«Qisas almadan ölmə. Keçmişdən məktublar»

 

Bu günlərdə Nizami Kino Mərkəzində "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimatı keçirildi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən  bu ekran əsərinin ssenari müəllifi quruluşçu rejissoru xalq artisti Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasif, quruluşçu rəssamı Vaja Cavaganiya, bəstəkarı isə Elmar Feldir.

Bir çox filmlərin ssenari müəllifi və rejissoru kimi tanınan xalq artisti Oqtay Mir-Qasımın növbəti  ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Təqdimat mərasimində kino həvəskarlarına və KİV təmsilçilərinə məlumat verən  xalq artisti Oqtay Mir-Qasım xüsusi olaraq  vurğuladı ki, film Azərbaycanda 1941-ci ilə qədər yaşamış almanların həyatı ilə bağlıdır.

Filmdə Azərbaycanda yaşamış almanların 1941-ci ildə İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün edilmələrindən bəhs edilir. Filmin süjet xəttindən görünür ki, 1819-cu ildə Vürdenburq Krallığı, indiki Almaniyanın Badan-Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında  məskunlaşıblar. Sonra Şəmsəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələri yaradılıb. Beləliklə, Azərbaycan burada yeni yurd salan almanların ikinci vətəninə çevrilib. Təbii, ki, nəsillər dəyişdikcə  bu yerlərdə dünyaya gələn almanlar da nəsillərinin davamçıları kimi azərbaycanlılarla qaynayıb-qarışıblar.

Ekran əsərində bu tarixi məqamlarla yanaşı, müasir zaman da  təsvir olunur. Çəkilişlər hadisələrin cərəyan olunduğu məkanlarda - Bakı, Göygöl, Tiflis və Gürcüstanın ucqar dağ kəndlərində, Almaniyanın Bukov şəhərində aparılıb. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi və ağıla gətirmədiyi bir sonluqla bitir.

Filmdə Azərbaycan kino sənətinin incəliklərinə bələdçiliyini göstərməyi bacaran  aktrisa Ayan Mir-Qasımın sözlərinə görə, adıçəkilən və təqdimatından söz açılan filmi əsl beynəlmiləl ekran əsəri hesab etmək olar: "Görəcəksiniz ki, bu filmdə çoxlu aktyorlar iştirak edirlər: Almaniyadan, Azərbaycandan, Gürcüstandan... Əlbəttə ki, biz aktyorları sevindirən tamaşaçıların marağıdır".

"Film didərginlik ağrı-acısını yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayan ekran əsərində Ayan Mir-Qasım, Ramiz Əzizbəyli, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, Sabir Məmmədov, alman Mixael Şvartsmayyer, Diter Hallervorden, Ulrix Rexenbax, Yekaterina Şmit, gürcü Revar Tavarkviladze, Levan Boçorişvili, Toma Belaşvili, Georqi Caparidze, İvan Baçaridze və başqa aktyorlar çəkilib.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 22 fevral.- S.12.