Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və

Azərbaycan Dillər Universiteti arasında niyyət protokolu imzalanmışdır

 

Fevralın 21-də 1 nömrəli "ASAN xidmət" Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti (ADU)  arasında niyyət protokolu imzalanmışdır.

AzərTAc xəbər verir ki, protokolu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və ADU-nun rektoru Səməd Seyidov imzalamışlar.

İnam Kərimov bildirmişdir ki, məqsəd ADU-da yeni informasiya texnologiyalarının, proqram təminatının və innovativ həllərin tətbiqi, universitet tələbələrinin agentlikdə təcrübə keçmələri və agentlik əməkdaşlarının əlavə təhsilidir. Həmçinin müasirya innovativ informasiya texnologiyalarının araşdırılması, sınaqdan keçirilməsi və tətbiqi ilə bağlı pilot layihələrin reallaşdırılmasıdır.

Ümumiyyətlə, vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə artıq dövlət agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə belə bir əməkdaşlığa başlamışdır. Təhsil müəssisələri arasında niyyət protokolunun ikincisi ADU ilə imzalanır.

Səməd Seyidov vurğulamışdır ki, ADU-nun tələbələrinin agentlikdə təcrübə keçməsi, dilləri mənimsəmiş tələbələrin müasir işlərdə fəaliyyət göstərməsi, eyni zamanda, universitetin özünün işinin təkmilləşdirilməsi istiqamətində agentlik böyük rol oynayacaqdır. Niyyət protokolu tələbələrin iştirakı ilə müasir cəmiyyətin formalaşmasında, informasiya-kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə imkanlarının əldə edilməsində və bu xidmətlərdən vətəndaşların yararlanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

 

Azərbaycan.-2014.- 22 fevral.- S.8.