Sənaye ilinə dair
ilk elmi əsər
"Ölkəmizin qarşısında duran
başlıca vəzifə - iqtisadiyyatın bundan sonra da
sürətli inkişaf etdirilməsi, siyasi islahatların
keçirilməsi, ölkənin modernləşdirilməsidir."
İlham
ƏLİYEV
Azərbaycan XX əsrin ikinci yarısından
başlayaraq kənd təsərrüfatı ölkəsindən
aqrar-sənaye dövlətinə çevrildi və XXI əsrdə
neft bumunun təsiri altında yeni sənayeləşmə mərhələsinə
qədəm qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan yeni sənayeləşmə prosesi öz bəhrəsini
verməkdədir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2014-cü ili
"sənaye ili" elan etməsi sənayenin resurslara deyil, səmərəliliyə
əsaslanan inkişaf xəttinin seçilməsinin göstəricisidir.
Azərbaycan iqtisadiyyattının
modernizasiyası sənayeləşmə və
elektronlaşmanın üzərində dayanıb. İqtisadi modernizasiya düşüncə və
davranış tərzi, institusional mühit və texnoloji səviyyənin
təkmilləşmə prosesidir. Son 300 il
ərzində iqtisadi modernizasiya daim sənaye inqilabları ilə
sıx dialektik vəhdətdə olmuşdur.
Müasir siyasi, elmi və gündəlik həyatda
"modernizasiya" anlayışından çox geniş
istifadə edilir. "Modernizasiya" hərfi mənada
müasir tələblərə cavab verən dəyişiklik,
təkmilləşdirilmə deməkdir. İqtisadi
modernizasiya ilk növbədə, mütərəqqi dünya təcrübəsinə
əsaslanaraq ölkədə iqtisadi və texnoloji geriliyin
aradan qaldırılması istiqamətində tədbirləri
özündə əks etdirir. Ədəbiyyatlarda,
kütləvi informasiya vasitələrində
modernizasiyanın siyasi, sosial, dini, iqtisadi, texnoloji, inzibati və
digər növlərini ayırırlar. Modernizasiyanın
əsas ümumi məqsədi isə müasir cəmiyyətin
qurulmasıdır.
İqtisadi modernləşdirmə əmək
bölgüsünün dərinləşməsi,
istehsalın maddi-texniki bazasının müasirləşdirilməsi,
elmi-texniki tərəqqinin məhsuldar qüvvəyə
çevrilməsi və istehsalın idarəetmə sisteminin səmərəliliyinin
yüksəldilməsi sayəsində təkrar istehsal
prosesinin intensivləşdirilməsini nəzərdə tutur.
İqtisadiyyatın
modernizasiyası, onun məqsəd və vəzifələrinin
səmərəli həyata keçirilməsi
üçün ölkədə dövlət
başçısının 2012-ci il 29
dekabr tarixli fərmanı ilə "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası təsdiq
edilmişdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas
götürülmüş, iqtisadiyyatın rəqabət
qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi,
qeyri-neftixracının artımı və
s. nəzərdə tutulmuşdur.
Prezident
İlham Əliyev sənayenin modernləşdirilməsi və
qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi
ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin,
sənaye parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafının
təmin edilməsi imkanlarının formalaşdırılmasını
prioritet olaraq müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal
Qasımlı tərəfindən hazırlanmış
"İqtisadi modernizasiya" kitabı modernizasiya prosesinə
dair yuxarıda qeyd etdiyimiz cəhətləri özündə
əks etdirir. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə
iqtisadiyyatının beynəlxalq müstəvidə rolu,
ölkənin gələcək inkişaf perspektivləri, yeni
sənaye inqilabı məsələləri, modernləşdirmənin
nəzəri-metodoloji əsasları, xüsusilə də,
aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin
təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi
xüsusiyyətləri öyrənilmiş, istehsalın
modernləşdirilməsində əmək qüvvəsinin və
aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi
inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin
təkmilləşdirilməsi tədqiq olunmuşdur. "İqtisadi modernizasiya" kitabı sənaye
ilində bu sahədə ilk fundamental tədqiqat işi oldu.
Monoqrafiyanın unikallığı ondadır ki, əsər
iqtisadiyyatın mikro, makro, mezo və qlobal səviyyələrində
modernizasiyanı axıcı ardıcıllıqla əhatə
edir və sənaye-aqrar-xidmət
üçbucağını induksiya-deduksiya metodu ilə
araşdırır. Müəllifin arsenalında olan
güclü ekonometrik "silah" hətta ən
dolaşıq iqtisadi düyünləri sadə dillə
açır və çıxış yollarını
göstərir. Riyazi məntiqin və
iqtisadi fəlsəfənin qovuşmasında V.Qasımlı
Azərbaycan iqtisad elmində yenilik sayılacaq yanaşma tərzini
bu kitabda ortaya qoymuşdur. Amma güclü
nəzəri hazırlıq heç də
V.Qasımlını praktik təkliflər verməkdən məhrum
etməmişdir. Əksinə, müəllif
bacarıqlı alim kimi nəzəri ümumiləşdirmələri
çox asanlıqla praktik təcrübə müstəvisinə
proyeksiya edə bilmiş və kitabın yetkin bir elmi əsər
olmasını təmin etmişdir. V.Qasımlı
sənayeləşməni klassik anlamında deyil, məhz
"yeni sənaye inqilabı" kontekstində təqdim etməklə
Azərbaycanın iqtisadi inkişaf strategiyası
üçün elmi novatorluğa imza atmışdır.
Aqrobiznesin və xidmət sektorunun yeni sənaye
inqilabı dalğasında keyfiyyət dəyişikliyinə
qədəm qoyması ilə iqtisadi münasibətlərin
daha da inkişafı təhlil edilmişdir. V.Qasımlı modernizasiyadan, iqtisadi nəzəriyyənin
öhdəsindən gələ bilmədiyi bir suala cavab
tapmaqda vasitə kimi istifadə etmişdir. Başda ABŞ olmaqla inkişaf etmiş dünya
ölkələrinin fiskal və monetar genişlənmə
(QE) hesabına təmin etdikləri hazırkı iqtisadi
inkişaf çox kövrəkdir. V.Qasımlı
modernizasiyanı postböhran dövründə (məsələn,
ABŞ Federal Ehtiyat Sistemi QE siyasətindən əl çəkəndən
sonra) iqtisadi inkişafın əsas vasitəsi olaraq təklif
edir ki, bu da monetar və fiskal alətlərin təsir
gücü zəifləyəndə daha aktual olacaqdır.
V.Qasımlının "İqtisadi modernizasiya"
kitabı bundan bir il əvvəl müəllifin Almaniyada
ingilis dilində nəşr edilən "Resursla zəngin
ölkələr: Modernizasiya və diversifikasiya" adlanan
monoqrafiyasının elmi varisidir. "Resursla zəngin
ölkələr: Modernizasiya və diversifikasiya" adlanan
monoqrafiyada müəllif Azərbaycan təcrübəsindən
çıxış edərək resursla zəngin ölkələrin
innovasiyaya əsaslanan və ixracyönümlü
inkişafını təhlil edir. Nəşrdə
Azərbaycanın yoxsulluq və orta gəlir tələsindən
yan keçərək iqtisadi inkişafı ölkə
Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasətinin
uğuru kimi qiymətləndirilir. Xüsusilə,
diversifikasiya çağırışlarını təhlil
edən V.Qasımlı institutsional, ixrac, regional, məhsul və
xidmət istehsalı üzrə şaxələndirmə
siyasəti sahəsində nəzəri-praktik təkliflərini
verir. Azərbaycan və Cənubi Koreyanın iqtisadi
inkişaf yollarının müqayisəli təhlilini verən
kitab təkcə Azərbaycan deyil, Çili, Malayziya, Hindistan
və başqa sürətlə inkişaf etməkdə olan
ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər.
Azərbaycanda
sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya
üzrə orta göstəricini - 30,5 faizi
- təxminən iki dəfəyə yaxın üstələyir.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının
məlumatına əsasən, Azərbaycan Avropada sənayenin
ÜDM-dəki payına görə 2010-cu ildə 1-ci yerdə
olub. Həmin ili Azərbaycanda sənayenin ÜDM-dəki
xüsusi çəkisi 55,4 faiz olub ki, bu
da ən yaxın avropalı rəqib Norveçin eyni göstəricisindən
- 35,1 faizdən 20,3 punkt yüksəkdir. Azərbaycanın
MDB-dəki ənənəvi rəqibləri Qazaxıstan və
Rusiya da iqtisadiyyatın sənayeləşmə səviyyəsinə
görə müvafiq olaraq 34 faiz və 28,2
faizlik göstəricilərlə ölkəmizdən xeyli
geridə qalırlar. Monoqrafiyada qeyd olunur ki, Azərbaycanda
kimya, əczaçılıq, rezin və plastmas məmulatları,
neft məhsulları, tikinti materialları, metallurgiya, hazır
metal məmulatları, kompyuter və digər elektron
avadanlıqlar, elektrik avadanlıqları, maşın və
avadanlıqların istehsalı, elektrik enerjisi (o cümlədən
alternativ mənbələr hesabına), qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı,
su təchizatı, tullantıların təmizlənməsi və
emalı, həmçinin kosmik sənaye kimi sahələrin
inkişaf potensialı var.
V.Qasımlı monoqrafiyada bildirir ki, Azərbaycan yeni sənayeləşmə
dövrünə qədəm qoymuşdur. Bu mərhələnin əsas
xüsusiyyətləri sənayenin regionlarda inkişafı,
innovativlik və ətraf mühitə təsirlərin
azaldılması, həmçinin iqtisadiyyatın rəqabət
qabiliyyətinin və sənaye ixracının
artırılması və yeni iş yerlərinin
açılmasıdır. Bunun
üçün münasib institutsional mühit və
makroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında
inkişaf təmayüllərinin saxlanılması vacibdir.
Məhz sənayeləşmə magistral xətti
Azərbaycan iqtisadiyyatının digər sektorlarının -
kənd təsərrüfatı və xidmət seqmentinin gələcək
inkişaf trayektoriyasının formalaşmasına əhəmiyyətli
təsir göstərəcək. Azərbaycan
inkişaf etmiş sənaye dövlətlərinə xas
iqtisadi struktura doğru istiqamət alıb.
V.Qasımlının yazı texnikası və Azərbaycan
dilinin incəliklərindən istifadə etmək
bacarığı imkan vermişdir ki, müəllif ən qəliz
iqtisadi paradiqmaları və ekonometrik hesablamaların nəticələrini
geniş oxucu kütləsinin başa düşəcəyi səviyyədə
çatdıra bilsin.
Azərbaycanın iqtisadçı alimi kimi
V.Qasımlının dünya çapında müzakirələrə
qoşulması, nüfuzlu xarici universitetlərdə
mühazirələr oxuması və əsərlərinin
mötəbər mənbələrdə nəşr edilməsi
yeni bir iqtisadçı nəslinin yetişməsini göstərir. Əslində,
bu da modernizasiyanın bir təzahürüdür.
Möhtərəm Prezident İlham Əliyevin
apardığı modernizasiya siyasəti - xüsusilə də,
"qara qızılın" insan kapitalına çevrilməsi"
ideyası öz bəhrəsini verir: bütün sahələrdə
olduğu kimi, Azərbaycanın iqtisad elmində də
dünya səviyyəsində rəqabət apara bilən yeni
nəsil formalaşır. İrihəcmli
"İqtisadi modernizasiya" əsəri ilə
V.Qasımlı bir daha sübut etmişdir ki, o, məhz qeyd
olunan yeni nəsil iqtisadiyyat məktəbinin nümayəndəsidir.
V.Qasımlının yeni elmi əsəri Azərbaycanda
sənayeləşmə və elektronlaşma siyasətinə
öz töhfəsini verəcəkdir. Kitab iqtisadi modernizasiya siyasətini
yürüdən qərar qəbul edən şəxslər, ali məktəb müəllimləri,
doktorantlar, tələbələr və iqtisadi mövzularda
maraqlı olan geniş oxucu kütləsi üçün zəruri
bir bilik mənbəyidir.
Vilayət
VƏLİYEV,
İqtisadiyyat və Sənaye
Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2014.- 23 fevral.- S.8.