Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında

 müntəzəm diplomatik məsləhətləşmələr haqqında

Anlaşma Memorandumu imzalanmışdır

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikasına (CAR) ilk rəsmi səfəri çərçivəsində bu ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin naziri (xarici işlər naziri) xanım Nkoana Maşabane ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, görüşdə Azərbaycan ilə CAR arasında  siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunmuş, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Elmar Məmmədyarov Azərbaycanın və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında qurum çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixiproblemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verən Elmar Məmmədyarov BMT TŞ-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və rəsmi Yerevanın öz təcavüzkar siyasətini bu gündavam etdirdiyini vurğulamışdır.

Nazir Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətlər barədə də danışmış, ölkəmizin müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirmişNkoana Maşabaneni Azərbaycana səfərə dəvət etmişdir.

N.Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirmiş, E.Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Nkoana Maşabane Prezident Ceykob Zumanın CAR-ın ordu günü ilə əlaqədar Blumfanteyn şəhərində olduğunu bildirmiş və ölkə başçısının Azərbaycan ilə əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi əzmində olduğunu vurğulamışdır.

Görüşdə Elmar Məmmədyarov və Nkoana Maşabane tərəfindən "Azərbaycan Respublikası hökuməti və Cənubi Afrika Respublikası hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" Anlaşma Memorandumu imzalanmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.1.