Beynəlxalq konfrans
iştirakçıları Quba
Soyqırımı
Memorial Kompleksini
ziyarət etmişlər
Bakıda keçirilmiş "Xocalıya ədalət!" kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda II Beynəlxalq konfransın iştirakçıları fevralın 22-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, Türkiyə, İsrail, Ukrayna, Belarus və Moldovadan olan konfrans iştirakçılarına xalqımıza qarşı törədilmiş soyqırımının bariz nümunəsi olan Quba kütləvi məzarlığı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığında əksəriyyəti uşaq, qadın və qocalar olan 400-dən çox insanın sümükləri tapılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Məzarlıqda gördüklərindən dəhşətə gəlmiş nümayəndə heyətinin üzvləri Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Moldova ombudsmanı xanım Aureliya Qriqoriu jurnalistlərə müsahibəsində bildirmişdir ki, insanlığa qarşı cinayət olan bu soyqırımı faktlarına beynəlxalq hüquqi qiymət verilməlidir. "Azərbaycan xalqına qarşı soyqırımı törədilməsini təsdiqləyən bir çox faktlar göz önündədir. Soyqırımı faktını təsdiq etmək azdır. Beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ qaldırılmalı, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında qanlı əməllərinə görə cavab verməlidirlər", - deyə Moldova ombudsmanı vurğulamışdır.
Xanım Aureliya Qriqoriu müsahibəsində qeyd etmişdir ki, Qubada aşkarlanmış bu məzarlığa alimlərdən, tarixçilərdən, eləcə də sırf soyqırımı faktlarını araşdırmaqla məşğul olan beynəlxalq ekspertlərdən ibarət qrup dəvət olunmalıdır.
Qonaqlar ziyarət zamanı Quba Soyqırımı Memorial
Kompleksinin xatirə kitabına ürək
sözlərini yazmışlar.
Azərbaycan.-2014.- 23 fevral.- S.7.