Mədəniyyət və turizm
naziri Xaçmazda
ölkənin
şimal bölgəsindən olan vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Fevralın
21-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Xaçmaz şəhərindəki
tarix-diyarşünaslıq muzeyində Quba, Qusar, Şabran,
Xaçmaz və Sizəyən rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt
ünvanı, e-services. mct.gov.az elektron xidmətlər
saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və
müvafiq rayon mədəniyyət və turizm şöbələrinə
müraciət etməklə qəbula yazılmış 30-a
yaxın vətəndaş nazirlə görüşdə
müxtəlif məsələlərlə bağlı
xahiş və təkliflərini bildirmişlər.
Nazirliyin
məsul işçilərinin də iştirak etdikləri qəbulda
vətəndaşların müraciətləri əsasən
yerlərdə musiqi və incəsənət məktəblərinin
fəaliyyətinin genişləndirilməsi, yeni filialların
açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi,
tarix-diyarşünaslıq muzeylərinin yenidən
qurulması, muzeylərdə bədii tərtibat işlərinə
kömək göstərilməsi, mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, tarix-mədəniyyət
abidələrinin bərpa və təmiri, yaradıcı
insanların fəxri adlarla təltif edilməsi və digər
məsələlərlə bağlı olmuşdur.
Vətəndaşlar regionda turizmin inkişafına dair təşəbbüslərini, Azərbaycan Turizm İnstitutunun və ya Bakı Turizm Peşə Məktəbinin Xaçmazda filialının açılması barədə xahişlərini də çatdırmışlar. Həmçinin işlə təminat, mədəniyyət ocaqlarında ixtisar olunmuş ştatların bərpası və digər sosial məsələlərlə bağlı müraciətlər də səsləndirilmişdir.
Vətəndaşların mədəniyyət və turizm sahəsində mövcud problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdir edən nazir Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.
Qəbuldan sonra nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində qeyd etmişdir ki, vətəndaşların bu məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsi müsbət haldır. Nazir demişdir: "Musiqi məktəblərində maddi-texniki bazanın təkmilləşdirilməsi, turizmin inkişafı ilə bağlı qaldırılan məsələlər bizi də narahat edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaçmaz bölgəsi Nabran turizm infrastrukturunun yüksək səviyyədə qurulduğu bölgəmizdir. Bununla belə, regionda turizm xidmətlərinin keyfiyyətinin artırılması, dağların, meşələrin, dəniz kənarının ekoloji vəziyyətinin qorunması olduqca vacibdir. Hesab edirəm ki, qaldırılan bütün məsələlər aktualdır və onların həlli istiqamətində müvafiq işlər görüləcəkdir".
AzərTAc
Azərbaycan.-2014.- 22 fevral.- S.9.