan təhqiqat nəticəsində müəyyən edilmişdir ki, həmin hadisələri törədən Qriqoryan qardaşları və onlara qoşulmuş Ermənistan SSR DTK-nın nümayəndələri Sumqayıtda 26 erməni və 6 azərbaycanlı sakini qətlə yetirmişlər.
O da məlum olmuşdur ki, Sumqayıtda qətlə yetirilən ermənilər o zaman yaradılan separatçı "Krunk" təşkilatına yardım göstərməyən ermənilərdir. Bu hadisəni törətməklə ermənilərə işləyən o zamankı xüsusi xidmət orqanları iki məqsəd güdmüşlər: birincisi, ermənilərin formalaşdırdığı terrorçu təşkilatlara kütləvi dəstək vermək, ikincisi isə Azərbaycan-Ermənistan qarşıdurmasını stimullaşdırmaq, antiazərbaycan fəaliyyətinə rəvac vermək.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Xocalı soyqırımının dünyanın ən dəhşətli faciələrindən biri olduğunu demişdir. Bildirmişdir ki, keçmiş Sovet İttifaqına daxil olan 15 respublika arasında müstəqillik qazandığına görə ən böyük faciələri Azərbaycan yaşamışdır. Bunun əsas səbəblərindən biri isə o dövrdə Azərbaycanın lidersiz qalması idi. O dövrdə ümummilli lider Heydər Əliyev məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmışdı. Lakin xalqımız öz gələcəyi naminə doğru seçim edərək ulu öndəri yenidən hakimiyyətə qaytardı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə atəşkəs əldə edildi. Azərbaycan öz sülhpərvərliyini göstərdi, ermənilər isə yenə də atəşkəsi pozurlar.
Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın tolerant bir ölkə olduğunu, burada bütün millətlərin dinc və əmin-amanlıq şəraitində yaşadığını vurğulamışdır.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək Xocalı soyqırımı zamanı azərbaycanlıların yaşadıqları müsibətlərdən danışmış, belə faciələrin bir daha baş verməməsi üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğulamışdır.
Sonra Moldova ombudsmanı xanım Aureliya Qriqoriu çıxış edərək demişdir ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. Yalnız hər bir insanın əsas hüquqlarına hörmətlə yanaşılması yolu ilə müstəsna əhəmiyyətə malik olan müasir problemlərin həllinə şərait yaratmaq olar. Bu, nəinki Xocalı soyqırımı kimi dəhşətli cinayətə diqqət çəkmək, həmçinin dünya ölkələrinin parlamentlərinə müraciət edərək bu hadisələrə hüquqi və siyasi qiymət verilməsini tələb etmək üçün vacibdir. Həmçinin Xocalı və Dağlıq Qarabağ üzrə hərbi tribunalın təşkil olunması məsələsinə baxılmalıdır.
Moldovalı ombudsman demişdir ki, erməni separatçılarının Azərbaycan xalqına qarşı cinayətlərinə ilk dəfə dövlət səviyyəsində qiyməti Azərbaycanın ümummilli lideri Heydər Əliyev vermişdir. Bu baxımdan Prezidentin 1998-ci il 26 mart tarixli fərmanı bu cinayətlərin unudulmaması istiqamətində proqram xarakterli sənəd olmuşdur. Xocalı faciəsi soyqırımı cinayəti aktıdır. Dünyada "Xocalıya ədalət!" kampaniyasının tərəfdarları getdikcə çoxalır. Dünya ictimaiyyəti bu faciəyə mütləq qiymət verməlidir.
A.Qriqoriu demişdir: "Bu gün biz konfrans iştirakçıları adından bəyannamə qəbul edəcəyik. Mən təklif edirəm, bu sənədə əlavə edilsin ki, ölkə rəhbərliyi Xocalı soyqırımı və Dağlıq Qarabağ üzrə beynəlxalq tribunalın yaradılması, Azərbaycan ərazisində insanlığa qarşı törədilən bu cinayətin təqsirkarlarının cəzalandırılması ilə bağlı qətnamə çıxarılması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət hazırlasın. Bu bəyannamə dünyanın bütün ölkələrindəki Azərbaycan diasporlarında müzakirə olunsun və onların yaşadıqları dövlətlərin rəhbərliyinə göndərilsin. Artıq bu cinayətin tanınmasının deyil, onun günahkarlarının cəzalandırılmasının vaxtı çatmışdır".
Ukraynanın Rava-Ruska şəhərinin meri İrina Vereşuk Azərbaycanda sülh və sabitliyin olduğunu deyərək bunun cəmiyyətin inkişafına müsbət təsir göstərdiyini bildirmişdir. O, Ukrayna xalqının da soyqırımlarına məruz qaldığını, süni yolla Qolodomor soyqırımının törədildiyini demişdir. Ukraynalı qonaq müasir dövrdə sabitliyin insanlar üçün çox önəmli olduğunu vurğulamışdır.
Çıxışlardan sonra "Xocalı soyqırımı: ədalət uğrunda beynəlxalq əməkdaşlıq və həmrəylik" və "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri" mövzularında sessiyalar keçirilmişdir. Sessiyalarda mövzularla bağlı məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Fevralın
22-də isə qonaqlar Qobustan Dövlət Tarixi-Bədii
Qoruğunu və Quba rayonundakı soyqırımı məzarlığını
ziyarət edəcəklər.
Azərbaycan.-2014.- 22 fevral.- S.3.