54 gün mühasirədə
Laçının
Oğuldərə kəndinin 68 yaşlı müəllimi
Əli Əliyevin acı həyat hekayəti
...Vida vaxtı çatmışdı. Üst evə qalxıb sandığı açdım. Bir ağ torba tapdım və həmin torbaya bir cüt qara ayaqqabı, bir cüt yun corab qoydum. Sonra çörək və yağ-pendir yığdım. Hazırladığım əşyaları götürdüm. Üst evin qapılarından öpdüm, pilləkənlərin başında üzümü divara söykədim, yenə də öpdüm, aşağıya endim. Pilləkənin ayağında diz çökdüm, üzümü pilləkənə söykədim, gözümün yaşı ilə ağacı və daşı islatdım, yenə də öpdüm. Dilsiz daş-divarla danışdım. Dedim ki, bağışla, ata ocağı, bağışla ki, səni qoruya bilmədim. İkimərtəbəli və beş-altı otağı olan evimdən, on beş metr uzunluğu, səkkiz metr eni olan tövlədən, tövlə dolu mal-qaradan, evdəki hər şeydən mənə düşən pay bu oldu - bir ağ torba, bir cüt qara ayaqqabı və bir cüt də yun corab...
Ermənistanın Azərbaycan torpaqlarına etdiyi təcavüz nəticəsində öz ata-baba yurdundan, elindən-obasından didərgin düşən, erməni xislətinin, erməni vəhşiliyinin şahidi olan məcburi köçkünlərdən biri də Laçın rayonunun Oğuldərə kənd sakini 68 yaşlı Əli Əliyevdir. Faciəli günlərə qədər Oğuldərə kəndində ədəbiyyat müəllimi işləyən Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb 54 gün erməni mühasirəsində qalan müəllim iki aydan sonra ailəsinə qovuşub.
Qısa arayış: Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var.
Onu da qeyd edək ki, Əli Əliyevin mühasirədə qaldığı günlərlə bağlı "54 gün erməni mühasirəsində" adlı kitab da işıq üzü görüb. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.
21 il öncə baş verən bu hadisələr Əli Əliyevin bəxtinə yazılmış qara günlərdir. Onun üçün nə qədər ağrılı olsa da, öz xatirələrini bizimlə bölüşməyini xahiş etdik. Görüşdük. Bir qədər hal-əhval tutduqdan sonra Əli müəllim dərindən köksünü ötürüb söhbətə başladı.
Xocalı
soyqırımından sonra Oğuldərəyə sanki qəm
dumanı çökmüşdü
Biz heç vaxt inanmırdıq ki, erməni ayağa dura və bizimlə torpaq davası edə. Hərdən bəzi adamlar gəlib deyirdilər ki, deyəsən, müharibə olacaq. Çünki bəzi ermənilər onlara sözarası deyiblər ki, uzun müddətdir hazırlıq gedir və Ermənistan Azərbaycana qarşı müharibə edəcək. Bunu deyənlərə gülürdük, lağa qoyurduq. Hərə bir söz deyirdi, atmaca atırdı və günlər keçirdi. Sən demə, bu gülüşlər, heç bir məlumatı dəqiqləşdirmədən arxayınlıqla yaşadığımız şirin günlər bir gün acı zəhərə, qaranlıq cəhənnəmə çevriləcəkmiş. Hətta deyirdik ki, 1905-1907-ci və 1918-ci illərdə baş verən münaqişə hansısa səbəblər üzündən yaranıb və bir daha təkrarlana bilməz. Amma sən demə, hər bir erməni Dağlıq Qarabağda müharibənin başlayacağından xəbərdar imiş. Hər bir ermənidən hər ay pul yığırdılar. Soruşanda isə deyirdilər ki, sizlik deyil, öz aramızda olan məsələdi. Ona görə də mən həmişə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi biz "yuxuda olanda" başlayıb.
Kəndimiz Laçının mərkəzindən 70 kilometr uzaqda yerləşir. Kəndə gələn yol Dağlıq Qarabağ ərazisindən keçirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımından sonra Oğuldərə sakinləri arasında narahatlıq daha da artdı. Bu qırğından sonra Oğuldərəyə sanki qəm dumanı çökdü. İnsanlar günün əksər hissəsini televiziya və radionun qarşısında keçirir, hadisələri həyəcanla izləyirdilər. Hər yerdə bu məsələlər müzakirə olunur, ermənilərin hücumu zamanı kəndi necə müdafiə etməyin yolları götür-qoy edilirdi. 1992-ci ildə Oğuldərənin iki mindən artıq əhalisi vardı. Payız olanda bir qrup sakin ailəsi ilə birlikdə Arana köçür, yazda yenə qayıdıb gəlirdilər. Gənclər rahat yaşayış, iş üçün şəhərlərə üz tuturdular. Kəndi bəyənməyənlərin çoxu sonradan köçkünlük fəlakətinə, doğma yurd-yuvanın, ev-eşiyin itkisinə dözə bilmədi, ürəkləri dayandı. Laçınlılar, o cümlədən Oğuldərə camaatı dəhşətli köçkünlük bəlasına düçar oldu.
1992-ci il may ayının 14-ü idi. Bakıdan
gələn maşınlar kəndə çatdılar.
Maşınların sürücüləri və
onlarla gələnlər bildirdilər ki, artıq
Laçın tamamilə boşalıb. Rayonun mərkəzində
hərbçi və polislərdən başqa, demək olar
ki, heç kim qalmayıb. Doğma
ev-eşiklə vida vaxtı çatmışdı. Hamımız ağlayırdıq.
Çünki bu evləri tikənə
qədər mən, anam Rəhimə, bacım Cahan,
qardaşım Ağa (mərhum şair Ağa
Laçınlını nəzərdə tutur) nə qədər
əzab-əziyyət çəkmişdik. Mən
cibimin pulunu axırıncı qəpiyinə qədər
sürücüyə - traktorçuya vermişəm (gözləri
dolur). Heç ağlıma gəlmirdi ki,
hələ işimi başa vurmamış, ev-eşiyi
rahatlamamış didərgin düşəcəm. Faciəmiz təkcə bununla bitmirdi. Biz hamımız ailəni, oğul-qızı,
arvad-uşağı da itirmişdik.
Beş
ailənin əşyasını bir yük maşınına
yığdıq, 40 nəfərə qədər adam üçün yer saxladıq. Elə bu arada məlumat aldıq ki, erməni
silahlı dəstələri Laçının mərkəzini
işğal edib və Laçın-Qubadlı yolunu
bağlayıblar. Bizim bir yolumuz -
Murovdağdan aşan Laçın-Kəlbəcər-Xanlar
yolu ilə hərəkət etmək imkanımız
qalırdı. Murovdağda isə, demək
olar, ilin bütün fəsillərində qar olur və hər
maşın bu dağ yolunda hərəkət edə bilmirdi.
Üz tutduq Kəlbəcərə doğru.
Oğuldərədən
çıxdığımız gün Murovdağı
aşa bilmədik. Gecə Kəlbəcərin
Qamışlı körpüsünün yanında qaldıq.
Qamışlıdan Murova mayın 15-i səhər
tezdən yola düşdük. Murovu aşmaq
heç də asan deyildi. Bu dağ Azərbaycanın
ən uca, başı buludlara çatan və hər zaman qarla
örtülü, yüksəkliyindən baxanda ətəyi
görünməyən əzəmətli dağlarından
biridir. Dibi görünməyən
uçurumlar adamı vahimələndirirdi. Belə bir yolla yük maşınında qocaları,
uşaqları aparmağa məcbur olmuşduq. Dağın sinəsi, çayın
qırağı ilə uzanan yolun sağı və solu
meşəlikdir. Maşın yolun sol tərəfi
ilə axıb Tərtər çayına qovuşan
kiçik çayın sahili ilə atılıb düşə-düşə
Murova doğru irəliləyirdi. Burada Kəlbəcərin
Yanşaq kəndi yerləşir. Yeni
çəkilmiş Kəlbəcər-Xanlar-Gəncə
yolunun üstündədir. Yanşaq Kəlbəcərin
Murovdağ ətəyində olan axırıncı kəndidir.
Payımıza düşən 1-2
qramlıq çörək tikəsi ilə təsəlli
tapırdıq
Kəndi keçib dağa qalxdıq. Bu yolla birinci
dəfə idi gedirdik. Ermənilər Kəlbəcərin
Ağdərədən keçən yolunu bağlayanda Kəlbəcər-Gəncə
yolu çəkilməmişdi. Kəlbəcər-Ağdərə
yolunda ermənilər çox azərbaycanlı
öldürmüşdülər. Camaat Kəlbəcərə
çox uzaq yolla, Tərtər-Ağdam-Ağcabədi-Beyləqan-Füzuli-Cəbrayıl-Qubadlı-Laçın
yoluyla dolanıb çatırdı. Bu uzaq
və əzablı yolu keçməyə məcbur
edilmişdi əhali. Tərtərdən Kəlbəcərə
iki-üç saatlıq yoldur, amma Ağdərə yolu
bağlandığından iyirmi saatdan artıq maşın
sürmək lazım gəlirdi. Sonra Kəlbəcər-Xanlar
yolunu çəkdilər. Yaxşı ki,
çəkdilər, yoxsa 1992-1993-cü illərdə
Laçın və Kəlbəcər əhalisi tam mühasirədə
qalardı.
Min əzab-əziyyətlə qarlı-tufanlı
yolları keçdik. Hərə ailəsini bir qohumunun evinə
yerləşdirdi. Mən isə
uşaqları Tərtər rayonunun Hüsənli kəndinə,
qayınlarım Həsənlə Hüseynin evinə
apardım. Onları tapşırıb
yenidən Oğuldərəyə qayıtdım. 1993-cü ilin mart ayına qədər
başımıza gəlməyən müsibətlər
olmadı. Azərbaycan ordusu
Laçının bir neçə kəndini azad etmişdi.
Onların içərisində bizim də kəndimiz
var idi. Sevinə-sevinə
qayıtmışdıq kəndimizə. Amma
düşmən bu sevincin çox çəkməsinə
aman vermədi. 1993-cü il mart
ayının 30-da xəbər aldıq ki, Kəlbəcərin
kəndləri boşalır. Biz də məcburiyyət
qarşısında doğma yurdu yenidən tərk etməli
olduq. Uşaqları, qocaları, xəstələri
maşına yığıb yola saldıq. Bir neçə
adam qaldıq kənddə. Xəbər
gəldi ki, yola saldıqlarımız rahat keçib-gediblər.
Biz də Kəlbəcərə sarı
yollandıq. Gəlib çatanda gördük ki,
heç kim yoxdur. Lələ
köçüb, yurdu qalıb...
Geriyə, kəndimizə doğru yollandıq. Səhər
açılanda kəndə çatdıq. Ermənilər artıq kəndə girirdilər.
Tədarük görüb üz tutduq yenidən
Kəlbəcərə tərəf. Silahımız
da vardı. Amma daha xəbərimiz yox idi
ki, hər tərəf ermənidir. Biz
düşdük mühasirəyə. Gizli
yollarla aprel ayının 8-dən 9-na keçən gecə gəlib
Laçın torpağına çatdıq. 19 nəfər idik. İçərimizdə
yalnız bircə qadın var idi. Ermənilər
kəndi talan eləmişdilər. Uşaqlar
gecə kəndə gedib hal-əhval tuturdular. Ermənilər
nəinki ev əşyalarını, hətta
lampadakı nefti də süzüb aparmışdılar. Biz dağda -
Qarağacı dərəsində Seyid İbrahimin evində
gizlənirdik. May ayının 15-də ermənilər
bizim izimizə düşdü. Ona görə
də yerimizi dəyişmək məcburiyyətində
qaldıq. Hara getdiksə erməni oranı
tutmuşdu. Bir neçə yol var idi.
Seçim edirdik. Qərara gəldik
ki, Laçının Güləbird kəndinə tərəf
gedək. Ora çatsaq, sağ qala bilərik.
Qızıl Qayanın yanında toplaşıb
yola düşdük. Atları
özümüzdən kənarlaşdırdıq ki,
onların səsinə görə düşmənə əsir
düşməyək. Susuzluq bizi dəhşətli
dərəcədə sarsıdırdı. Çox əziyyət çəkdik. Payımıza düşən 1-2 qramlıq
çörək tikəsini ağzımızda saxlayıb təsəlli
tapırdıq. Dambulaq və Kaha kəndlərini
adladıq. Gecələr yol gedir,
gündüzlər ələ keçməmək
üçün gizlənirdik. Ümidimiz
o idi ki, "Qırmızı Xaç" cəmiyyəti
bizi azad edə bilər.
Sahib dedi ki, döyüş
başlasa, erməniyə əsir
düşməsin deyə bacısı
Nübarı özü öldürəcək
Əzablı yollarla Daşlı kəndinə gəlib
çatdıq. Orada sinif yoldaşım Elbrusun evinə
getdik. Daşlı kəndini də
adladıq, özü də yuxarı tərəfdən,
Narışlara gedən körpüdən. Əslində kəndin ayağından adlamalı
idik. Kəndin içi ilə gedə bilmədik.
Kənddə erməni olmasından ehtiyat etdik.
Bir az getmiş sola dönüb yuxarı
çıxdıq. Dərə vardı,
üstünə iki ağac atıb körpü qurmuşdular.
Qalın və keçilməz meşəyə
girdik. Yerimək qeyri-mümkün idi.
Gecə Şəlvəyə tərəf
maşın keçdi. Bəlkə də
erməni bizi axtarmağa gedirdi. Səhər baxdıq ki,
az qalırmış yola çataq. Gecə yol getdik. Alıqulu kəndinin
yanına çatdıq. Meşədə
qaldıq. İki-üç nəfər
Alıquluya baxıb qayıtmışdı. Kənddə erməni çox idi. Yoldaşlardan biri soruşdu ki, aramızda olan tək
qadının, yəni, Nübarın taleyi necə olacaq?
Qardaşı Sahib də yanımızda
idi və onu çağırıb bu barədə
danışdıq. Sahib söylədi ki,
döyüş başlasa, onun özü məsələni həll
edəcək, Nübarı öldürəcək. Təki girov düşməsin.
Qərara aldıq ki, götürdüyümüz itləri
özümüzdən uzaqlaşdıraq. Onlar
yanımızda hürsələr, erməni duyuq düşəcəkdi.
Bu səbəbdən də axşam yola
çıxan zaman itləri ağaca bağladıq. Elə bil itlər də onları qoyub getdiyimizi
duymuşdular. Bir az getmişdik
gördük ki, itin biri məftili qırıb dalımızca
gəlir. Dəhşətli səhnə idi.
Birtəhər aldadıb yenə onu ağaca
bağladıq. May ayının 19-da
Allahın sanki bizə yazığı gəldi. Gündüz bir Kövşənə, taxıl yerinə
çıxdıq. Qanqal tapıb yedik və o bizə
xeyli qüvvət verdi. Yemlik va zirinc yarpağı yedik. Hoçaz
çayına çatırdıq. Duman
idi. Birdən duman qaçdı, dəhşətli
yağış başladı. Soyunmağa
imkan olmadı. Çayı paltarlı
keçməyə başladıq. Çay
məni və başqa 4 nəfəri zorla bir-birimizdən
araladı. Az qala aparmışdı.
Çayın axarı ilə üzdüm və
çır-çırpı yığılmış yerə
çatdım. Oranı dayaz bildim. Düşündüm ki, burada
çır-çırpı durubsa, deməli, dayazdır.
Çır-çırpı da yerindən
qopdu. Yorulmuşdum. Su məni bir az da aparsa, Həkəri çayına
çata bilərdim. Çox
çalışıb sahilə çıxdıq. Yağış yağa-yağa paltarı soyunduq,
sıxdıq və geyindik. Biz oradan
aralaşana qədər çayın suyu xeyli artdı. Yarım saat gec gəlsəydik, keçə bilməzdik.
Həkəri çayının qırağıyla, erməni
postunun arasıyla gedirdik, irəliləyirdik. Erməni
silahlıları sağdan və soldan havaya güllə atırdılar.
Bu vaxt göyə atılan işıqlı
güllə başqasından seçildi. Güllə
çay yuxarı, Laçına - erməniyə sarı
atıldı. Bu bizim üçün
ümid yeri oldu. Dedim ki, o gülləni atan bizimkilər
olacaq, bərk durun!
Çayın qırağında bir daşın dibinə
yığıldıq. Erməni postu yaxınlıqda idi. Qərara aldıq ki, postda erməni olsa, aldadıb
yaxınlaşmaq lazımdır. Otuz-qırx
metr qalmış atışarıq, kimin qismətinə nə
düşər-düşsün. Kim
sağ qalsa, burada ölənin xəbərini evə
çatdırsın. Həkərinin
sahilindən bir söyüd ağacı çıxarıb gətirdik,
qol-budağını qırdıq. Bir ağ
torbanı cırıb, bayraq düzəltdik. İrəlidə
Şakir idi, onun ardınca əlimdə ağ
bayraq mən gedirdim. Şakir birdən durdu ki,
gedə bilmirəm, yerimək mümkün deyil. Dedim,
dön sağa, çıx döşə. O, belə etdi. Hava işıqlaşırdı. Çayın qırağında tək ağac,
üst tərəfdə isə bir dəmir güclə
görünürdü. Əlimdə ağ
bayraq tutmuşdum. Hamı bir-birinin ardınca
muncuq kimi düzülmüşdü. Postun
bərabərinə çatar-çatmaz
çağırdıq ki, siz kimsiz? Biz azərbaycanlıyıq.
Ermənisizsə, bizə güllə atmayın! Təslim oluruq. Post cavab vermədi. Bir anın içində başlar göründü
və yox oldu. Bizim gizlənməyə,
daldalanmağa heç bir yerimiz yox idi. Çaydan
aralı, dağın döşündəydik. Yenə də qışqırdıq ki, bizə
güllə atmayın. Beləcə
çağıra-çağıra nə qədər cəld
yeriyə, qaça bilirdiksə, o qədər də gedirdik.
Xeyli irəliləmişdik, postdan cavab gəldi ki, biz də azərbaycanlıyıq,
qorxmayın!
Həyəcanlı idik. Ayrı
çıxış yolu yox idi. Qazıdərəsi
körpüsünə yaxınlaşanda ağ
bayrağı, ağ torbanı yerə atdıq. Şakir cibindən bir milli bayraq çıxardı,
yenə də həmin söyüd ağacına
bağladıq və körpüyə tərəf yeridik.
Posta çatdıq. Tək əsgər
öndə durmuşdu və sənəd istədi. Əlimi qoltuq cibimə saldım və oradan qara
üzlük çəkilmiş sovet pasportumu
çıxardım, pasport əlimdə irəli yeridim və
həmin əsgərə verdim.
Pasportu açdı. Oxudu və dedi: Xoş gəlmisiz. Bizi qucaqladı. Əsgərlər
bizə tərəf yüyürdülər. Hamı boynumuzu qucaqlayır, bizi öpür,
doğmaları kimi qəbul edirdi. Kimi su gətirir, kimi
qolumuzdan tutub oturmağa kömək edir, kimi
qaça-qaça vaqondan çörək gətirir, kimisi də
siqaret yandırırdı (Yenə özünü saxlaya
bilmir, kövrəlir)...
Hamı öldüyümü
düşünürdü
54
gündən sonra, 1993-cü il mayın
23-də, səhər saat 5.30-da mühasirədən
çıxdıq. Bizi Güləbird kəndində
yerləşən Laçın batalyonun qərargahına gətirdilər.
Təcili çay, yemək verdilər. Sonra batalyon komandiri Vaqif Cabbarov gəldi.
Soruşduq ki, bilmirsən bizim ailə, uşaq sağdır, yoxsa
qırıblar? Dedi ki, sizin itkin düşməniz barədə
məlumat vardı, uşaqlarınız, ailəniz haqqında
məlumat yoxdur. Posta az qalmış tək
ağacın yanından necə keçdiyimizi soruşdu. Mən sağa dönüb döşə
çıxdığımızı bildirdim. Möcüzədir, düz gəlsək,
minalanmış sahəyə düşərdik. Bir o qədər uçurumu keç, yol gəl,
minaya ikicə metr qalmış o biri tərəfdən
keç. Bizi Allah qorumuş, Yaradan
özü həyatda saxlamışdı.
Mayın 24-də bizi 706 saylı hərbi hissənin qərargahına
gətirdilər. Hər birimizin adına mühasirədən
çıxmaq haqqında arayış verdilər. Oradan da Qubadlıya gətirdilər. Qayıdışımız barədə də
yanlış məlumatlar verilmişdi. Bacım
Ağcabədidə yaşayırdı. Ona
xəbər verirlər ki, qardaşın sağ-salamatdı və
gəlir. Səhəri gün bir uşaq
gedib xəbər verir ki, onların gəlməsi ilə
bağlı xəbər yalandı. Onları
öldürüblər və bu gün meyitlərini veriblər.
Ayrıldıqdan 57 gün sonra ailəmin
yanına gəldim, balalarımı bağrıma basdım.
Dayımla görüşə gedirdim, birdən
gördüm ki, bacım yolla gəlir.
Maşındakılara dedim ki, məni soruşun. Maşın
dayandı, içindəkilər bacımdan soruşdular:
"Əli müəllimi görməmisən?" Ondan səs çıxmadı. Sonra
dedilər ki, bəlkə də buralardadı. Bacım donub qalmışdı. Maşından
düşdüm məni gördü (bu səhnəni Əli
müəllim göz yaşlarına boğula-boğula
danışdı). Heç kimdən səs
çıxmadı. Bacım mənə
yaxınlaşdı. Dəhşətli
görüntü idi.
Bizdən ölüb-qalanları soruşdular. Biz isə nə
görmüşdüksə, hər şeyi olduğu kimi
danışdıq.
68 yaşlı Əli Əliyev soyuq
bağçada yaşayır
İndi o günlərdən 21 il ötür. 54 gün mühasirədə qalıb dəhşətli günlər görən, ailəsinə qovuşub hazırda onlarla birgə ömür sürən Əli Əliyev bu gün Xətai rayonu Günəşli qəsəbəsində 242 saylı uşaq bağçasında məcburi köçkün həyatı yaşayır. Çətinlikləri də bitməyib. Çünki həm də bağça kimi fəaliyyət göstərən bu binada istilik sistemi mövcud deyil. Bağça olduğu üçün binaya qaz çəkilməyib. İstilik sistemlərini isə qış ayı başlayanda "Azəristilik" Açıq Səhmdar Cəmiyyəti dayandırıb. Əli müəllim deyir ki, bu qurumun əməkdaşları gəlib binaya daxil olan bütün boruları kəsib aparıblar. Yaxınlıqda olan qazanxana digər binalara istilik verdiyi halda uşaqların təhsil aldığı bağçada yalnız elektrik enerjisindən istifadə edilir. Bu da ciddi təhlükə yaradır. Elektrik enerjisi kəsildikdə isə burada həyat dayanır. Ömrünün 68-ci qışını yaşayan Əli müəllim bütün instansiyalara rəsmi məktubla müraciət etdiyini bildirir. Ancaq cavab aldığı bütün məktublarda yazılıb ki, məsələni "Azəristilik" ASC həll etməlidir.
Ümid edirik ki, aidiyyəti qurumlar 242 saylı bağçada təhsil alan körpələrin və orada məskunlaşmış məcburi köçkünlərin üzləşdiyi bu problemin həlli istiqamətində ciddi tədbir görəcəklər.
Əli müəllim isə "hər çətinliyə dözmüşük, dözəcəyik də... Bunları heç çətinlik də saymıram. Əsas çətinlik Oğuldərəsiz yaşamaqdır. Bax, buna dözmək əsl müsibətdir. Amma inamım ölməyib" - deyir.
Oğuldərəyə,
Laçına, Qarabağa qayıdacağımıza isə
çox qalmayıb, Əli müəllim!
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 22 fevral.- S.4.