Əmək və əhalinin sosial müdafiəsi

 naziri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu şəhərdən, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

"Açıq qapı" formatında keçirilən qəbulda 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilmişdir. Müraciətlərin əksəriyyəti dövlət hesabına mənzil və minik avtomobillərinin verilməsi, reabilitasiya vasitələri və münasib işlə təmin olunması, bərpa müalicəsinə kömək göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və əlillik dərəcələrinin verilməsi məsələlərini əhatə etmişdir.

Hər müraciət nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə araşdırılmış və vətəndaşların qaldırdıqları məsələlərin obyektiv və ədalətli həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Nazir Səlim Müslümov bir sıra imtiyazlı vətəndaşlara bərpa müalicəsi üçün sanator-kurort yollayışlarının, nazirliyin tabeliyindəki müalicə müəssisələrinə göndərişlərin verilməsi, xaricdə müalicələrinin təşkilinə kömək göstərilməsi, işsiz vətəndaşların məşğulluq xidməti vasitəsilə münasib işlə təmin edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbul zamanı minik avtomobili almaq üçün növbədə olan əlillərə cari ildə avtomobil alacaqları, mənzil növbəsində olan imtiyazlı vətəndaşlara isə yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında mənzillə təmin olunacaqları bildirilmişdir.

Səlim Müslümov bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı ilə təmini, yaxud əlillik dərəcəsi almaq hüquqlarına obyektiv şəkildə baxılaraq müvafiq tədbir görülməsi barədə tapşırıqlar vermişdir. Nazir həmçinin müraciətlərin dinlənilməsi zamanı vətəndaşlara qarşı süründürməçilik hallarına yol verən əməkdaşların fəaliyyətinin araşdırılmasını və araşdırmanın nəticəsinə uyğun olaraq  inzibati tədbirlərin görülməsini tapşırmışdır.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.9.