Sənayeləşmə
milli inkişaf strategiyasında prioritet istiqamətə
çevrilir
2013-cü
il də Azərbaycan üçün
uğurlu iqtisadi göstəricilərlə yadda qaldı. Dinamik inkişafını davam etdirməklə
strateji hədəflərinə doğru irəliləyən
ölkəmiz qeyri-neft sektorunun nəzərəçarpacaq
artımı hesabına neft-qaz sektorundan
asılılığın azaldılması, investisiya cəlbediciliyinin,
makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur
layihələrinin reallaşdırılması və digər
mühüm istiqamətlərdə pozitiv göstəricilərə
imza atdı. Ötən il
iqtisadiyyatın bütün funksional sahələri üzrə
optimal nəticələr əldə olundu, regionların
sosial-iqtisadi inkişafına və biznes mühitinin
liberallaşdırılmasına istiqamətlənmiş
dövlət siyasətinin davam etdirilməsi istər ümumi
daxili məhsulun, istərsə də strateji valyuta
ehtiyatlarının artımına imkan yaratdı.
Ötən ilin sosial-iqtisadi inkişafının
yekunları bir sıra Avropa ölkələrində qlobal
böhranın mənfi nəticələrinin hələ tam
aradan qalxmadığı bir şəraitdə Azərbaycanda
iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş
iqtisadi kursun səmərəliyini bir daha sübuta yetirdi. 2013-cü ildə ümumi
daxili məhsul istehsalının
5,8 faiz artaraq 57,7 milyard manata yüksəlməsi,
qeyri-neft sektorunda real artımın 9,8 faiz olması,
adambaşına düşən ÜDM-in həcminin 4,4 faiz
artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına),
strateji valyuta ehtiyatlarının isə 50 milyard manata yüksəlməsi
hökumətin yürütdüyü iqtisadi siyasətin
mühüm uğurları sırasındadır. Bu faktlar ölkə iqtisadiyyatının sadəcə
neft amili üzərində qurulmadığını, əldə
olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun
da mühüm paya malik olduğunu təsdiqləyir.
Həyata
keçirilən tədbirlər Azərbaycanın investisiya cəlbediciliyi
baxımından
üstünlüyünü təmin etmişdir. 2013-cü ildə ölkə iqtisadiyyatına qoyulan
sərmayələrin həm kəmiyyət, həm də
keyfiyyət baxımından kəskin artımı respublikada
yerli və xarici sərmayələri stimullaşdıran
makroiqtisadi mühitin mövcudluğunu bir daha təsdiqləyir.
Sahibkarlıq mühitinin sağlamlaşdırılması,
biznesə başlama prosedurlarının sadələşdirilməsi,
iş adamlarına dövlətin güzəştli kreditlərindən
geniş istifadə imkanlarının yaradılması və
digər mühüm tədbirlər iqtisadiyyata investisiya
qoyuluşlarının həcminə və strukturuna müsbət
təsirini göstərmişdir.
İnvestisiya cəlbediciliyinə təsir göstərən
mühüm amillər arasında iqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı və sənaye
potensialının gücləndirilməsi tədbirləri
xüsusi yer tutur. Bunun nəticəsi olaraq 2010-cu ildə ölkə
iqtisadiyyatına 17,6, 2011-ci ildə 21,6,
2012-ci ildə 25,8 milyard dollar investisiya qoyulmuşdur. Prezident
İlham Əliyevin Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda
vurğuladığı kimi, ötən il
ölkə iqtisadiyyatına investisiya qoyuluşları rekord səviyyədə
artaraq 28 milyard dollara yüksəlmişdir.
Hesabat dövründə iqtisadi resurslardan düzgün və
məqsədyönlü istifadə edilməsi, real sektorun dəstəklənməsi,
sənayeləşmənin stimullaşdırılması,
maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli
şəraitin yaradılması, vergi mühitinin
liberallaşdırılması tədbirləri ölkənin
investisiya cəlbediciliyinin yüksəlməsinə öz təsirini
göstərmişdir. Bütün bunlar iqtisadi inkişafın
keyfiyyətcə yeni mərhələsində ölkənin sənaye
potensialının genişləndirilməsini də obyektiv zərurət
kimi gündəliyə gətirmişdir. Təsadüfi
deyil ki, ölkə rəhbəri Nazirlər Kabinetinin son
iclasında 2014-cü ili "Sənaye
ili" elan etmişdir. Prezident İlham Əliyevin 2014-cü
il 10 yanvar tarixli "2014-cü ilin Azərbaycan
Respublikasında "Sənaye ili" elan edilməsi
haqqında" sərəncamında vurğulanır ki,
hazırkı mərhələdə müasir
çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi
ilə bir sıra tədbirlərin həyata keçirilməsi,
o cümlədən mövcud təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb
edilməsi, ənənəvi sənaye sahələri ilə
yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafını təmin edəcək
imkanların formalaşdırılması zəruridir.
Prezident
İlham Əliyev regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda sənayenin inkişaf zərurətini bir daha önə
çəkmişdir: "Bu il "Sənaye ili"dir. Sənayenin
inkişafına xüsusi diqqət göstəriləcəkdir
və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə
gedir. Bölgələrdə - Gəncədə,
Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması
nəzərdə tutulmuşdur. Eyni zamanda, hər
bir şəhərdə xüsusi sənaye yerləri, sənaye
zonaları yaradılmalıdır. Çünki
iqtisadiyyatımız, sənaye potensialı, əhali artır.
İş yerləri
nə qədər yaradılsa da, yenə də
yaradılmalıdır".
Sərəncamla
İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycanda
"Sənaye ili" elan edilməsinə dair tədbirlər
planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək
tapşırılmışdır. Bundan başqa, Nazirlər
Kabineti "Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı"nın layihəsini
də üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikası Prezidentinə təqdim etməlidir.
Müasir
dövrdə Azərbaycanın iqtisadi cəhətdən
inkişafında, yeni iş yerlərinin yaradılmasında,
ölkənin ixrac potensialının gücləndirilməsi
və idxaldan asılılığın azaldılmasında sənaye
potensialının əhəmiyyətini xüsusi vurğulamaq
lazımdır. Azərbaycan hazırda
inkişafının elə yüksək mərhələsindədir
ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə
bu sahəyə diqqətin artırılmasını aktual məsələ
kimi gündəmə gətirir. Sənaye
potensialının gücləndirilməsi dedikdə, söhbət
keçmiş İttifaq dövründə olduğu kimi,
dövlət nəzarətindəki strateji müəssisələrin
yaradılmasından getmir. Dövlətin
bu sahədəki siyasəti sadəcə sahibkarlığa
kömək tədbirlərinin davamıdır və
perspektivli, iqtisadi baxımdan səmərəli sənaye
kompleksini formalaşdırmaqdır. Dövlət
başçısı hesab edir ki, hökumət öz tərəfindən
bu cür müəssisələrin normal fəaliyyətinə,
habelə xarici sərmayədarlarla birgə qlobal layihələr
həyata keçirilməsinə etibarlı təminat mexanizmləri
yarada bilər.
İnkişafın hazırkı mərhələsində
yüksək makroiqtisadi göstəricilərin
davamlılığının təmin edilməsi həm də
rentabelli sənaye müəssisələrinin
yaradılmasından asılıdır. Azərbaycanın
davamlı inkişafını elm tutumlu sənaye müəssisələrinin
açılması hesabına təmin etmək, eləcə
də neft hasilatının azalması ilə bağlı maddi
itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet
dövründə mövcud olmuş potensialının bərpası,
ayrı-ayrı sənaye sahələri üzrə
ixtisaslaşmış istehsal müəssisələrinin
müasirləşdirilməsi, texnoloji parkların
yaradılması son illərdə qarşıya ciddi vəzifələr
kimi qoyulmuşdur.
Sənayenin
inkişafının müasir innovasiyalar əsasında təmin
olunması, texnoparkların sənayeləşmədə əsas
strateji layihələr kimi yer alması "Azərbaycan - 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasında da öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək Azərbaycanın
tarixi ənənələri olan iri şəhər və
rayonlarında yeni sənaye istehsalı müəssisələrinin
yaradılması və həmin müəssisələrdə
innovasiya yönümlü texnologiyaların tətbiqinin
stimullaşdırılması, ixtisaslaşmış və
ümumi təyinatlı sənaye şəhərciklərinin
yaradılması qarşıya məqsəd qoyulmuşdur.
Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi
zonaların yaradılması və iqtisadi potensial nəzərə
alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət
tullantılarının emalı, Gəncədə metal
(alüminium) məmulatların istehsalı üzrə sənaye
şəhərciklərinin qurulması nəzərdə
tutulmuşdur. Qeyri-neft sənayesinin ənənəvi istehsal
sahələrinin - kimya, metallurgiya, maşınqayırma,
elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti və
aqroemal sənayesinin və s. inkişafı, ixrac
imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli
yeni istehsal sahələrinin yaradılması da dəstəklənmişdir.
2009-cu il 14 aprel tarixli "Xüsusi iqtisadi zonalar
haqqında" qanun ölkədə sənayeləşmə
prosesinin sürətlənməsinə yeni təkan
vermişdir. Dövlət başçısının 24 aprel
2013-cü il tarixli fərmanına əsasən
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin
təsdiq edilməsi ilə sənaye parklarının
yaradılması, idarə edilməsi, habelə onlarda
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin
hüquqi bazası formalaşdırılmışdır.
Qarşıdakı
illərdə hökumət sənaye sektorunda əsas məqsədə
nail olmaq üçün sənayenin qeyri-neft sektorunun
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi,
rəqabətədavamlı sənaye məhsullarının
istehsalının dəstəklənməsi və
ixracyönümlü istehsal sahələrinin
yaradılmasının təşviqi, dövlət mülkiyyətində
olan və ya səhmlərinin nəzarət zərfi dövlətə
məxsus olan sənaye müəssisələrinin
sağlamlaşdırılması və özəlləşdirilməsi,
özəlləşdirmədən sonra müəssisələrin
fəaliyyətinin dəstəklənməsi, istehsalın
texnoloji cəhətdən yenidən qurulması, ixtisaslı
kadrların hazırlanması istiqamətində kompleks tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.
Ölkədə sənayeləşmənin iqtisadi təməlləri,
ilk növbədə, Azərbaycanda güclü sənaye
potensialının inkişafına stimul verən zəngin
xammal bazasının mövcud olması və nəhəng sənaye
kompleksləri infrastrukturları ilə bağlıdır. Bakı,
Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin
mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq,
bölgələrdəki xammal infrastrukturunda başlıca rol
oynayan Daşkəsən, Gədəbəy, Naxçıvan və
Mingəçevirin sənaye marşrutunun bazası olması
danılmazdır. Bu çoxşəbəkəli
marşrutların postsənayeləşmənin vahid kompleksinə
çevrilməsi iqtisadiyyatda yeni mənzərənin
yaranması deməkdir. Sənayeləşmənin
strukturca yeni dövrün tələblərinə uyğun
formalaşması iqtisadiyyatın gələcək maliyyə
təminatında da xüsusi rol oynaya bilər.
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən uzaqgörən siyasətin nəticəsi
olaraq son 10 ildə ölkədə sənayenin inkişafı
yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə
ölkə sənayesinə 40 milyard manatdan çox investisiya
yatırılmış, sənayenin modernləşdirilməsi
və müasir tələblərə cavab verən rəqabətqabiliyyətli
sənayenin yaradılması real nəticələr
vermişdir. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda bildirildiyi kimi, son 10 il ərzində regionlarda 500-dən
çox sənaye müəssisəsi, o cümlədən
Sumqayıtda texnologiyalar və tekstil parkları,
Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda
sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları,
Mingəçevirdə polietilen borular, elektron
avadanlıqları, Sumqayıtda kağız emalı, bitki
yağları, günəş panelləri, Masallıda və
Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy
və Daşkəsəndə qızıl emalı, Oğuzda
qarğıdalı emalı və qlükoza, İmişlidə
şəkər, bitki yağları və qarışıq
yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər
tikinti materialı, mebel, emal, çörək və digər
müasir müəssisələr fəaliyyətə
başlamışdır.
Təkcə
2013-cü il ərzində Bakının Qaradağ rayonunda gəmiqayırma,
Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə
qızıl, Qəbələdə şərab zavodları,
Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr,
Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub
elektrik stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye
müəssisəsi istifadəyə verilmişdir. Hazırda 90-dan çox sənaye müəssisəsinin
tikintisi davam edir və növbəti illərdə istifadəyə
veriləcəyi gözlənilir. Qeyd edilənlərlə
yanaşı, ölkəmizdə əvvəllər mövcud
olmamış müdafiə, kosmik və alternativ enerji sənaye
sahələrinin yaradılmasını da xüsusi
vurğulamaq lazımdır.
Yeni və
müasir sənaye müəssisələrinin fəaliyyətə
başlaması nəticəsində 2003-2012-ci illərdə əlavə
dəyər qeyri-neft sənayesində 2,2,
o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə
artmışdır. Sənaye məhsulunda əlavə dəyərin
xüsusi çəkisi 53,5 faizdən 78,
ümumi daxili məhsulun strukturunda sənayedə
yaradılmış əlavə dəyərin payı 40,4
faizdən 50 faizə yüksəlmişdir. Qeyri-neft sənayesi
məhsullarının ixracı 5, sənaye müəssisələrində
əsas fondlar 3,9 dəfə artaraq 46,8
milyard manata çatmışdır. Həyata
keçirilən şaxələndirmə siyasətinin nəticəsi
kimi son illər qeyri-neft sənayesinin artım tempi sənayenin
neft sektorunun artım tempini üstələmişdir.
Qarşıdakı illərdə beynəlxalq miqyasda
qlobal rəqabətin güclənməsi, ölkəmizin
dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi
resurslara söykənən yüksək əlavə dəyər
yaradan sənaye sahələrinin inkişafının daha da
sürətləndirilməsini zəruri edir. Təsadüfi
deyil ki, artıq Sumqayıt kimya sənaye, Balaxanı sənaye
və yüksək texnologiyalar parklarının
yaradılması həyata keçirilir. Sumqayıt
Kimya Sənaye Parkında artıq 2 rezident qeydiyyata
alınmışdır. Gəncə və
Mingəçevir şəhərlərində, Bakının
Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin
yaradılması nəzərdə tutulur.
Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində
əsas yer sənaye məhsullarının payına
düşür. Azərbaycan sənayenin sürətli
inkişafına görə MDB dövlətləri arasında
nəhəng sənaye komplekslərinə malik Rusiya və
Ukrayna ilə rəqabətə davam gətirir. Zəngin təbii ehtiyatlara malik olmağımız
da sənaye potensialından maksimum faydalanmağa zəmin
yaradır. Xüsusilə də, Gəncə
şəhərində və bura yaxın zonalarda xammal
bazasının mövcudluğu yeni sənaye müəssisələrinin
yaradılmasına əlverişli imkanlar açır. Gəncədə polad kompleksinin və "Detal"
alüminium zavodunun təməlinin qoyulması bu layihələrin
başlanğıcı kimi qiymətləndirilə bilər.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu il metallurgiya sahəsinin inkişafı istiqamətində
də tədbirlərin görülməsinin vacibliyini
bildirmişdir. Ölkənin metallurgiya sənayesini qara və əlvan
metal filizlərinin hasilatı, saflaşdırılması,
habelə filiz və odadavamlı materialların istehsalı ilə
məşğul olan müəssisələr - boru-prokat,
alüminium, poladtökmə və təkrar emal zavodları təmsil
edir. Respublikada dəmir, mis,
polimetal, nadir və qiymətli metal filizləri, kaolin və s.
kimi metallurgiya xammalının olması, metal işlədən
sənaye sahələrinin ildən-ilə genişlənməsi
metallurgiya sənayesinin inkişafı üçün əlverişli
zəmin yaratmışdır.
Qarşıdakı illərdə perspektivli sahələr
hesab edilən maşınqayırma sənayesi, xüsusilə
də, neft maşınqayırması sahəsində istehsal
çeşidlərinin artırılması, habelə Bakı
Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi
məqsədilə müvafiq tədbirlər həyata
keçiriləcək. Yeni sement istehsalı güclərinin fəaliyyətə
başlaması, metal konstruksiyaların, seramik plitələrin,
kimya sənayesi ilə əlaqəli tikinti
materiallarının istehsalı tikinti materialları sənayesinin
dinamik inkişafına imkan verəcək.
Azərbaycanın sənaye potensialının
"onurğa sütunu" olan "Azərkimya" şirkətinin
tərkibində olan sənaye müəssisələrinin yenidən
qurulması da hökumətin diqqət mərkəzindədir. Yeni neft və
qaz emalı zavodlarının, müxtəlif çeşiddə
polimerlər istehsal edəcək neft-kimya və Sumqayıt
karbamid zavodlarının inşası neft-kimya və kimya sənayesinin
inkişafını sürətləndirməklə,
ümumilikdə, qeyri-neft sənayesinin və əlaqədar
sahələrin inkişafına təkan verəcək. Məqsəd "Azərkimya" kompleksini yerli
xammal bazası əsasında ən mütərəqqi
texnologiyalarla yenidən qurmaqdan ibarətdir. Hökumətin bu planı həm də
Sumqayıtdakı müəssisələrin bazasında sənaye
şəhərciyinin yaradılması ilə paralel həyata
keçirilir. Sumqayıtın mövcud
infrastrukturunun bərpa olunması, eyni zamanda, yeni müəssisələrin
yaradılması XXI əsrin ikinci onilliyi üçün əsas
hədəflər olacaq.
Prezidentin
2011-ci il 21 dekabr tarixində imzaladığı
"Sumqayıt Kimya Sənaye Parkının yaradılması
haqqında" fərmanı da bu və digər məqsədlərin
gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə
malikdir. Fərmanın preambula hissəsində
göstərildiyi kimi, belə bir sənədin imzalanması
ölkədə innovativ və yüksək texnologiyalar əsasında
rəqabət qabiliyyətli sənaye istehsalının
inkişafı üçün münbit şərait
yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi,
qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi,
əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması məqsədinə xidmət edir.
Ötən ilin oktyabrında Sumqayıt Kimya Sənaye
Parkının əsası qoyulmuş, sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri
infrastruktura və idarəetmə qurumlarına malik olan
böyük müəssisələrin inşasına
başlanılmışdır. Sumqayıt Kimya Sənaye
Parkının ərazisində neft-kimya və digər prioritet
sənaye sahələri üzrə rəqabət qabiliyyətli
məhsulların (işlərin, xidmətlərin) istehsalı
və emalı müəssisələri
yaradılmalıdır. Sumqayıt kimya sənaye
və Balaxanı sənaye parkları, eləcə də
yüksək texnologiyalar parkı iqtisadiyyatın modernləşməsini,
innovativ iqtisadiyyatın formalaşmasını,
sahibkarlığın inkişafını sürətləndirəcək,
idxaldan asılılığı azaltmaqla qeyri-neft
ixracını yüksəldəcək, əhalinin məşğulluğunun
artırılmasında önəmli rol oynayacaqdır. Sənaye parklarının yaradılması ölkənin
qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın
ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli,
idxalı əvəz edən məhsulların
istehsalının artırılması, investisiyaların və
müasir texnologiyaların cəlb edilməsi kimi öncül
vəzifələrin yerinə yetirilməsi baxımından da
əhəmiyyətlidir.
Növbəti illərdə həmçinin aqrar sənayenin
inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan
daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan
kənd təsərrüfatı məhsulları
emalının artırılması nəzərdə tutulur. Təsadüfi
deyil ki, "Sənaye ili" ilə bağlı strateji
planın mühüm tərkib hissəsindən biri də
ölkədə aqrar-sənaye komplekslərinin
yaradılmasıdır. Prezident İlham Əliyevin
2014-cü il 16 yanvar tarixli "Kənd təsərrüfatı
və ərzaq məhsulları bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər
haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Sərəncamda kənd təsərrüfatında
yüksək məhsuldarlığın təmin edilməsi,
yerli məhsulların rəqabət qabiliyyətinin
artırılması, fermerlərə dövlət dəstəyinin
daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə
nail olunmasının hazırda aqrar sahədə dövlət
siyasətinin mühüm istiqamətləri olduğu diqqətə
çatdırılmışdır.
Prezidentin sərəncamı ilə kənd təsərrüfatı
məhsulları ixracının artırılması,
istehsalçı və istehlakçıların
maraqlarının qorunması, ərzaq bazasının səmərəli
fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlavə
tədbirlər müəyyənləşdirilmişdir. Bu tədbirlərin
həyata keçirilməsi üçün Nazirlər
Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinə,
İqtisadiyyat və Sənaye Nazirliyinə və digər əlaqədar
dövlət qurumlarına müvafiq tapşırıqlar
verilmişdir. Sərəncamla kənd təsərrüfatının
inkişafında strateji hədəfləri və prioritet
istiqamətləri özündə əks etdirən "Azərbaycan
Respublikasında aqrar-sənaye kompleksinin inkişafı
strategiyası"nın layihəsinin
hazırlanması müvafiq qurumlar qarşısında əsas
vəzifə kimi qoyulmuşdur.
Strateji
plana əsasən, kənd təsərrüfatı məhsullarının
tədarükü və emalı ilə bağlı özəl
tədarük-satış bazalarının, ticarət şirkətlərinin
və avtorefrijerator parkının yaradılması,
Bakının rayonlarında və iri şəhərlərdə
daimi fəaliyyət göstərən
ixtisaslaşdırılmış "fermer
mağazaları" və "yaşıl marketlər"
şəbəkəsinin yaradılması, kənd təsərrüfatı
məhsulları istehsalının
stimullaşdırılması və daxili bazarın
qorunmasının gücləndirilməsi nəzərdə
tutulmuşdur. Yeni strategiyada məhsulun istehsalçıdan
istehlakçıya çatdırılması mərhələsində
mövcud maneələrin aradan qaldırılması, ərzaq
bazarında süni qiymət artımının
qarşısının alınması, kənd təsərrüfatı
və ərzaq məhsullarının qəbulu üzrə
ixtisaslaşmış terminalların və onların
saxlanılması üçün anbarların
yaradılması, həmin məhsulların
daşınmasına xidmət edən nəqliyyat
infrastrukturunun təşkili, xüsusi ərzaq
mağazaları şəbəkəsinin genişləndirilməsi
ilə bağlı layihələr də mühüm yer tutur.
Həmçinin yeni strateji plana əsasən, Azərbaycanda
taxılçılığın inkişafı
üçün iri aqrar komplekslərin yaradılması nəzərdə
tutulur. Yeri gəlmişkən qeyd edək ki, hazırda
dövlət torpaq fondu hesabına iri özəl
taxılçılıq təsərrüfatlarının
yaradılması istiqamətində əməli addımlar atılır. Artıq bir neçə rayonda bu istiqamət üzrə
kompleks işlər həyata keçirilərək 200 min
hektar torpaq sahəsi ayrılmışdır. Beyləqan və Ağcabədi rayonlarının ərazisində
belə təsərrüfatlardan sayılan
"Qarabağ-Taxıl" MMC fəaliyyətə
başlamışdır. Ümumiyyətlə, sənayeləşmə
strategiyasına uyğun olaraq sənaye sektorunda olduğu kimi, aqrar
bölmədə də texnoparkların yaradılması nəzərdə
tutulur. Aqrar parkların yaradılması ilə
kənd təsərrüfatı məhsullarının
emalına xüsusi diqqət yetiriləcək, mövcud
aqroemal müəssisələrinin müasir texnologiyaların
tətbiqi nəticəsində istehsal güclərinin
artırılması və yeni müəssisələrin
yaradılması istiqamətində kompleks tədbirlər həyata
keçiriləcək.
Aqroparklar kənd təsərrüfatının, emal və
aqrar sənayenin tamamilə yenidən qurulmasını əhatə
edir. Aqrar sektorun sahibkarlıq potensialının
inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin
və məhsullarının inkişafına əlverişli
mühitin formalaşdırılması ilə yanaşı,
qabaqcıl texnologiyaların tətbiqi və mənimsənilməsi
istiqamətində tədbirlərin gücləndirilməsi,
elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi
və tətbiqi üçün texnoparkların və
innovasiya zonalarının yaradılması da nəzərə
alınmışdır. Aqroparkların əsas
hədəflərindən biri ərzaq təhlükəsizliyi
ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın
həyata keçirilməsidir və ölkəmizdə bu sahədə
beynəlxalq standartların qəbul edilməsi və yeni milli
standartların inkişaf etdirilməsi nəzərdə
tutulur.
Bunlardan əlavə, bölgələrdə müasir
texnologiyalar əsasında anbar komplekslərinin
yaradılması kənd təsərrüfatının
intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi,
məhsul itkisinin qarşısının alınması, daxili
bazarın qorunması və ixrac potensialının
artırılması üçün həyata keçirilən
ardıcıl tədbirlər davam etdiriləcək. Bu sahədə
beynəlxalq təcrübə, xarici ölkələrin iri
fermer təsərrüfatları ilə
qarşılıqlı əməkdaşlıq, eləcə
də modelləşdirmə seqmentləri nəzərə
alınacaq, Avropa İttifaqı ölkələrinin
qabaqcıl təcrübəsinə, Dünya Bankının
tövsiyələrinə istinad olunacaq. Eyni
zamanda, aqrar-sənaye kompleksinin inkişaf strategiyasının
həyata keçirilməsi üçün dövlət dəstəyi
tədbirləri beynəlxalq təcrübəyə uyğun
davam etdiriləcək. Bu məqsədlə
əlavə tədbirlər həyata keçiriləcək, kənd
təsərrüfatının sığortalanması mexanizmi
təkmilləşdiriləcək, özəl bankların və
kredit təşkilatlarının bu sektora investisiya
qoyuluşları təşviq olunacaq. Layihə
çərçivəsində aqrar sahəyə maliyyə dəstəyi
və özəl bankların bu istiqamətdə
kapitallaşmanı gücləndirməsi, yeni kredit və bank
tədbirlərinin həyata keçirilməsi də nəzərdə
tutulur.
Proqnozlara
görə, qarşıdakı 10 ildə aqrar sahəyə
maliyyə dəstəyi 3 dəfəyə yaxın artacaq ki,
bu da aqrar-sənaye sektorunda rəqabətliliyin təmin edilməsinə,
yeni texnologiyalara çıxışın
artırılmasına, qida təhlükəsizliyinə zəmin
yaradan avadanlıqların və proseslərin təkmilləşdirilməsinə
və bazarlara çıxışın
yaxşılaşdırılmasına, həmçinin məhsulun
keyfiyyətinə dəstək verən, innovasiyalara yol
açan investisiyalara imkan
yaradacaq.
Qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçıları 2014-cü il yanvarın 1-dən daha 5 il müddətinə vergilərdən azad olunmuşlar. Bu siyasət aqrar sektora dəstək xarakteri daşıyır və qarşıdakı 5 ildə aqrar-sənaye sektoru ilə bağlı yeni layihələrin həyata keçirilməsinə də mühüm töhfə verəcək.
Ümumilikdə həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə dinamik inkişafını məhz modern sənaye müəssisələrinin fəaliyyətə başlaması hesabına təmin edəcək, bu sahədə regional liderliyini möhkəmləndirəcək. Sənaye potensialının möhkəmləndirilməsi ölkəmizə həm də qeyri-neft sektorunun dinamik inkişafına, strateji hədəf kimi 2020-ci ilədək ümumi daxili məhsul istehsalının 2 dəfəyədək artırılmasına imkan verəcək.
Müşfiq
ATAKİŞİYEV,
iqtisad elmləri
doktoru, professor
Azərbaycan.-2014.- 22 fevral.- S.7.