Zaqatalada «Tolerantlıq Azərbaycan cəmiyyətinin
yaşam
normasıdır» mövzusunda
konfrans keçirilmişdir
Fevralın 21-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Zaqatala rayonunda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda konfrans keçirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbiri açan Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat vermişdir. Xüsusilə vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruculuğunu şərtləndirməklə ictimai-siyasi həyatın bütün istiqamətlərində böyük nailiyyətlərin əldə olunmasına əlverişli zəmin yaratmışdır. Bildirilmişdir ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquq normalarına tam cavab verir.
Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, rayon icra hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Elman Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri İbrahim İbrahimov, rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov və digərləri mövzu ətrafında çıxış etmişlər.
Qeyd olunmuşdur ki, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Zaqatala rayonunda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin edilir, ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənilir.
Bildirilmişdir ki, dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Cinayət və İnzibati Xətalar məcəllələrində dini zəmində baş verə biləcək qanun pozuntusuna görə müvafiq maddələrdə məsuliyyət nəzərdə tutulmuşdur. Radikalyönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq icraya yönəldilmişdir. Həmin planın icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qeyri-qanuni dini fəaliyyətin, separatçı və ekstremistyönümlü hərəkətlərin qarşısının alınması, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra konkret tədbirlər görülmüşdür.
Konfransda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 22 fevral.- S.12.