İstanbulda «Qara dəniz
bölgəsində etimad mühitinin
və mədəniyyətlərarası dialoqun
gücləndirilməsi» mövzusunda Beynəlxalq
Gənclər Forumu keçirilir
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşkilatçılığı ilə fevralın 20-də Türkiyənin İstanbul şəhərində "Qara dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlərarası dialoqun gücləndirilməsi" mövzusunda Beynəlxalq Gənclər Forumu öz işinə başlamışdır.
İctimai Birlikdən verilən məlumata görə, forumda əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AAGİB-in sədri və Qara Dəniz Ölkələri Gənc Liderlər Forumunun əlaqələndiricisi Vüqar Əhmədov görüşün əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışmışdır. Sonra forum çərçivəsində "Qara dəniz bölgəsində münaqişələrin həlli və etimad mühitinin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu" mövzusunda plenar sessiya keçirilmişdir. Sessiyanın məruzəçisi Milli Məclisin deputatı Asim Mollazadə "Qara dəniz bölgəsində mövcud münaqişələr və onların həllində regional tərəfdaşlığın yolu" adlı məruzə ilə çıxış etmişdir.
Sessiya çərçivəsində keçirilən müzakirələrdə "Xocalıya ədalət" beynəlxalq kampaniyanın təqdimatı da keçirilmişdir. Kampaniyanın təmsilçisi Sevinc İskəndərova forum iştirakçılarını Xocalı soyqırımı və "Xocalıya ədalət" çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırılmışdır.
Forum işçi qruplarda gənclər təşkilatlarının əməkdaşlıq perspektivlərinə dair müzakirələrlə davam etmişdir. Əsas müzakirə mövzuları Qara dəniz hövzəsi ölkələrində mövcud münaqişələr, sülhün möhkəmləndirilməsi, Azərbaycanda və Türkiyədə tolerantlığın səviyyəsi məsələləri olmuşdur.
Forum
öz işini fevralın 22-dək davam etdirəcək və
toplantıya qatılan gənc liderlər bölgədə
sabitliyin, sülhün və iqtisadi əməkdaşlığın
bərqərar olmasında vətəndaş cəmiyyətlərinin
əməkdaşlıq perspektivləri ətrafında fikir
mübadiləsi aparacaqlar.
AzərTAc
Azərbaycan.-2014.- 22 fevral.- S.10.