Azərbaycan I Avropa
Oyunlarını ən yüksək səviyyədə təşkil
edəcək
Hədəfdə
isə 2024-cü il Yay
Olimpiya Oyunlarıdır
Çağdaş dövrümüzdə hər bir ölkəni dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda çoxlu sayda beynəlxalq siyasi, iqtisadi və s. tədbirlər keçirilib. Eyni fikirləri idman yarışları barədə də demək olar. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək olar. Bunlar göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlər üçün ideal məkandır.
Azərbaycanın
uğuru
Hazırda Azərbaycan daha mötəbər bir tədbirə - I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Qeyd edək ki, dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki rolu, irqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları beynəlxalq aləmin ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmaq istəmir, Olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.
Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda çox ciddi mübarizə gedir. Ona görə hər bir Olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı xeyli əvvəldən məlum olur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları isə Avropanın tarixində birinci dəfə keçiriləcək. Xatırladaq ki, 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirak etməkdən boyun qaçırıblar.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib. AOK-nın qərarını tarixi hadisə adlandıran dövlət başçısı bunu ölkəmizin böyük uğuru kimi dəyərləndirib. Əlbəttə, Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurları, infrastrukturunun müasir tələblər səviyyəsində qurulması və sair bu kimi nailiyyətlər dünyanın diqqətini çəkən məsələlərdir. Təbrikində AOK-nın bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu oyunları yüksək səviyyədə keçirəcəyini bildirib: "Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir".
Mötəbər idman yarışlarının keçirildiyi məkan
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin dünyada artan nüfuzunun təzahürüdür. Eyni zamanda, bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verir. Hələ 1997-ci ildə Milli Məclisin deputatı, ARDNŞ-nin birinci vitse-prezidenti olarkən cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra bu qurumun fəaliyyətindəki canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də bu sahədə maddi-texniki bazanın gücləndirilməsi ilə müşahidə olundu. 2000-ci ildən indiyədək ölkəmizdə ən müasir standartlara uyğun 40-dan artıq Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bu ilin yanvar ayında Göygöl rayonunda Prezident İlham Əliyevin iştirakı ilə sayca 41-ci olan Olimpiya İdman Kompleksinin açılışı oldu. Bundan başqa, çoxlu sayda ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verildi, mövcud idman obyektləri yenidən quruldu. İndi demək olar ki, respublikamızın bütün bölgələrində, hətta ən ucqar rayonlarda belə, müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatının inkişafına təkan verir. Çünki çoxsaylı Olimpiya və digər idman komplekslərinin mövcudluğu Azərbaycanda Olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir.
Ümumiyyətlə, təkcə Olimpiya oyunlarına deyil, beynəlxalq səviyyəli istənilən idman yarışlarına ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Son 10 ildə Azərbaycanda keçirilmiş bir neçə idman yarışını nəzərdən keçirmək kifayət edər ki, beynəlxalq idman arenasında Azərbaycana olan etimadın miqyasını ifadə etmək mümkün olsun. 2004-cü ildə bədii gimnastika üzrə dünya kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci dünya çempionatının, 2006-cı ildə hərbçilər arasında sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatının, 2007-ci ildə sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatının, 2007-ci ildə görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatının (Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış), 2009-cu ildə ölkəmizdə bədii gimnastika üzrə 25-ci Avropa çempionatının, 2009-cu ildə pankration-qaydasız döyüş üzrə üçüncü dünya kuboku yarışının, 2010-cu ildə qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatının, 2010-cu ildə kişilər arasında bodibildinq üzrə 64-cü dünya çempionatının, 2010-cu ildə gənclər arasında boks üzrə dünya çempionatının, 2011-ci ildə cüdo üzrə "World Masters" beynəlxalq turniri və cüdo üzrə dünya kuboku yarışının, 2011-ci ildə boks üzrə dünya çempionatının, 2012-ci ildə yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının, həmçinin ən mötəbər beynəlxalq yarışlardan olan FIFA U-17 qadınlararası dünya çempionatının (Azərbaycanda keçirilən ilk FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi), 2012-2013-cü illərdə "GT3 və klassik Formula 1" yarışlarının, beynəlxalq velosiped turnirlərinin keçirilməsi təsdiq edir ki, Olimpiya hərəkatının sözün əsl mənasında, möhtəşəm inzibati mərkəzini yaradan, idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirildiyi əsas ünvana çevrilməsi reallıqda özünü göstərən həqiqətdir.
(Ardı var)
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 23 fevral.- S.1.