Məktəblilər ümummilli lider Heydər

Əliyevin həyat və fəaliyyətini dərindən öyrənirlər

 

Ağsu

 

 

Ağsu şəhərindəki Heydər Əliyev  Mərkəzində ümumtəhsil məktəblərinin  XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın  sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslər davam edir.

Fevralın 21-də keçirilən növbəti dərsdə şəhərdəki  1, 2, 3 nömrəli, Ağarx, Ülgüc, Təklə, Muradlı kənd tam orta  məktəblərindən 75 şagird iştirak etmişdir.

Açıq dərsi Bico kənd orta məktəbinin direktoru, təcrübəli pedaqoq  Yaşar Qarayev aparmışdır.

Tədris prosesində şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə  geniş məlumat verilmişdir. Xüsusilə ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin tərəqqisi üçün göstərdiyi fədakarlıqlardan  bəhs olunmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın  təcavüzə məruz qaldığı, anarxiyanın hökm sürdüyü bir vaxtda onun xalqın təkidi ilə hakimiyyətə gəlişi, böyük fədakarlıqla bütün maneələri dəf edərək müstəqil dövləti  formalaşdıraraq inkişaf yoluna çıxarması ilə əlaqədar  gördüyü işlər barədə bilgilər məktəblilərdə böyük maraq doğurmuşdur.

Açıq dərsdə bu dahi insanın işləyib hazırladığı  sosial-iqtisadi  inkişaf  strategiyası, hazırda xəttin Prezident İlham Əliyev tərəfindən  uğurla və yaradıcılıqla  davam etdirilməsi, nəticədə Azərbaycanın  regionun ən qüdrətli dövlətinə çevrilməsi barədə geniş məlumatlar verilmişdir.

Tədris prosesində şagirdlər həmçinin  Heydər Əliyev Mərkəzində ulu öndərin  həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənəd və fotoşəkillərlə də maraqla tanış olmuşlar.

 

 

 

Salyan

 

 

Fevralın 21-də Salyan Rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsdə Salyan şəhərindəki 3 nömrəli məktəbin XI sinif şagirdləri iştirak etmişlər.

"Heydər Əliyev  müstəqil Azərbaycanın  memarı və qurucusudur" mövzusunda məruzə edən şəhərdəki 4 nömrəli  məktəbin tarix müəllimi Razıgül Dadaşova ulu öndərin həyat yoluna nəzər salmış, dahi dövlət xadiminin liderlik xarizmasından danışmışdır. Qeyd edilmişdir  ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişaf və islahatların banisidir. Azərbaycanda iqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəldilməsi, peşəkar ordu yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqidemokratik dövlət quruculuğu ulu öndərin adı ilə bağlıdır.

Bildirilmişdir ki, bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük nüfuz qazanmışdır.

Digər çıxış edənlər də ümummilli lider  Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü misilsiz işlər barədə məlumat vermışlər.

Açıq dərslərin Heydər Əliyev Mərkəzində ayda bir dəfə olmaqla 2013-2014-cü tədris ilinin sonunadək davam etdiriləcəyi və rayonun bütün məktəblərini əhatə edəcəyi nəzərdə tutulmuşdur. Ümummilli liderin anadan olmasının 91-ci ildönümü günündə isə dərslərə yekun vurulacaq, fəal müəllim və  şagirdlər mükafatlandırılacaqlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.10.