Prezidentin əhalinin sağlamlığının qorunmasına dair

tapşırıq və göstərişləri uğurla icra olunur

 

Binəqədi

 

 

Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinədən keçirilməsi barədə tapşırığı Binəqədi rayonunda da uğurla icra olunur.

Müayinələrin ilk günündən rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinə çoxlu sayda vətəndaş müraciət edərək dövlət başçısının tapşırığı ilə həyata keçirilən müayinələrdən yararlanmışdır. Bu tibb müəssisələrində rayon sakinləri ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuşlar. Xəstəliyi aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb edilmişlər.

Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində sakinlərin kütləvi dispanserləşdirilməsinin mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.

Fevralın 17-dən indiyədək 10 minə yaxın rayon sakini icbari tibbi müayinədən keçmişdir. Eyni zamanda, növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən respublikamızın hər yerində başlayan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi Binəqədi rayonunda da çox sürətlə aparılır. İşin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün rayon icra hakimiyyətində komissiya yaradılmışdır. Həmin komissiyanın tərtib etdiyi qrafik əsasında rayon  ərazisində fəaliyyət göstərən tibb müəssisələrində əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Bu müayinədən insanlar çox razı qalırlar. Yoxlamalar zamanı müəyyən xəstəliklərin aşkar olunduğu təqdirdə profilaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Bu, Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının təcəssümüdür.

Vüsar İsmayılov vurğulamışdır ki, Binəqədi rayonunun 255 min əhalisi vardır. Əlavə olaraq rayonda məcburi köçkünlər də məskunlaşmışlar. Onlar da yaşadıqları əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçirilər. Bu proses çox uğurla davam etdirilir.  

Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri İsa Cahanov demişdir ki, Prezident İlham Əliyevin insanların sağlamlığına ayırdığı diqqət və qayğının təcəssümü olaraq aparılan dispanserləşdirmələrin əsas məqsədi əhalinin 18 yaşdan yuxarı olan bütün təbəqələrini tibb müəssisələrinə dəvət etmək, müayinədən keçirmək, xəstəlikləri aşkara çıxarmaq, onları dispanser müayinəsinə götürməkdir. Dispanser müşahidəsindən sonra onlara müalicə, müayinə təyin edilir, məsləhətlər verilir. Ehtiyac duyulduğu halda insanlar stasionar müayinəyə göndərilirlər. Bununla da biz insanlarda olan xəstəlikləri ilkin mərhələlərdə aşkar edə və vaxtlı-vaxtında onların müalicəsinə başlaya bilirik. Bu isə böyük səmərə verir.

Şöbə müdiri bildirmişdir ki, rayon icra hakimiyyətinin tərtib etdiyi xüsusi qrafik əsasında ərazidə olan idarə və müəssisələrin işçiləri müəyyən edilmiş vaxtda poliklinikaya gəlib tibbi müayinələrdən keçirlər. Bugünədək mindən çox vətəndaş müayinədən keçmişdir. Müxtəlif xəstəliklərlə əlaqədar poliklinikaya gələ bilməyən şəxslər isə təşkil edilmiş tibbi briqadalar tərəfindən evlərində müayinə olunurlar.  

Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər. Rayon sakinləri Cümşüd QuliyevFatma Əliyeva onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, insanların sağlamlığına xidmət edən bu nəcib təşəbbüsü yüksək qiymətləndirmişlər.   

 

 

 

Nizami

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Nizami rayonunda da uğurla davam etdirilir.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirmişdir ki, rayon əhalisinin tibbi müayinəsinin təşkili ilə bağlı icra hakimiyyətində müşavirə keçirilmiş, tapşırıqlar verilmişdir. Sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədi ilə müvafiq komissiya yaradılmışdır.

Həkimlər sakinləri rayonun 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 26 nömrəli şəhər poliklinikasında müayinə edirlər.

Hazırda rayondakı səhiyyə müəssisələrində tibbi müayinələr uğurla davam edir. Fevralın 17-dən bugünədək 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunmuşdur.

 

 

 

Ağsu

 

 

Prezident İlham Əliyevin əhalinin  sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili   barədə verdiyi tapşırıq Ağsu rayonunda da uğurla icra olunur.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Şəhrəbani Məlikova bildirmişdir ki, dövlət başçısının vətəndaşlar  tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanan bu humanist  göstərişinə Ağsuda da yüksək məsuliyyətlə yanaşılır. Baş həkim qeyd etmişdir ki,  fevralın 17-dən mayın 1-dək  həyata keçiriləcək  aksiyaya  70 min nəfərə yaxın sakin cəlb olunacaqdır. Əhali tərtib olunmuş  qrafik əsasında  mərkəzi rayon  xəstəxanasında, ucqar dağ kəndi olan  Kalva kənd xəstəxanasında, habelə 7 həkim  məntəqəsində  hərtərəfli müayinə edilir. Müxtəlif  ixtisaslar üzrə 8 briqadada təmsil olunmuş 45  həkim  yerlərdə sakinləri müayinədən keçirir, onlara lazımi məsləhətlər  verirlər.

İndiyədək müayinələrə 5000 vətəndaş cəlb olunmuşdur. Təkcə fevralın 21-də müayinədən 1200 nəfərə yaxın sakin keçmişdir.

 

 

 

Salyan

 

 

 

Salyanda əhalinin tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müayinələrin əksəriyyəti müasir tibbi avadanlıqlarla təchiz edilən Mərkəzi Rayon Xəstəxanasının  cərrahiyyə, poliklinika, hemodializ, fizioterapiya şöbələrində və laboratoriyada aparılır. Müxtəlif ixtisaslı peşəkar həkimlərdən təşkil olunmuş xüsusi briqadalar kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi, exokardioqrafiya, qastroskopiya və digər müayinələr həyata keçirirlər.

Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov bildirmişdir ki, mayın 1-dək rayonun 117 yaşayış məntəqəsindən on minlərlə sakinin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Əhalinin aksiyaya daha fəal cəlb olunması üçün xüsusi qərargah fəaliyyət göstərir.

 Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov məlumat vermişdir ki, müayinələrin keçirilməsinə mərkəzi rayon xəstəxanası ilə yanaşı, iki kənd sahə xəstəxanası, 19 həkim və 24 tibb məntəqəsi də cəlb olunmuşdur. Əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edən humanitar aksiyanı yüksək səviyyədə keçirmək və vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edilir.

 

 

 

Tərtər

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov bildirmişdir ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılmış, tibb ocaqlarında qrafik tərtib edilmişdir. Sakinlər mərkəzi rayon xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin kəndlərdəki həkim məntəqələrində müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 5 həkim briqadası tərəfindən fevralın 17-dən indiyədək 5434 sakin tibbi müayinədən keçirilmişdir. Bu humanitar aksiya dövlət başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirmişdir ki, tibbi müayinələr xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Bu xeyirxah aksiyanın keçirilməsi üçün rayonda hər cür şərait yaradılmışdır. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Xəstəlik aşkar olunmuş şəxslər stasionarambulator müalicəyə cəlb edilirlər.

Tərtər şəhər sakini Faiq Məmmədov müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını ifadə edərək insanlarının sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdi

 

Qusar

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığına uyğun olaraq Qusarda da bu mühüm aksiyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımı tədbirlər görülmüşdür.

Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirmişdir ki, kampaniya ərəfəsində operativ tədbirlər planı hazırlanmış, rayon rəhbərliyi yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə aksiyaya hazırlıqla bağlı müvafiq tapşırıqlar verilmişdir.

Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirmişdir ki, rəhbərlik etdiyi səhiyyə müəssisəsi müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Dövlət başçısının tapşırığına əsasən təşkil olunan bu aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir. Müayinələr tərtib olunmuş qrafik əsasında aparılır. Tibbi aksiyanın ilk günlərində həkimlər tərəfindən 5 minə yaxın sakin müayinədən keçirilmişdir. Növbəti günlərdə kəndlərdəki həkim və tibb məntəqələrində də müayinələrə başlanılacaqdır.

Rayon sakini Alim Əzizov müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını söyləyərək demişdir: Adətən biz xəstələndikdən sonra həkimə üz tuturuq. Belə müayinələr xəstəliyin qarşısının alınması üçün çox vacibdir. Əslində ildə bir neçə dəfə həkim müayinəsindən keçmək lazımdır. Sağlamlığımıza göstərilən bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq.

Müayinədə keçmiş Rəsmiyyə Sultanova da dövlət başçısının bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirmişdir.

 

Azərbaycan.-2014.- 22 fevral.- S.10.