Ömrünün ikinci yüzilini yaşayan sənət məbədi

 

Azərbaycan Dövlət Musiqili Teatrı tamaşaçıları ilə

 görüşə yeni yaradıcılıq əhval-ruhiyyəsi ilə gəlir

 

 

Son illər görkəmini sürətlə dəyişən, qədimliklə müasirliyin qovuşduğu paytaxt Bakının möhtəşəm mədəniyyət saraylarından biri də Azərbaycan Dövlət Musiqili Teatrının binasıdır. Ömrünün ikinci yüzilliyini yaşayan (105 yaşlı) teatrın kollektivi zaman-zaman öz yerini yeni gələn nəsillərə verdiyi kimi, bina da ilkinliyini saxlamaqla görkəmini dəyişməkdə, müasirliyə qovuşmaqdadır.

Teatrın Azərbaycan mədəniyyətində və incəsənətində əvəzsiz rolu var. Məhz bu amili nəzərə alan ulu öndər Heydər Əliyev fəaliyyətini xüsusi dəyərləndirərək ona qayğı göstərib. Haqqında söz açdığımız teatrın kollektivinin yaddaşına bununla bağlı daha bir əlamətdar hadisə də yazılıb. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev 19 sentyabr 1993-cü il tarixini belə xatırladır: "Müstəqilliyini bərpa etdikdən sonra respublikanın ozamankı rəhbərlərinin diqqət və qayğısından kənarda qalan, Ermənistanla yaranmış münaqişəylə, eləcə də bazar iqtisadiyyatına keçidlə bağlı yaranan saysız-hesabsız problemlərlə üz-üzə dayanan, bir növ, taleyinin ümidinə buraxılan mədəniyyət və incəsənət, o cümlədən teatr işçiləri üçün Azərbaycan Respublikasının Milli Məclisinin Sədri, ölkə başçısının səlahiyyətlərini icra edən Heydər Əliyevin Ş.Qurbanov adına Musiqili Komediya Teatrı binasının yenidən tikintisinə gələrək işlərlə yerində tanış olması böyüktarixi hadisə idi. Bu o demək idi ki, ulu öndər Bakının mədəni həyatı, teatrların vəziyyəti, incəsənət adamlarının qayğıları ilə maraqlanır, onların problemlərinin həllinə çalışır".

Uzun illər paytaxt sakinlərinin sevimli istirahət yeri olan teatrın köhnə binasının yerində əvvəlkindən yaraşıqlı bina ucaltmaq qərara alınır. Ulu öndər Heydər Əliyev inşaatçılara və memara özünün qeyd və mülahizələrini bidirir.

Azərbaycan tarixi və mədəniyyətinin zənginliyinin qorunub saxlanmasının vacibliyini qeyd edən ulu öndər İçərişəhərdəki Şirvanşahlar, Şəkidəki Xan sarayları, Naxçıvanda Əcəmi Naxçıvaninin ucaltdığı Möminəxatun məqbərəsi, Şuşadakı qədim abidələr, eləcə də Azərbaycanın müxtəlif yerlərində tikilmiş dini məbədlərdən danışaraq bildirib ki, onlar məhz milli incəsənət və rəssamlıq nümunələrini özündə əks etdirmələri ilə əlamətdardır. Bu mənada binadakı nöqsanqüsurlarla barışmayan ulu öndər qədim tarixə malik Azərbaycan memarlığının özünəməxsus xüsusiyyətlərindən, onun vacib elementlərindən burada istifadə olunmamasını ciddi irad kimi nəzərə çatdırib: "Teatr tərbiyə məktəbidir. Teatra gələn adam estetik zövq alır, mədəniləşir. Buna görə də teatr təkcə səhnəsi, tamaşası ilə yox, öz binası ilə də estetik zövq bağışlamalı, yadda qalmalıdır".

Yeri gəlmişkən, Azərbaycan mədəniyyəti və incəsənətinin tarixinə qısa ekskursiya etsək, deyə bilərik ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 25 yanvar 1908-ci il tarixində İslam Şərqində opera janrının əsasını qoymuş Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin ilk tamaşası məhz burada səhnəyə qoyulub. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı fəaliyyət göstərib. Uçub dağılmaq təhlükəsinə görə həmin bina sökülərək yerində yenisinin inşasına başlanıb. Ulu öndər 1998-ci ilin oktyabrında binanın açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-2013-cü illərdə Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra 18 aprel 2013-cü ildə istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib.

Bildirilib ki, dövlət başçısının mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi mədəniyyət ocaqları əsaslı təmir edilib və yenidən qurulub ki, onların sırasında Azərbaycan Dövlət Musiqili Teatrının binası da vardır. Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata keçirdiyi layihələr xüsusi qeyd edilib.

Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşüb, tamaşa zalı ilə tanış olub. Bildirilib ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Oturacaqlarmebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılıb. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm alıb.

Milli teatr gününə - 10 mart tarixinə hazırlıqla bağlı vəziyyətlə yaxından tanış olmaq üçün bu günlərdə yolumuzu ilk baxışdan da diqqəti çəkən və zövq oxşayan teatrdan saldıq.

Bələdçimiz teatrın texniki məsələlər üzrə direktor müavini Hüseyn Hüseynov oldu. O dedi: "Əbəs yerə deməyiblər ki, teatr qarderobdan başlanır. Burada da yaradılmış şərait nəinki göz oxşayır, dünyaAvropa teatrları xadimlərinin həsəd apara biləcəyi səviyyədədir. Müasir və tələbkar tamaşaçının zövqünü oxşayan mədəniyyət ocağıdır. Bu, əsl mədəni xidmət şəraitidir. Bina altımərtəbəlidir...".

Qarşıdan gələn növbəti milli teatr gününə ciddi hazırlaşan kollektivin sevincinin həddi-hüdudu yoxdur desək, daha doğru olar. Bir daha şahid olduq ki, teatrın tarixi və şanlı ənənələrinin qorunub saxlanması ilə yanaşı, müasir tamaşaçı zövqünün oxşanması da burada vacib məsələlərdən hesab edilir. Uzun illər boyu teatrın adına uyğun olaraq ancaq komediya janrına müraciət etmiş kollektiv bu dar çərçivədən xilasını da sevinclə qarşılayır. Teatrın adının rəsmi şəkildə dəyişdirilməsi səbəblərinə gəlincə, direktor Əliqismət Lalayev bildirdi ki, səhnə sənətində repertuarın zənginliyindən çox şey asılıdır: "Həmişə teatrın repertuarı məhz yaxşı əsərlər sarıdan korluq çəkib. Çünki təqdim olunan əsərlərin əksəriyyətində ancaq söz, süjet xətti olub. Lakin bəzi yazıçı-dramaturqlarımızın bəstəkarlıq qabiliyyəti, musiqi duyumu istənilən səviyyədə olmadığından, səhnənin tələblərini yerinə yetirmədiklərindən təqdim etdikləri əsərlərə də quruluş vermək və ya bu mətni musiqiyə yatımlı eləmək böyük çətinliklər yaradıb. Bəzən isə əksinə olub. Beləcə, illər boyu musiqili komediya kimi ilk baxışdan asan, əslində çox mürəkkəb bir janrda yeni əsərlər nadir hallarda meydana gəlib. İnanırıq ki, yeni binadakı dəyişiklik yalnız formada deyil, məzmunda da özünü müsbət mənada göstərəcək".

"Komediya buxovları"ndan xilas olan yaradıcı kollektiv, nəhayət ki, müxtəlif janrlı əsərlərin hazırlanmasında öz qüvvəsini sınayacaq və potensialını ortaya qoya biləcək.

Onu da qeyd etməyə dəyər ki, teatrın yaradıcı kollektivi ənənəyə sadiq qalaraq ötən illərdə tamaşalara quruluş vermək üçün tanınmış rejissorların imkanlarından da yararlanmağa çalışıb. Dəvət olunan gürcüstanlı rejissor Koça Kapanadze "Xanuma"ya, Bəhram Osmanov isə "Evlənmə"yə quruluş verib. Moskvadakı A.S.Puşkin adına teatrın bədii rəhbəri və direktoru Yevgeni Pisarev, məşhur tacik rejissoru Sultan Usmanov Azərbaycan dramaturqlarından birinin əsərinə quruluş vermək üçün Bakıya gəlmək arzusunda olduqlarını bildiriblər. Daha maraqlı fikirlərdən biri də Rusiyanın Sverdlovsk teatrının direktoru M.Safronovun burada yaradılmış şəraitlə tanışlıqdan sonra söylədikləridir: "Mən kollektivimlə bərabər Bakıya qastrola gəlmək istəyirdim, amma fikrimdən daşındım. Qorxuram ki, mənim artistlərim sizdəki bu gözəl şəraiti görüb daha geri qayıtmaq istəməsinlər".

Təbii ki, bu sözlər Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və tamaşaçıları üçün yaradılan, bütünlüklə beynəlxalq standartlara uyğun şəraitin ifadəsi, dövlət başçısının adıçəkilən sahəyə diqqət və qayğısının təsdiqidir.

Əliqismət Lalayev onu da bildirdi ki, qeyri-adi fikirlərimiz, maraqlı planlarımız, cəlbedici təklif və düşüncələrimiz var: "Bir sözlə, sevimli tamaşaçılarımızla görüşə yeni yaradıcılıq əzmi, maraqlı və zəngin repertuar, eləcə də potensial enerji ilə gəlirik. Hazırda xalq artisti İranə Tağızadənin quruluşunda "Bu bizik - Musiqili Teatr" adlı ikihissəli burleskin (əyləncəli teatr şousu növü) hazırlıq məşqlərinə başlanıb. Mart ayının 10-da teatrımızın səhnəsinin  pərdələri bu tamaşa-konsertlə açılacaq. Güman edirik ki, bir əsrdən də artıq yol gələn musiqili teatr ənənələrinə sadiqlik nümayişi ilə yanaşı, müasir tələbkar tamaşaçıların zövqünü oxşayacaq. Buna nail olmağa həm texniki, həm də yaradıcı imkanlarımız var".

Bu teatrın yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olub. Onu da deyək ki, 1938-ci ilə qədər musiqili komediyalar ancaq Azərbaycan OperaBalet Teatrında oynanılıb. 1938-ci ildə müstəqil musiqili komediya teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edilib. Həmin ilin sentyabr ayından rəsmi olaraq o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu alıb. 1939-cu ildə musiqili komediyalardan ilk dəfə - "Beş manatlıq gəlin" (S.Rüstəmov), "Ər və arvad", "Evliykən subay", sonralar isə "Toy kimindir?" (A.Məşədibəyov), "Qızılgül" (S.Hacıbəyov), teatrın rus bölməsində isə "Mavi mazurka" (F.Leqar), "Arşın mal alan" (Ü.Hacıbəyli), "Sirk kraliçası" (İ.Kalman), "Malinovkada toy" (B.Aleksandrov) və s. tamaşaya qoyulub.

Teatrda bir çox görkəmli sənətkarlar fəaliyyət göstərib ki, onlardan M.Vəlixanlı, A.Cavadov, Ə.Səfayi, Ə.Şirvanski, L.Abdullayev, S.Ağabəyov, M.Kələntərli, Ə.Qafarlı, N.Zeynalova, B.Səfəroğlu, H.Bağırov, S.Aslan, M.Əhmədov və başqalarının adlarını çəkmək olar. Aktyor truppası ilə yanaşı, H.İsmayılov, N.Şərifov, Ş.Bədəlbəyli kimi rejissorlar, S.Ələsgərov, S.Hacıbəyov, K.Abbasov, T.Qəniyev tək dirijorlar və digər yaradıcı şəxslər musiqili komediyanın yaradılması və formalaşdırılması ilə yanaşı, Azərbaycan milli teatrının və mədəniyyətinin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərərək, səhnə sənətinin yaşadılmasında fədakarlara çevriliblər.

 

* * *

 

Hər bir səhnə əsərinin keyfiyyəti, təbii ki, ilk növbədə məşqlərin necə keçirilməsindən də asılıdır. Xalq artistlərindən Afaq Bəşirqızı ilə Fatma Mahmudovanın, əməkdar artist Gülnar Salmanovanın və digərlərinin məşqlərə necə ciddi və məsuliyyətli yanaşdıqlarının şahidinə çevrildik. Baletmeystrlərdən LeylaZakir Ağayevlərin, xormeystr Vaqif Məstanovun məşqlərində, həmçinin idarəetmə pultu arxasındakı Sevda Məmmədovanın, eləcə də işıq sexində Səbuhi Sadıqovun səhnə sənətinə məhəbbətlərini hiss etdik. Gənc aktyor Hüseyn Əlili ilə qrim sexinin rəhbəri Aybəniz Hüseynova da səhnənin və obrazın tələblərini yerinə yetirməyin vacib olduğunu bildirdilər. Baş inzibatçı Sücəddin Sadıqov isə teatr kollektivinin onlar üçün dövlət tərəfindən yaradılan yüksək şərait müqabilində daha fədakarcasına çalışacaqlarını və buna borclu olduqlarını bildirdi.

Bu teatrda ədəbi nəsillər görüşüb. Müxtəlif zamanlarda tamaşaçıların zövqünü, dövrlərin ictimai tələblərini nəzərə alan klassiklərlə yanaşı, səhnəyə yeni və iddialı addımlarla gələn nəsilləri burada ancaq bir amal birləşdirib: milli mədəniyyətimizin qorunub saxlanmasında əsas və vacib sahələrdən biri olan teatrın qapıları daim açıq, tamaşaçı zalı dolu, səhnənin işıqları yanar olsun.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 23 fevral.- S.4.