Xocalılıların sorağı ilə...

 

Üzü dağlara, sinəsi dağlılara tərəf

 

 

Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, isti ocaq idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən  ağbirçək bir ana idi Xocalı!

Xocalının adı çəkiləndə sinələr dağlanır, yollar bağlanır... Xocalı bağrı yarılan, baxışlarından məsumluq yağan qızcığaz,  xınalı əli, qırmızı gərdəyi qana boyanan gəlin, balalarına və nəvələrinə əli yetməyən, yaşmaqlı ağbirçək nənə kimi də yazıldı yaddaşlara...

 

 

 

Xocalı tariximizin daş yaddaşı idi

 

 

Xocalı adı 22 ildir ki, nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta ondan min kilometrlərlə uzaqdakı soydaşlarımızın dilinin əzbərinə, dodaqlarının ağı-bayatısına çevrilib. Xocalı müsibətini yaşayana qədər bu qədim türk-oğuz yurdunu yaxşı tanımamışıq. Çünki bizə sovetlər dövründə saxta tarix öyrədiblər. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Şuşadan 18, Xankəndidən isə 12 km şimal-şərqdə, Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun üstündə, bir sözlə, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir. Xocalı  qədim türk  sözü olan "xoca"dan yaranıb və türkdilli xalqların dilində hörmətli, möhtəşəm, müqəddəs sayılan  şəxslərə deyilib. Ona görə orta əsr mənbələrində Xocalı ərazisi "müqəddəs yurd", "müqəddəs qərb" də adlandırılıb. Bu kimi tarixi faktları özündə qoruyub saxlayan Xocalıya məxsus maddi-mədəniyyət nümunələri isə sovetlər dövründən, təəssüf ki, Azərbaycandan çox-çox uzaqlarda - Moskva, Sankt-Peterburq, London, Paris, Drezden kimi dünyanın məşhur muzeylərinin eksponatlarına çevrilib.

Xocalının taleyi onsuz da əvvəldən gətirməyib.1918-20-ci illərdə Yerli Xocalı salındıqdan sonra təqribən XX əsrin 20-30-cu illərinin əvvəllərində Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya edilən soydaşlarımız Xocalıya pənah gətirib və onlar Xocalı çayının sağ, Qarqarın isə sol sahilində, çar Rusiyası dövründə "Poçt yeri" kimi tanınan ərazidə "Qaçqınlar Xocalısı" (sonralar müəyyən dövrlərdə Dərələyəz adlandırılan) kəndinin əsasını qoyublar. Ötən əsrin 30-cu illərində sovetlərin zorla kolxozlaşdırma və kollektivləşdirmə siyasətini qəbul etməyən, buna görə Laçın və Kəlbəcər rayonları ərazilərindən bura pənah gətirən soydaşlarımız isə Qaladərəsi Xocalısı adlanan kəndin bünövrəsini qoyublar. Demək,  hələ sovetlər dövründə Xocalı camaatı qaçqınlığın ağrı-acısını yaşayanlardandır. Burada bir sovetliyin tərkibində  üç kənd (Yerli Xocalı - Qədim Xocalı, Qaçqınlar Xocalısı - Dərələyəz və Qaladərəsi Xocalısı) birləşib.

 

 

 

Xocalının "dillər əzbəri"nə çevrilməsinin səbəbi

 

 

Xocalının dillər əzbəri olması, təəssüf ki, onun yalnız qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən dəhşətli faciəsini yaşaması, xocalılıların isə bir gecədə  ermənilər tərəfindən işgəncələrlə, həm də amansızcasına qətlə yetirilmələridir.

Xocalı faciəsindən ötən 22 il ərzində düşmən nəinki layiq olduğu cəzanı alıb, üstəlik, havadarlarının maddi və hərbi gücünə arxalanaraq Azərbaycanın  ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizini işğala məruz qoyub. Bu təcavüz bir milyon 200 min nəfərdən artıq azərbaycanlını (Qərbi Azərbaycandan qovulanlarla birlikdə) qaçqın-köçkünə çevirib. Bir sıra beynəlxalq nüfuzlu təşkilatlar bu təcavüzkar siyasəti pisləyən bəyanatlar versə də, işğalçı  Ermənistan hələ də ciddi sanksiyalara məruz qalmayıb, yaxud münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda  tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəkmir.

Doğma yurd-yuvalarından perik düşən xocalılılar respublikanın 48 rayonunda müvəqqəti məskunlaşıblar. Digər məcburi köçkünlərimiz kimi, onlar da dövlət və hökumətin göstərdiyi diqqətlə qayğını yüksək dəyərləndirirlər. Yaxşı bilirlər ki, Azərbaycanla təcavüzkar Ermənistanın keçdiyi inkişaf yolu müqayisəolunmaz dərəcədə fərqlidir. Azərbaycan iqtisadi inkişafda, Ermənistan  isə bütün sahələrdə həmin sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksizdir!

 

 

 

Xocalılılar bu gün də düşmənlə üz-üzədir

 

 

Xocalılılar əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Xocalı rayonunun Kosalar kənd həkim  ambulatoriyasının baş həkimi Aqil Məmmədov qışın oğlan çağında Murovdağın ətəklərinə sığınan kəndlərə - Başkənd və Buzluğa, yaxud Ballıqayayadək - düşmənin iki addımlığınadək uzanan yolların qardan-buzdan təmizləndiyini bildirir, üstəlik, havanın dumanlı olmasına da özünəməxsus bədii  rəng verir: "Dağların başı dumanlı-qarlı, ətəyi isə barlı olar. Bu yerlərdə məskən salanlar ermənilərlə üz-üzə dayandıqlarına görə təbiətin hərdən  göstərdiyi şıltaqlıq da onları qorxutmur. Belə vəziyyətdə yaşayanlar igid insanlar olur. Bu cənnət guşədə bir vaxtlar "ermənilər at oynadıb", ona görə də yollarını azdılar, özlərinə qəbir qazdılar"...

Aqil Məmmədov Qaraçinar kəndindən qalxan yolun kənarındakı qəsəbəni göstərib dumanlı xəyalından ayrılır: "...Bu qəsəbə Xocalının Meşəli camaatı üçün salınıb. Bir vaxtlar bu camaat Qırxqız dağının ətəklərində əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdi. 2008-ci ildə salınan bu yeni qəsəbənin də dağlıq  ərazidə olması onların təbiətlə ünsiyyətinə imkan yaradıb.

Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri Meşəlidən Miryusif  Orucov oldu. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq  sovet-erməni  quldur birləşməsi cəmi 150-300 sakini olan Meşəli kəndini mühasirəyə aldı. Meşəlililərə köməyə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerlə yeksan etdilər. O qanlı döyüşlərdə 27 nəfər  kənd sakini vəhşiliklə qətlə yetirildi. Yaralılar da az deyildi. Daşnak-quldurlar amansızcasına qətlə yetirdikləri  11 nəfərin meyitinə hətta od vurub yandırmışdılar".

Meşəlinin qorunmasında  göstərdiyi qəhrəmanlığa görə  ağdamlı Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına, Əli Mehralıyev və Rafiq Orucov isə "İgidliyə görə" medalına layiq görülüblər.

 

 

 

Ailəsini Xocalıda itirmiş Abbasqulunun yaddaşı özünə qayıtdıqca...

 

 

Xocalıda və ümumiyyətlə Qarabağda torpaqların müdafiəsində dayanan, lakin  ermənilərin  qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən bu qəsəbədə də az deyil. Onlardan biri  keçmiş döyüşçü, Meşəlidə məskunlaşan Xocalı sakini Abbasqulu Əzimovdur. Keçdiyi döyüş yolundan söz açarkən əsəbləri tarıma çəkilən Abbasqulu kişi erməniləri ancaq lənətləmir, bu günonlardan qisas almaq üçün imkan istəyir. Hiss olunur ki, o, kontuziya alıb. Dərdini yumağa çevirən Abbasqulu  deyir ki, çox ağır bir həyat keçirib. Çünki düşmənin çirkin siyasəti onun  dinc həyatını, əmin-amanlığını, yaşayışını, bir sözlə, hər şeyini əlindən alıb: "Torpağımı, ailə-uşağımı əlimdən alan düşmənlə mən necə barışa bilərəm?! Ermənilər məni yaxşı tanıyırdı! Onlarla üzbəüz döyüşmüşəm! Döyüşlərdən ağır zərbə aldığım üçün illərdir ki, xəstəyəm. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni itirəndən sonra sanki havalanmışam. Əvvəllərdən məni yaxşı tanıyanlar indi tanımazlar. Gecələr yuxum ərşə çəkilib, az qala gecələr evdən çıxıb qaçıram, istəyirəm ki, aşam bax bu təpələri. Gedəm torpağımın, ev-eşiyimin, itirdiyim yurdumun, oğlumla ailəmin qisasını alam!"

Onun itirdikləri yalnız bunlar deyil. Qardaşı ilə qaynı da düşmən tərəfindən amansızcasına qətlə yetiriliblər. Özü demişkən,  saymaqla qurtarmayan itkilərə məruz qalıb: "Sovet ordusunun zabiti olmuşdum. Onların silahlarının, ağır hərbi texnikalarının "dilini" bilirdim. Sankt-Peterburqda Murmanskda hərbi məktəbdə oxumuşdum. Dəniz piyadaları qoşun növündə xidmət göstərmişdim. Sonradan üstümüzə qoşun yeridən şovinistləri o zamanlar, təəssüf ki, dəfələrlə ölümün pəncəsindən xilas eləmişdim. Xocalı    Qarabağ uğrunda gedən döyüşlərdə, eləcə digər rayonların müdafiəsində, həmçinin Ağdərənin boşaldılmasında iştirak etmişəm. Döyüş dostlarımın çoxu şəhid olub".

Meşəlidən keçib üzü dağlara yollanırıq. Qışın bu çağlarında  dağlara aparan yolların qar-buzdan təmizlənməsinə təbiətin  mərhəmətindən pay düşüb:  çillələr öz yerini "boz ay"a verdiyindən dağlara yağan qarın ömrünə sanki qənim kəsilib. Əriməkdə olan qarın altından boylanmağa, cücərməyə can atan danaqıran, peşəməngül (el arasında ona qarəməngül deyirlər)  qaranquşlar kimi, yaşıldonlu baharın gəlişindən soraq verir. Belə olanda  torpaq da cana gəlir, onu əkib-becərən insan övladı kimi. Həyət-bacalardakı canlanma da  məhz təbiətin dağlarda qış yuxusundan erkən oyanışı ilə bağlıdır. Bunu da yolüstü baş çəkdiyimiz insanlar deyirlər.

 

 

 

Qoşa oğul itkisi, yaxud bir nəslin faciəsi

 

 

Aşağı Ağcakənddə  görüşdüyümüz Almaz Səlimova da faciənin canlı şahidlərindən biri olub. Digərləri kimi, o da bir vaxtlar Xocalının bəxtəvər gəlinlərindən sayılıb. Deyir ki, o dəhşətli günə kimi gecələri evlərin zirzəmisində keçib, gündüzlər döyüşlərdə olanların yolunu gözləyiblər: "Üç oğul atası olan əmim Bahadur Səlimovun iki gəlinindən biri idim. Oğlanları ilə birlikdə düşmənlə üz-üzə idi. Döyüşlərin birində əmim iki oğlu ilə şəhid oldu. O biri əmimin 5 qızı, bir oğlu var idi. Həmin qızlar Xocalı müsibətlərindən salamat çıxsalar da, əmimlə tək oğlu şəhid oldu. Xocalının odlara qalandığı o müdhiş gecədə kiçik qaynım evə gəldi. Həyəcandan boğula-boğula evi təcili tərk etməli olduğumuzu  bildirdi. Böyük qaynım, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun uşaqlarını yarıçılpaq halda yataqdan götürüb evdən çıxdıq üzü meşələrə tərəf. Yollarda yaşadıqlarımızı danışa bilmirəm. Üzləşdiyimiz müsibətlər dilə gətiriləsi deyil"...

Xocalıda, ümumiyyətlə külli Qarabağda itirilən hər varsa müqəddəsdir, əvəzsizdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə , yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir. Almaz Səlimova əmisi arvadının,  yəni qayınanasının çəkdiyi bayatı-ağıları da dilə gətirə bilmir, qəhər onu boğur: "...Oğlanlarını ömür-gün yoldaşını itirən bir ana cəhənnəm əzabı yaşadı. Balalarının birini "balalı balam", o birisini "balasız balam", "toy xınası yaxılmayanım" deyə haray çəkirdi. Heç ilə ovundura bilmirdik. Dözə bilmədi bu itkilərə, onu da itirdik. Deyirdi ki, kaş oğlanlarımdan biri qalıb nəsil-kökü yaşadaydı. Mən isə tamamilə özgə cür fikirləşirəm: kaş Tanrı bizim ailəyə  bir övlad-uşaq verəydi, o da döyüşüb şəhid olaydı, atası kimi. Belə olsaydı, mən səbir tapar, torpaq uğrunda bala verən analardan sayılardım".

Amma Almaz Səlimovanın təsəllisi var. Deyir ki, Qarabağımızı qaytarmağa qadirik. Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, düşmən o torpaqlardan çıxarılacaqdır.

...Aşağı Ağcakənddə axşam düşür. Murovun zirvəsindən ətəklərinə doğru sallanan boz duman bu yerlərdə səngərə yatmayan, qorxmaz, cəsur əsgərlərin ayaqlarına sürünür. Necə deyərlər, burada cığırlar yollara, yollar isə qollara haçalanır.

Durna qanadlı xəyal insanı bu yerlərdən haralara aparmır ki...  Biz üzü Murova, Kəpəzə... doğruyuq. Bir zamanlar  istirahət məskəni kimi tanınan, cənnətmisal Hacıkənd 20 ildən artıqdır ki, qaçqın-köçkün taleli insanların sığınacaq yeridir. Xocalılıların sorağı ilə yolumuz üzü dağlara, sinəsi dağlılara tərəfdir...

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 23 fevral.- S.6.