Naxçıvan Muxtar
Respublikası Ali Məclisində
müşavirə
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi həyatın bütün sahələrində olduğu kimi, tikinti sektorunda da dinamik inkişaf tempi müşahidə olunur. Qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr tikinti-abadlıq işlərinin həcminin ildən-ilə artmasına, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qalxmasına, əhalinin rifah halının yaxşılaşmasına səbəb olur.
Qeyd olunanlar bir daha göstərir ki, tikinti sektoru iqtisadiyyatımızda xüsusi rola malikdir. Ona görə də tikintidə keyfiyyət və təhlükəsizlik məsələləri ciddi nəzarətə götürülməlidir. Tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı Ali Məclisdə 2011-ci və 2012-ci illərdə müşavirə keçirilmiş, geniş müzakirələr aparılmış, aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Ötən müddətdə bu sahədə bir çox işlərin görülməsinə baxmayaraq, hələ də bəzi çatışmazlıqlar mövcuddur. Aparılan yoxlamalar zamanı son illər istifadəyə verilmiş yeni tikililərin çoxunda nöqsan və çatışmazlıqlar aşkara çıxarılmışdır. Bu, onu göstərir ki, tikinti şirkətləri tərəfindən tələskənliyə yol verilir və təsdiq edilmiş standartlara inşaat prosesində əməl olunmur. Keyfiyyətə xüsusi diqqət yetirilməməsi, yaxud tikilənlərin lazımi qaydada qorunmaması səbəbindən istifadəyə verildikdən sonra onların bir çoxunda təmirə ehtiyac yaranır".
Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış etmişlər.
Aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və tikinti təşkilatları ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, həyata keçirilən tikinti-abadlıq işlərində keyfiyyət amilinə nəzarəti artırmalı, inşaat və dizayn işlərində milli ornamentlərdən istifadəyə xüsusi diqqət yetirməlidir. Artıq xərclərin qarşısının alınması və təkrar təmir işlərinə yol verilməməsi üçün su, kanalizasiya, yol, elektrik, qaz və rabitə xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin olunmalıdır. Tikinti təşkilatlarının rəhbərləri inşaat işlərinin yerinə yetirilməsində, su, kanalizasiya, qaz xətlərinin çəkilişlərində əsasən yerli istehsal məhsullarına üstünlük verməli, keyfiyyət sertifikatı olmayan xarici materialların istifadəsinə son qoyulmalıdır. Tikinti obyektləri layihələndirilərkən ərazinin seysmiklik dərəcəsi düzgün müəyyənləşdirilməli, buna dair müvafiq sənədlər olmadan tikinti layihələndirilməməli və inşaat işləri aparılmamalıdır. Tikinti aparan təşkilatın rəhbəri obyektin inşasına başlamazdan əvvəl tikinti sahəsinin sanitar, yanğın, ekoloji təhlükəsizliyinə, yaxınlıqdakı mühəndis və nəqliyyat kommunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsinə, təmir-tikinti aparılan yerlərdə xüsusi işarələrin qoyulmasına nəzarəti gücləndirməlidir.
Qeyd olunmuşdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Nəqliyyat nazirlikləri ilə birlikdə yolların və yük avtomobillərinin standartlara uyğun istismarını təmin etmək üçün normadan artıq yüklənmənin qarşısını almalı, texnikaların saz vəziyyətdə olmasına nəzarət artırılmalı, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə yerli və idxal edilən tikinti material və konstruksiyalarının keyfiyyətli olmasına nəzarəti gücləndirməli, həmçinin avadanlıqların, maşın və mexanizmlərin təhlükəsizlik tələblərinə uyğunluğunu nəzarətdə saxlamalıdır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin fəaliyyətini gücləndirməli, inşaat işləri zamanı tikinti norma və qaydalarının tələblərinə, razılaşdırılmış və təsdiq edilmiş memarlıq və tikinti layihələrinin icrasına əməl edilməsinə nəzarəti artırmalıdır. Tikintini aparan və nəzarət edən məsul şəxslərin müvafiq ixtisasa malik olmasını təsdiq edən sənədlərin mövcudluğunu diqqət mərkəzində saxlamalıdır. Bununla yanaşı, tikintilərdə yüksək təhlükə mənbəyi olan mexanizm və avadanlıqların istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsi davam etdirilməlidir. Həmçinin Fövqəladə Hallar Nazirliyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin konstruktiv möhkəmlilik və davamlılıq, seysmik dayanıqlılıq və təhlükəsizlik tələblərinə cavab verməsi üçün təsirli tədbirlər görməlidir.
Ali Məclisin Sədri tapşırmışdır ki, Dövlət Gömrük Komitəsi muxtar respublikada istehsal olunan tikinti material və avadanlıqların xaricdən gətirilən eyniadlı keyfiyyətsiz məhsulların haqsız rəqabətindən qorunması üçün bu məhsulların idxalının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərin təsirliliyini artırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikinti işçilərinin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsinə nəzarəti gücləndirməlidir. Əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə diqqət yetirməli, mülkiyyət formasından asılı olmayaraq bütün tikinti rəhbərlərinin və işəgötürənlərin bu kurslara cəlb olunmasını təmin etməli, istehsalat sahələrində çalışan işçilərin müvafiq xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatına nəzarət etməli, texniki təhlükəsizlik qaydalarına əməl olunması iş normasına çevrilməlidir.
Müşavirədə Nəqliyyat Nazirliyi, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üçün də konkret vəzifələr müəyyənləşdirilmiş və qeyd olunmuşdur ki, ağır yüklərin daşınması zamanı daxili avtomobil yollarının sıradan çıxmasının qarşısını almaq məqsədilə tikinti təşkilatları ilə birlikdə istifadə olunan bütün ağır yüklərin və tikinti materiallarının dəmiryolu vasitəsilə daşınması bundan sonra da davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu sənaye, energetika, nəqliyyat, rabitə, tikinti və tikinti aparılan ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatına və onlardan istifadə edilməsinə, eləcə də baş verən ölüm və ya digər istehsalat xəsarətlərinin araşdırılmasına və tədbir görülməsinə nəzarəti gücləndirməli, profilaktiki işin aparılmasını təmin etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanmasına diqqəti artırmalıdırlar. Əmək müqavilələrinin muxtar respublika üzrə qeydiyyat bazasının yaradılması təmin edilməlidir. Səhiyyə Nazirliyi müvafiq qurumlarla birlikdə tikinti obyektlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, bədbəxt hadisələrdən zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsi ilə bağlı tədbirləri davam etdirməli, istehsalatda xəsarət alaraq tibb müəssisələrinə gətirilənlər və ya müraciət edənlər haqqında vaxtında aidiyyəti orqanlara məlumat verməlidir.
Ali Məclisin
Sədri qarşıdakı dövrlərin tikintidə keyfiyyət
dövrü olması və təhlükəsizlik tədbirlərinin
ciddi nəzarətə götürülməsinin vacibliyini
bildirmişdir.
Azərbaycan.-2014.- 22 fevral.- S.3.